Elmin inkişafında əməyi böyük, yeri əvəzedilməz olan ədəbiyyatşünas, dilçi, şərqşünas-filoloq, pedaqoq Əkrəm Cəfərin anadan olmasından 120 il ötür. O, 1905-ci ilin mayında İsmayıllının Lahıc kəndində dünyaya göz açıb. İlk təhsilini mollaxanada alan Əkrəmə həmin məktəbdə yalnız "Qurani-Kərim"i oxutmadılar, ərəb və fars dillərini də öyrətdilər. Sonra yeni üsullu məktəbdə oxudu. Təhsil üsulu ilə bir-birinə bənzəməyən bu iki məktəb balaca Əkrəmin həyatında və dünyagörüşünün formalamasında böyük rol oynadı.
1920-ci ilin oktyabrında Bakıya gəlməkdə məqsədi təhsilini davam etdirmək idi. Darülmüəlliminə daxil oldu. Həmin məktəbi 1925-ci ildə başa vurdu. İki ilə yaxın Lənkəran şəhərində, sonra Qazax Pedaqoji Texnikumunda müəllim kimi fəaliyyət göstərdi. Bu peşəni çox sevirdi. Müəllimlikdən sonralar da ayrılmayacaqdı. Ancaq hələ Darülmüəllimin tələbəsi ikən ədəbiyyata sevgisini və marağını "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında dərc olunan şeirləri ilə ifadə edirdi.
Darülmüəllimində oxuduğu illərin yaddaşında əbədi iz saldığı xatirələrində onu kövrəldən bir sima da vardı. Əkrəm Cəfər yada salırdı: "O zaman "Qubernator bağı"nda Belinski adına uşaq kitabxanası vardı. Burada cümə günləri "Cocuqlar sabahı" keçirilirdi. Məktəblilər hər cümə günü buraya yığışıb bədii çıxışlar edirdilər. Mən də "Cocuqlar sabahı"na gedirdim, çıxış edən uşaqlara tamaşa edirdim. Uşaqlar arasında bir əsmər oğlan da gözə dəyirdi. Onun şeir oxuması mənə çox xoş gəlirdi. Həmin oğlanın özünəməxsus pafosu, əl-qol, baş və mimika hərəkətləri mənə xüsusi təsir bağışlayırdı. Bir dəfə yığıncaqdan sonra bir-birimizə yaxınlaşdıq, tanış olduq. Mən də o zaman şeirə bərk aludə idim. Bizi bir-birimizə bağlayan, sevdirən də hər ikimizin şeirə məhəbbəti idi. 1922-1923-cü ildə dərs ili başlanmışdı. Bir gün birdən həmin əsmər oğlanı - Mikayılı Darülmüəllimində koridorda gördüm. Gözəl bir sevinc ruhumuzu qapladı. Mikayıl da Darülmüəlliminə oxumağa girmişdi. O gündən biz artıq, sadəcə, tanış deyil, iki yaxın, səmimi dost idik".
Əkrəm Cəfər bu xatirəni ömrünün ahıl çağlarında kövrək duyğularla yada salmışdı. O, yaşa dolmuşdu, yaddaşındakı həmin istedadlı şair - Mikayıl Müşfiq isə elə gənc yaşlarında qalmışdı...
O illər Əkrəm Cəfər də daha çox şair idi. Filologiya elmləri doktoru Vaqif Yusifli deyir ki, 1923-cü ildən 1931-ci ilə qədər Əkrəm Cəfər əsasən mətbuatda şeirləri ilə çıxış etmişdir: "Bir xəyal", "Rəsmin", "Çadralı qadın", "Şərq qadını və işıq", "Gələcəyə", "Şeir", "Zövq içində təhəssür", "Burjuy dilənçi", "Lokomotiv", "Böyük şəhər", "Hüseyn Cavidə açıq məktub"... Təbii ki, bu şeirlərdə o dövrün müəyyən əhvali-ruhiyyəsi hiss olunur".
Əkrəm Cəfər 1929-cu ildə ali təhsil almaq üçün Moskvaya göndərildi. Sovet İttifaqının paytaxtında İkinci Dövlət Universitetinin Rus dili və ədəbiyyatı fakültəsinə daxil oldu. Əla qiymətlərlə oxudu. 1932-ci ildə universiteti bitirdi. Savadına, istedadına və öyrənmək həvəsinə görə onu həmin təhsil ocağında müəllim saxladılar və aspiranturaya qəbul olundu. Əkrəm həmçinin təhsil aldığı illərdə fəallığı ilə də seçilirdi. O, 1929-1931-ci illərdə universitetdə oxuya-oxuya Moskva Proletar Yazıçılar Cəmiyyəti Azərbaycan bölməsinin katibi seçildi, Maksim Qorki adına Ədəbiyyat İnstitutu, Moskva vilayəti axşam və qiyabi pedaqoji institutlarında ümumi dilçilik fənnindən dərs dedi. Gənc Əkrəm aspiranturanı 1935-ci ildə bitirsə də, Moskva ilə dərhal vidalaşmadı. Orada iki ilə yaxın elmi işçi kimi fəaliyyət göstərdi. Bakıya 1937-ci ildə gəldi. Əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti), sonra isə Azərbaycan Dövlət Universitetində (hazırda Bakı Dövlət Universiteti) kafedra müdiri vəzifəsində çalışdı. Elmi fəaliyyətinin ilk uğurlarından biri 1941-ci ildə müdafiə etdiyi "XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri - 1905-1936-cı illər" adlı namizədlik dissertasiyası oldu.
Ancaq həmin illər onu izləyən, arzularına tərcüman olan yalnız uğurları deyildi. Sovet hökumətinin repressiya burulğanı onun da həyatını təlatümlərə saldı. Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiq kimi xalqının təəssübkeş və istedadlı övladları ilə əlaqələrinə görə Əkrəm Cəfər 5 sentyabr 1942-ci ildə həbs edildi. O, Kuybışev şəhərində yerləşən həbs düşərgəsinə göndərildi. Sonralar Krıma köçürüldü. Azadlığı əlindən alınan gənc alimi həbs düşərgələrində gördüyü məşəqqətlər sındıra bilmədi. Lakin elmi fəaliyyəti məhdudlaşdırılan istedadlı alimin həmin illərdə neçə-neçə araşdıması yarımçıq, əsərləri yazılmamış qaldı.
1949-cu ildə sürgün cəzası bitdi. Amma sürgündən əvvəlki həyatına dönməyə Stalin rejimi imkan vermirdi. Bundan sonrakı cəza vətənindən, ailəsindən uzaqda yaşamaq idi. Əkrəm Cəfər də sürgündən azad ediləndən sonra Azərbacana buraxılmadı. O, Türkmənistanın Mərv vilayətinə getdi. Beş il də orada yaşamalı oldu. Vətəninə yolu "ellər atası"nın ölümündən sonra açıldı. Əkrəm Cəfər 1954-cü ildə bəraət alaraq Azərbaycana döndü. Vətəndə elmi-pedaqoji fəaliyyətini davam etdirdi. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində "Qədim türk yazılı abidələri" fənnindən dərs dedi.
Sürgün illərində çəkdiyi əzablar onu ruhən daha da möhkəmləndirmişdi. Yorulmaq bilmədən araşdırmalarını davam etdirir, yeni əsərlər yazırdı. 1969-cu ildə "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu ərəb, fars, türk, tacik və özbək əruzları ilə müqayisədə" adlı dissertasiyanı müdafiə edərək filologiya elmləri doktoru adı aldı. Bu, alimin Azərbaycan filologiya elminə verdiyi növbəti sanballı töhfə idi.
Əkrəm Cəfərin 1977-ci ildə "Elm" nəşriyyatında çap olunan "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu (ərəb, fars, tacik, türk və özbək əruzları ilə müqayisədə)" əsərini ədəbiyyatşünas alim Vafiq Yusifli onun şah əsəri adlandıraraq yazır: "Bu, elə bir kitabdır ki, klassik poeziya araşdırıcıları onsuz keçinə bilməz. Bu, elə bir kitabdır ki, Yaxın və Orta Şərq filologiyasında bir neçə xalqın əruzu ilk dəfə olaraq müqayisəli üsulla tədqiq olunur. Oxucu və araşdırıcı məhz bu kitab vasitəsilə Yaxın və Orta Şərq poeziyasında işlənən əruz vəzninin bütün qayda-qanunlarını öyrənir. Oğlu Sokrat Cəfər atasının xatirəsinə həsr etdiyi məqalədə yazır ki, bu əvəzsiz tədqiqatın bir nüsxəsi İngiltərə kraliçası Yelizavetanın xahişi ilə Londona göndərilərək Bodlean kitabxanasında saxlanılır".
1954-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda (hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu), sonra isə Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışan görkəmli alim bir sıra beynəlxalq simpoziumlarda və konfranslarda iştirak etmişdir.
Atasının elm yolunu davam etdirən Sokrat Cəfər yazır: "Dilşünaslıq elementləri" (1940), "Müasir Azərbaycan dili oçerkləri" (1941), "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu (ərəb, fars, tacik, türk və özbək əruzları ilə müqayisədə)" (1977), "Mirzə Ələkbər Sabir şerinin qafiyə lüğəti" (2006) kimi monoqrafiyaları, "Füzuli şeirinin vəzni" (1958), "Nəsiminin böyüklüyü nədədir?" (1973), "Hafiz Şirazi qəzəllərinin vəzni haqqında" (1963), "Böyük türk şairi Tofiq Fikrət" (1969), "Türk filologiyasında şeir vəznlərinin bəzi mübahisəli məsələlərinə dair" (1971), "Nəsimi şeirində qafiyə zənginliyi" (1973), "Sabir şeirində iri şəkillər" (1964), "Sabir şerində kiçik şəkillər" (1962) və s. kimi böyük elmi-nəzəri çalışmaları, "Ömər Xəyyam. Rübaiyyat" (1984) kimi poetik tərcümələri, Nizami, Xaqani, Füzuli, Hafiz Şirazi, Sədi Şirazi, Tofiq Fikrət, Hüseyn Cavid, Sabir kimi klassiklərin əsərlərinə yazdığı dərin məzmunlu fəlsəfi şərhlər, "Türk dillərinin öyrənilməsində müqayisəli-tarixi metodun tətbiqi tarixindən" (1957), "Türk dilləri sistemində Azərbaycan dilinin yeri" (1963), "Azərbaycan klassik ədəbi dilinin Azərbaycan dialektlərinə münasibəti" (1958) və s. kimi türkoloji məqalələri Əkrəm Cəfərin şərəfli ömründə nəşrlərinə nail ola bildiyi əsərlərindəndir".
Şair Xəlil Rza Ulutürk isə Əkrəm Cəfər haqqında yazırdı: "Misilsiz ictimai xadim, nəhəng pedaqoq, görkəmli ədəbiyyat nəzəriyyəçisi, gəncliyin böyük dostu, beynəlmiləl əqidəli təfəkkür sahibi olan ustad Əkrəm Cəfərin məşəl kimi yanan qəlbi - Nizami, Dante, Əbdülhəqq Hamid, Füzuli, Şekspir, Sabir, Xəyyam, Hafiz, Əbu Əli İbn Sina, Mayakovski, Nazim Hikmət, Səməd Vurğun, Hüqo, Müşfiq, Mirzə Fətəli, Vaqif, Cabbarlı, Jan Jak Russo kimi elmi-sənət korifeylərinin əbədi məskən saldıqları müqəddəs ocaqlardan biri olmuşdur. Bu cür dahi şəxsiyyətlər Əkrəm Cəfərin təfəkkür asimanında alışıb-yanan günəş təsiri bağışlayırdılar".
Ömrünün ən coşqun illərini sovet rejiminin əsassız ittihamları ilə ağır zindanda, sürgündə keçirən Əkrəm Cəfərə Azərbaycanın yenidən istiqlalına qovuşduğu günləri görmək də qismət oldu. 18 avqust 1991-ci ildə dünyasını dəyişmiş alim İkinci Fəxri xiyabanda dəfn edilmişdir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"