Böyük Britaniyada aktyorlara öz rəqəmsal surətləri üzərində daha çox hüquqlar veriləcək. Bu, çəkiliş meydançalarında artan narazılıqlardan sonra televiziya və kino prodüserləri ilə süni intellektə qarşı müdafiə tədbirlərini əhatə edən yeni razılaşma çərçivəsində baş tutub.
Aktyorlar həmkarlar ittifaqı olan “Equity” tərəfindən əldə edilmiş genişmiqyaslı yeni razılaşmaya əsasən, ifaçılar öz rəqəmsal surətlərindən istifadə edildikdə ödəniş almaq, həmçinin bu surətlərin istifadə olunub-olunmayacağına dair qərar vermək (razılıq bildirmək) hüququna malik olacaqlar.
Sazişdə, həmçinin aydın şəkildə qeyd olunur ki, tətil dövründə prodüserlər belə istifadə üçün razılığın tələb olunduğu heç bir halda rəqəmsal dublikatdan istifadə edə bilməzlər.
Müqavilələrdə artıq aydın şəkildə göstəriləcək ki, prodüserlər aktyorun rəqəmsal surətindən istifadə üçün “ümumi razılıq” deyil, yalnız konkret bir layihə üçün icazə alırlar.
İstehsalçılar təşkilatı olan “Producers Alliance for Cinema and Television” (Pact) ilə illərlə davam edən danışıqlardan sonra imzalanan bu razılaşma süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə aktyorun obrazından istifadə ilə bağlı müəyyən əsas qaydalar yaratmaq cəhdini ifadə edir.
Çəkiliş meydançalarında süni intellektin istifadəsi ilə bağlı narahatlıqlar artır. Bu da bir çox aktyorun bədən skanından keçməyə qarşı daha ehtiyatlı yanaşmasına səbəb olub. Bir çoxları ehtiyat edir ki, əldə edilən məlumatlar onların xarici görünüşü və ya duruşları əsasında süni intellekt modellərini öyrətmək üçün istifadə oluna bilər və bu da texnologiyanın onların işini əllərindən almasına yol aça bilər.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”