1,6 milyard manatlıq məhsul, 122,2 min hektarda yazlıq bitkilərin səpini
Kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafını və əhalinin ərzaq təhlükəsizliyini təmin etmək, ümumi rifahı artırmaq baxımından olduqca vacib sahədir.
Bu hədəflərə çatmaq üçün müasir texnologiyaların tətbiqi, sosial və iqtisadi dəstək, su və əkinçilik texnikası, infrastrukturun inkişafı kimi amillərin olması vacib və əsas şərtdir.
Bu baxımdan Azərbaycanda da son dövrlər kənd təsərrüfatının modernləşməsi üçün ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı layihələrə geniş meydan verilir. Bunun nəticəsidir ki, iri biznes qurumlarının, eləcə də kiçik və orta sahibkarların - fermerlərin kənd təsərrüfatı sektorunda xüsusi fəallığı müşahidə olunur. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirən fermerlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxından iştirak edirlər. Bu da ölkədə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalına, ümumi ixracda kənd təsərrüfatı mallarının payının artmasına səbəb olur.
Faktlara müraciət edək. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk rübündə ölkə üzrə 1 milyard 602 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çoxdur. Həmin vəsaitin 1 milyard 510 milyon manatlığı heyvandarlıq, 91,5 milyon manatlığı isə bitkiçilik məhsullarının payına düşür.
Havalar isindikcə ölkədə yaz-tarla işləri sürətlənir. Cari ilin birinci rübündə 122,2 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. İlin əvvəlindən 24 min hektarda dənli və dənli-paxlalı bitkilər (ondan 5,1 min hektarı dən üçün qarğıdalı), 26,9 min hektarda tərəvəz, 26,1 min hektarda kartof, 3,9 min hektarda bostan bitkiləri, 3,1 min hektarda dən üçün günəbaxan, 1,6 min hektarda şəkər çuğunduru, 0,1 min hektarda pambıq, 33,1 min hektarda çoxillik, 3,4 min hektarda birillik otlar əkilib.
İstehsala gəldikdə, hesabat dövründə təsərrüfatlarda 110 min ton tərəvəz məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur.
Heyvandarlıq və quşçuluq sahəsindəki vəziyyətlə bağlı rəqəmlər də süd istehsalı istisna olmaqla müsbətdir: 3 ay ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 141,6 min ton ət, 502,8 min ton süd, 583,1 milyon ədəd yumurta istehsal edilib. 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7, yumurta istehsalı 2 faiz artıb, süd istehsalı isə 0,3 faiz azalıb.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"