Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin lideri 2028-2034-cü illəri əhatə edən uzunmüddətli büdcənin həcmi barədə ortaq məxrəcə gələ bilməyiblər. İki gün davam etməsi planlaşdırılan Brüssel Sammiti noyabrın 27-nin ilk saatlarında yarımçıq dayandırılıb və müzakirələr dekabrın 17-nə təxirə salınıb.
"BBC"-nin məlumatına görə, Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen sammitdən sonra birgə mətbuat konfransı keçiriblər. A.Koşta bildirib ki, liderlər büdcənin ümumi həcmi, vəsaitlərin bölüşdürülməsi və yeni gəlir mənbələrinin tapılması kimi üç əsas məsələni müzakirə etsələr də, razılıq əldə olunmayıb. Yeni büdcənin 2028-ci il yanvarın 1-də qüvvəyə minməsi üçün ilin sonuna qədər yekun qərar verilməlidir və bunun üçün bütün üzv ölkələrin yekdil səsi tələb olunur.
Avropa Komissiyası əvvəlcə təxminən 2 trilyon avroluq büdcə təklif etmişdi. Antonio Koşta razılıq əldə etmək üçün bu məbləği 204 milyard avro azaltmağı irəli sürmüşdü. Lakin daha kiçik büdcə istəyən 7 ölkə - Almaniya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Niderland və İsveç bu azalmanı kifayət saymayıb və təxminən 250 milyard avroluq ixtisar tələb ediblər. Almaniya Kansleri Fridrix Merts yeni borclanmaya qəti şəkildə qarşı çıxaraq, hətta təklif olunan endirimdən sonra belə büdcənin əvvəlki 2021-2027-ci illər çərçivəsindən təxminən 50 faiz böyük olduğunu vurğulayıb. Xərclərin azaldılmasını tələb edən bu 7 ölkənin lideri A.Koştanın danışıqları aparmaq tərzinə etiraz edərək axşam keçirilən kiçik qrup müzakirələrini boykot ediblər.
Digər ölkələr isə fermerlərə dəstəyin və daha az inkişaf etmiş regionların inkişafı üçün ayrılan vəsaitlərin azaldılmasına qarşı çıxıblar. İtaliyanın Baş naziri Corcia Meloni "daha çox ödəyib daha az alacaqları" bir büdcəyə imza atmayacaqlarını bəyan edib. Baltikyanı ölkələr isə müdafiə xərclərində nəzərdə tutulan 39 milyard avroluq ixtisara etiraz ediblər. Avropa Parlamenti də öz növbəsində xarici siyasət və ittifaqın genişlənməsi üzrə maliyyənin kəsilməsinə qarşı çıxaraq, əksinə, bu sahəyə 25 milyard avro əlavə vəsait ayrılmasını tələb edib.
Ursula fon der Lyayen büdcəyə yeni gəlir mənbələrinin cəlb edilməsi istiqamətində irəliləyiş olduğunu və rəqəmsal xidmətlər vergisinin geniş dəstək qazandığını deyib. O həmçinin 2027-ci ildə Ukraynaya əlavə 45 milyard avro maliyyə dəstəyi verilməsi təklifini 24 üzv ölkənin dəstəklədiyini bildirib. Bolqarıstan isə bu yardımın yalnız qeyri-hərbi hissəsində iştirak edəcəyini açıqlayıb, Macarıstan, Slovakiya və Çexiya isə təklifə qoşulmayıblar. Macarıstanın Baş naziri Peter Madyar mövqelərin tamamilə zidd olduğunu bildirərək dekabr sammitində belə, razılığın əldə olunacağına şübhə ilə yanaşıb.
Büdcə danışıqları nəticəsiz qalsa da, liderlər Avropa Mərkəzi Bankının yeni rəhbərliyi ilə bağlı razılığa gəliblər. Bankın prezidenti vəzifəsinə Pablo Ernandes de Kosun, İdarə Heyətinin digər iki üzvlüyünə isə Lorens Bun və Markus Brunnermeyerin namizədliyi irəli sürülüb. Yekun qərar dekabr sammitində qəbul ediləcək.
Təhminə VERDİYEVA,
"Azərbaycan"