2011-ci ildə unudulmaz müəllimimiz Nəsir
İmanquliyevin 100 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsində bu görkəmli mətbuat xadiminin biblioqrafiyasının hazırlanması barədə
qərar qəbul edilmişdi. Həmin çox vacib iş rəhbərlik etdiyim Jurnalistika Elmi Tədqiqat
Laboratoriyasına tapşırıldığında böyük məsuliyyət, həvəs və sevinc hissi ilə ustadımızın
yaradıcı işinin araşdırılıb tərtibinə başladıq.
Əslində Nəsir müəllim haqqında onun tələbələri
olmuş müəllimlərimdən müsbət fikirlər eşitmişdim. Lakin tərtibatla məşğul olduğum
zaman Azərbaycan jurnalistikasında sözün həqiqi mənasında məktəb yaratmış bu peşəkar
qələm sahibinin necə hərtərəfli şəxsiyyət olduğunu daha yaxşı anlamağa başladım.
Nəsir müəllim yalnız peşəkar jurnalist deyil,
eyni zamanda böyük vətənpərvər, ölkəmizin ictimai-mədəni mühitində geniş yaradıcılıq
izi qoyub getmiş elm xadimi olmuşdur. O, nəinki klassik ənənələrimizə söykənən maarifçilik
fəaliyyəti ilə milli jurnalistikamızda müasir məktəb yaratmış, həm də bu məktəbin
davamçılarını yetişdirməklə özündən sonra böyük yol açmışdır.
Nəsir müəllimin Azərbaycan jurnalistikasının
inkişafında iki istiqamətdə önəmli rolu olub.
Onlardan birincisi indi də uğurla davam edən
nəzəri-elmi məktəbin yaradıcısı olması, ustad müəllim kimi zəngin elmi-pedaqoji
fəaliyyətidir. Birmənalı olaraq vurğulanmalıdır ki, professor Nəsir İmanquliyev
ölkəmizdə jurnalistikanın nəzəri modellərinin öyrənilməsində, eləcə də təcrübədə
tətbiqində böyük əmək sərf etmiş alimdir. O, bugünkü ali jurnalistika təhsilinin
simasını müəyyənləşdirən və xeyli dərəcədə onun təməli sayıla biləcək bir sıra ixtisas
kurslarının yaradıcısı olmuşdur. Hazırda jurnalistika ixtisası üzrə tədris planında
önəmli yer tutan və bir növ, ixtisasın açarı sayılan "Jurnalistikaya giriş” fənni
buna misal ola bilər.
Nəsir müəllim həmçinin tədris etdiyi "Jurnalistikanın
nəzəriyyəsi və təcrübəsi” kursunun praktik əsaslarını hazırlamış, janr müxtəliflikləri
ilə bağlı maraqlı konsepsiyalar irəli sürmüşdür. Bu fənn indi də jurnalistika ixtisası
üzrə tədris bazasında ən önəmli fənn olaraq tədris edilməkdədir.
Nəsir müəllimin bir ziyalı, pedaqoq olaraq
uğuru həm də yetişdirdiyi tələbələrinin Azərbaycan mediasında və ictimai-siyasi
mühitində tutduqları mötəbər yer ilə də özünü göstərməkdədir. Ustadın yetirmələri
ilə qurduğu mehriban, səmimi münasibət modeli indi də müəllim-tələbə ilişkiləri
üçün bir örnək olaraq göstərilə bilər. Müəllim - özünü aydın, işıqlı gələcək üçün
şam kimi əridən bir fədaidir. Zaman keçəcək, həmin tələbələrin bəziləri sonralar
Jurnalistika fakültəsinin müəllimləri olacaqlar, bəziləri isə Azərbaycan jurnalistikasında praktik
fəaliyyətləri ilə özlərinəməxsus iz qoyacaq peşəkarlar kimi imzalarını təsdiq edəcəklər.
Ümumiyyətlə, Nəsir müəllim yetirmələrinin uğuruna, yüksəlişinə ürəkdən sevinməyi
bacaran, onlara daim dəstək verən, irəli çəkən, yol göstərən əsl müəllim örnəyi
idi.
Nəsir İmanquliyevin elmi fəaliyyətində başlıca
məqam İkinci Dünya müharibəsi illərində mətbuatın rolunun tədqiqi olub. Onun namizədlik
dissertasiyası da məhz bu mövzuya həsr edilmişdir. Böyük ustad, eyni zamanda bir
neçə dərs vəsaiti, həmmüəllifi olduğu sanballı monoqrafiyalarla həmin dövr jurnalistikasının
xüsusiyyətlərini təhlil etməkdə idi. Nəsir müəllimin "Qəzetdə xəbər” və "Redaksiya
işinin təşkili və planlaşdırılması” elmi araşdırmaları həmin dövr üçün nəinki aktuallığı
ilə seçilirdi, hətta nəzəri əhəmiyyəti ilə yanaşı, praktik cəhətdən də çox qiymətli
idi. O, eyni zamanda yazıçı və mütərcim kimi də fəaliyyət göstərmişdir. Nəsir müəllim
ordudan tərxis olunduqdan sonra "Kommunist” qəzetində məsul katib və baş redaktorun
müavini kimi fəaliyyət göstərdiyi zamanlar onun təşəbbüsü ilə yaranan ədəbiyyat
dərnəyi bütöv bir şair, yazıçı nəslinin, xüsusən də cəbhə yazarlarının yetişməsində
son dərəcə böyük rol oynamışdır. Böyük Vətən müharibəsi və ondan sonrakı quruculuq
illərində fədakar əməyinə görə müxtəlif orden və medallara, milli mətbuatımızın
inkişafındakı xidmətlərinə görə "Qızıl qələm” mükafatına, əməkdar mədəniyyət işçisi,
əməkdar jurnalist fəxri adlarına layiq görülmüşdür.
İkinci istiqamət isə Nəsir müəllimin birbaşa
peşəkar jurnalist olaraq fəaliyyəti ilə bağıdır. Burada bir məqamı vurğulamaq istərdik
ki, cox az mütəxəssis, ziyalı həm elmi nəzəri sahədə adını unudulmazlar cərgəsinə
əlavə edir, həm də praktikada özünü tam mənası ilə təsdiqləyir. Adətən bir çox hallarda,
akademik-nəzəri biliyi olanlar təcrübə sahəsində bir o qədər parlaya bilmirlər və
ya əksinə. Lakin Nəsir müəllim məhz jurnalistikanın nəzəriyyəsi ilə praktik fəaliyyətin
vəhdətini özündə təcəssüm etdirən nadir ustadlardan idi. Nəsir İmanquliyev jurnalistikada
hamımıza örnək ola biləcək praktik yaradıcılıq məktəbi qoyub getmişdir. O, ömrünün
70 ilini Azərbaycan mediasının formalaşması və inkişafına həsr etmişdir.
Nəsir müəllim öncə öz timsalında müasir jurnalistikamıza
redaktor - şəxsiyyət nümunəsi gətirdi. Bu anlamın dayaq nöqtələri ilk növbədə yüksək
peşəkarlıqla ziyalılığın vəhdətindən ibarətdir.
Nəsir İmanquliyev həm də böyük bir ənənənin
layiqli davamçısı idi. O, əsrin əvvəllərində milli mətbuatın formalaşmasında müstəsna
xidmətləri olan görkəmli publisistlərimizin, ədiblərimizin əmanətini yaşadırdı.
Nəsir müəllim publisistik və ədəbi yazıları ilə yeni dövr jurnalistikasına Həsən
bəy Zərdabi ənənələrini gətirdi. Hər bir işıqlı insan, hər bir ziyalı ətrafına özü
kimi insanlar toplamalıdır ki, ortaya böyük bir iş qoya bilsin. Nəsir müəllim də
öz ətrafına məhz istedadlı, bacarıqlı insanları cəlb edirdi. O bilirdi ki, jurnalistika
özündə nəzəriyyə ilə təcrübənin vəhdətini təqdim edən az sayda spesifik peşələrdən
biridir və bu səbəbdən də auditoriyalarda oxunan mühazirələr, söylənilən nəzəri
fikirlər yalnız o halda yaradıcı potensiala çevrilə bilər ki, güclü təcrübi vərdişlərlə
tamamlansın, sınaq bazasına malik olsun.
Şübhəsiz ki, ötən əsrin 50-60-cı illərində
belə sınaq bazasından danışmaq çətin idi. Və bu zaman sözün həqiqi mənasında Azərbaycan
jurnalistikasında yeni bir səhifə yazıldı: "Bakı” və "Baku” qəzetləri. Bu iki qəzetin
nəşri nəinki həmin dövr üçün ölçüyəgəlməz bir yenilik idi, həm də ali jurnalistika
təhsili alan tələbələr üçün ciddi praktik sınaq meydanı, əsl təcrübə bazası rolunu
ifadə etdi. Bu səbəbdəndir ki, həmin qəzetlər ilk gündən tələbə jurnalistlərin yaradıcılıq laboratoriyasına
çevrildi. Təsadüfi deyil ki, Nəsir müəllimin "şinel”indən çıxan bir neçə peşəkar
jurnalist nəslinin nümayəndələri "Bakı” və "Baku” qəzetlərini özlərinin sənət məktəbi kimi xatırlayırlar.
1958-ci ildə "Bakı” qəzetinin nəşri ilə milli
mətbuat tariximizdə tamamilə yeni tipli mətbuat orqanı - axşam qəzeti həyata vəsiqə
qazandı. Bu bir ilk idi və 30 il bu qəzetin redaktoru olan Nəsir müəllim yorulmadan,
usanmadan "Bakı” qəzeti ilə milli mətbuat tariximizə peşəkar jurnalistikanı, dəqiq,
qərəzsiz informasiyanı, maarifçilik ruhunu, milli-mənəvi dəyərlərə hörmət hissini
gətirdi. "Bakı” qəzeti təkcə tələbələrin təcrübə bazasına çevrilmədi, o həm də sənət-söz
adamlarının, xüsusən də gənc yazarların, tədqiqatçı alimlərin üz tutduqları etibarlı
ünvan idi.
Nəsir müəllimin media ilə bağlı təsəvvürləri
zamanı qabaqlayırdı. Onun informasiya işinə haqlı olaraq son dərəcə ciddi önəm verməsi
Azərbaycanda xəbər jurnalistikasının müstəqil sahə olaraq inkişafına da ciddi təkan
oldu. Razılaşarsınız ki, sovet ideologiyasına tam şəkildə bağlı odövrkü mətbuatda
məhz Kommunist Partiyasının "təbliğat və təşviqat” elementləri qabardılırdı. "Bakı”
və ardınca da nəşrə başlayan "Baku” qəzetləri isə məhz xəbər jurnalistikası kimi
peşəkar yanaşmanı ortaya qoymuş oldu. Tam əminliklə söyləyə bilərik ki, Nəsir müəllim
müasir Azərbaycan jurnalistikasında informasiya xidmətinin yüksək statusunun bərpasına
nail ola bildi. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab
edən ustad xüsusən "Bakı” və "Baku” qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha
təsdiq etdi ki, istənilən qəzetin simasını, nüfuzunu, oxucu auditoriyasını onun
düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir.
Vurğulamaq istərdik ki, Nəsir müəllimin elmi-pedaqoji
və jurnalist fəaliyyəti ilə yanaşı, geniş və çoxsahəli ictimai-siyasi fəaliyyəti
də olub. O, Bakı Şəhər Partiya Komitəsində, Mərkəzi Komitədə təbliğat-təşviqat şöbəsinə
uzun müddət rəhbərlik edib. Onun Mədəniyyət Nazirliyinin Baş Radio Məlumat İdarəsinin
rəisi, nazirliyin kollegiya üzvü, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində
sədr müavini olduğu illərdə bu təşkilatların struktur inkişafında, eləcə də tarixlə
müasirlik arasında əldə olunan yeniliklərdə xüsusi xidmətləri olub.
Nəsir müəllimin 8 dekabr 1972-ci il tarixli
"Jurnalist” qəzetində tələbələrinə olan tövsiyələri bu gün də öz aktuallığını saxlamaqdadır.
O, tələbə jurnalist üçün başlıca keyfiyyətlər olaraq hər şeydən əvvəl ixtisasa böyük
həvəsi, ümumi mədəniyyətə, hərtərəfli biliyə malik olmağı, hadisələri dürüst qiymətləndirməyi,
təhlil etməyi bacarmağı, yetkin, rəvan jurnalist qələminin vacibliyini sadalayır.
Və haqlı olaraq da davam edir: "Bunlarsız gələcəyin qabil jurnalisti olmaq mümkün
deyil”.
Nəsir müəllim eyni zamanda jurnalistika ixtisasına
yiyələnmək istəyən tələbələrin buraxdıqları səhvlərə də diqqət çəkir, onlara praktik
yol göstərirdi. O qeyd edirdi ki, redaksiyalara istehsalat təcrübəsinə gələn tələbələr
ilk günlərdən irihəcmli və nisbətən mürəkkəb janrlarda yazılar yazmağa meyil göstərirlər,
halbuki onlar hələ bu janrları nəzəri cəhətdən bilmirlər. Ustad müəllim tələbələrə
redaksiyada təcrübədə olarkən ilk növbədə işin təşkili ilə əlaqədar məsələləri öyrənməyə
cəhd göstərməli olduqlarını bildirirdi. Onlar redaktorların tapşırıqları ilə kiçik
xəbərlər yazmalı, fakt toplamağı öyrənməli, məsələləri araşdırmaq qaydalarına diqqət
yetirməlidirlər. Burada bir haşiyə çıxmaq istərdim ki, indinin özündə də ixtisas
təhsili alan müasir tələbələrimiz bəzən eyni səhvlərə yol verməkdədirlər.
Birmənalı olaraq qeyd etməliyik ki, Nəsir
müəllim hər zaman jurnalistikada qeyri-peşəkarlığın əleyhinə idi. O, qəzetçiliyin,
ekran-efir jurnalistikasının insanın mənəvi dünyasını zənginləşdirən başlıca vasitə,
yol olduğunu tez-tez bildirirdi. Nəsir müəllim vurğulayırdı ki, bu yolun yolçuları
peşəkar qələm sahibləri olmalıdırlar. Əgər jurnalistika özfəaliyyət səviyyəsinə
enərsə, o zaman heç bir peşəkarlıqdan söhbət gedə bilməz.
Ömrünü böyük fədakarlıqla tələbələrinə həsr
etdiyi jurnalistika fakültəsində, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında
onun dərin məna daşıyan portreti, kafedranın qarşısında isə açılışını 100 illiyində
etdiyimiz mərmərdən işlənmiş barelyefi var.
Böyük ehtiram hissi ilə hər zaman xatirələrdə yaşatdığımız ustad müəllimimizin
mediamızın, tələbələrinin inkişafı üçün göstərdiyi çaba və fədakarlığın nəticəsidir
ki, onun adı hər zaman Azərbaycan jurnalistikasında bir çox ilklərə imza atmış böyük
ziyalı, nüfuzlu müəllim, vətənpərvər insan və peşəkar jurnalist olaraq yaşayacaqdır.
Vüqar ZİFƏROĞLU,
BDU-nun Jurnalistika fakültəsinin dekanı,
filologiya üzrə elmlər doktoru