28 Noyabr 2026 08:05
200
PARLAMENT
A- A+
Parlament yeni enerji sazişini təsdiq etdi

Parlament yeni enerji sazişini təsdiq etdi


Noyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri barədə məlumat verib. Bildirilib ki, səfərin məqsədi İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək olub. 

Milli Məclisin Sədri qeyd edib ki, noyabrın 25-də parlament sədrlərinin iştirakı ilə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumun açılış mərasimi keçirilib. Tədbir  "Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü" mövzusuna həsr edilib.   

Çıxışında Birinci forumun keçirildiyi vaxtdan ötən dövr ərzində ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini bildirən parlamentin spikeri, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı səfərlərinin baş tutduğunu, habelə Ali Dövlətlərarası Şuranın ikinci və üçüncü iclaslarının keçirildiyini deyib. Bu ilin avqustunda Daşkənddə imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin bu ay Milli Məclis tərəfindən də təsdiqləndiyi vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq genişləndikcə bu əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsində parlamentlərimizin rolu da artır. 

Milli Məclisin Sədri xatırladıb ki, Azərbaycan və Özbəkistan parlamentlərinin Birinci forumu ötən ilin iyulunda Xivə şəhərində keçirilib. Həmin tədbirdə birgə əməkdaşlığın prioritetləri müəyyən edilib. Xivə Bəyannaməsi qəbul olunub, 2025-2026-cı illər üçün "Yol xəritəsi" və Parlamentlərarası əməkdaşlıq komissiyasının reqlamenti imzalanıb. 

Diqqətə çatdırılıb ki, bu dəfə dövlət rəhbərləri səviyyəsində imzalanmış razılaşmaların qanunvericilik təminatı məsələsinə xüsusi diqqət yetirilib. Panel müzakirələrinin gedişində deputatlar ticarət və investisiya qoyuluşu, energetika, rəqəmsal inkişaf, habelə təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Forumun yekunları ilə bağlı Bakı Bəyannaməsi qəbul edilib. Parlament sədrləri 2027-2028-ci illər üçün yeni "Yol xəritəsi"ni imzalayıblar. 

Parlamentin spikeri deyib ki, forum başa çatdıqdan sonra Azərbaycan və Özbəkistan parlamentləri sədrlərinin iştirakı ilə Parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası keçirilib. Parlament sədrlərinin və deputatların çıxışlarında parlamentlərarası əlaqələrin vəziyyəti, inkişaf perspektivləri barədə fikirlər səsləndirilib. 

Forumun nəticələri ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. İclasda komissiyanın məqsəd və vəzifələri, parlamentlərin profil komitələri arasında birbaşa əlaqələrin genişləndirilməsi imkanları və digər məsələlər də müzakirə olunub. 

Spiker Sahibə Qafarova əminliklə bildirib ki, Bakı Forumunun yekunları parlamentlərarası əməkdaşlığın daha sistemli xarakter almasını təmin edəcək, Azərbaycanla Özbəkistanın qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına  töhfə verəcək.  O əlavə edib ki,  İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu həm məzmun, həm də forma baxımından yüksəksəviyyəli tədbir olub. 

Milli Məclisin deputatları, o cümlədən Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri, Milli Məclis Sədrinin müavini Musa Qasımlı, komitə sədrləri Əli Hüseynli, Azər Əmiraslanov, Səməd Seyidov və digər həmkarlarımız forumun panel sessiyalarında və komissiyanın iclasında həm moderator olublar, həm də maraqlı çıxışlar ediblər.  

Sonra iclasda cari məsələlərin müzakirəsi aparılıb. Deputatlar Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Zaur Şükürov, Aydın Mirzəzadə, Æalə Əliyeva, Razi Nurullayev, Nizami Səfərov çıxış edərək gündəmdə olan bəzi məsələlər barədə fikirlərini bölüşüblər. Çıxış edənlər qlobal qarşıdurmalar fonunda Cənubi Qafqazda formalaşan sülh mühiti, Azərbaycanın bu prosesdəki aparıcı rolu və regiondakı müsbət inkişafdan danışıblar. Bildirilib ki, dünyadakı gərginliklərə baxmayaraq, Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin siyasəti nəticəsində Cənubi Qafqaz qarşıdurma zonasından əməkdaşlıq məkanına çevrilib. Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılıb. Habelə vurğulanıb ki, Vaşinqtonda sülh müqaviləsi layihəsinin paraflanması, Ermənistana məhsul tranziti üzrə məhdudiyyətlərin aradan qaldırılması və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri Azərbaycanın sülhə sadiqliyini təsdiqləyib. Bununla yanaşı, Ermənistanın yeni konstitusiya layihəsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması sülh müqaviləsinin imzalanması üçün vacib addım kimi dəyərləndirilib. 

Çıxışlarda Bakıda keçirilmiş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu və Parlamentlərarası Əməkdaşlıq Komissiyasının ilk iclası ölkələrarası strateji müttəfiqlik münasibətlərinin parlament müstəvisində mühüm siyasi nəticəsi kimi qiymətləndirilib. İkitərəfli əlaqələrin yüksək inkişaf mərhələsinə çatmasında Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi, eləcə də parlamentlər arasında qurulmuş  səmərəli əməkdaşlıq xüsusi vurğulanıb.

Millət vəkilləri habelə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA) çərçivəsində ölkəmizin artan beynəlxalq nüfuzu, həyata keçirilən  uğurlu parlament diplomatiyası barədə söhbət açıblar. Müzakirələrdə bir sıra digər aktual məsələlərə də toxunulub. 

Sonra Milli Məclisin Sədri iclasda 10 məsələnin müzakirə ediləcəyini bildirib. O, gündəliyin birinci məsələsinin beynəlxalq sazişlə bağlı olduğunu və "Normativ hüquqi aktlar  haqqında" Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "ExxonMobil Exploration   Production Azerbaijan Limited" şirkəti və "Middle Kura" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsinə dair məlumat verib.

Nəzərə çatdırılıb ki, Saziş 26 sentyabr 2026-cı ildə Bakı şəhərində keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanıb. Qeyd edilib ki, Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının kəşfiyyatı üzrə ilk layihə olan bu təşəbbüs ExxonMobil-in qabaqcıl texnologiya və təcrübəsi əsasında ölkənin resurs bazasının genişləndirilməsi və hasilatın artırılması üçün yeni imkanlar yaradır. Layihənin icrasının texnologiya və biliklərin yerli mütəxəssislərə ötürülməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli biznesin və infrastrukturun inkişafına, bütövlükdə regionların sosial-iqtisadi tərəqqisinə töhfə verəcəyi söylənilib.

Bildirilib ki, Saziş Orta Kür Kontrakt Sahəsində Qeyri-ənənəvi Ehtiyatların kəşfiyyatı və işlənməsi üçün hüquqi və kommersiya şərtlərini müəyyən edir. Sazişə əsasən ətraf mühitin mühafizəsi qeyd olunan şərtlər nəzərə alınmaqla qanunvericiliyə, beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş müsbət təcrübəyə və müəyyən edilmiş ekoloji standartlara uyğun təmin edilir. 

Sənəd barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil etdiyi komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin spikeri növbəti məsələnin Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi olduğunu deyib. O, layihədə təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və "Normativ hüquqi aktlar  haqqında" Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu qanun layihəsini  təqdim edib. Bildirilib ki, layihə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna edilmiş dəyişikliklərlə bağlıdır. Həmin dəyişikliklərə əsasən istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərin, könüllülərin müəyyən edilmiş qaydada  icbari sığorta olunması nəzərdə tutulur. Eyni zamanda Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri siyahısına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələri də daxil edilir.  Bunu nəzərə alaraq Əmək Məcəlləsinin 208-ci və 221-ci maddələrinə uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Daha sonra iclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri təsdiq olunub. 

Spiker bildirib ki, gündəliyin qalan dörd məsələsi birinci oxunuşda olan qanun layihələridir. O, yeddinci məsələ olan Mülki Məcəllədə, Vergi Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova söz verib.

Komitə sədri bildirib ki, qanun layihəsi hüquqi şəxsin ləğv zamanı müvafiq elektron informasiya sistemində işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi məqsədilə hazırlanıb. Belə ki, hüquqi şəxs ləğv edildiyi üçün həmin hüquqi şəxsin adından elektron informasiya sistemində əməliyyatların aparılması mümkün olmur. Eyni hal fiziki şəxs olan işəgötürən vergi uçotundan çıxarıldığı hallarda da baş verir. Beləliklə, təklif olunan tənzimləməyə əsasən, hüquqi şəxslərin ləğvi və vergi uçotundan çıxarılması yalnız onların işçiləri ilə əmək müqaviləsinə xitam verildikdə mümkün hesab ediləcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ ilə bağlı təmsil etdiyi komitənin müsbət rəyini diqqətə çatdırandan sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub. 

Mülki Məcəllədə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib. Qeyd edib ki, layihə "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur. Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək olan dövrdə "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da, eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin edilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə ilə bağlı komitəsinin müsbət rəyini açıqlayıb.

Sənədin müzakirəsində parlamentin komitə sədri Zahid Oruc, deputatlar Müşfiq Məmmədli, Bəxtiyar Əliyev və Aydın Hüseynov çıxış ediblər, dəyişikliklər barədə fikirlərini bildiriblər. 

Qanun layihəsi birinci oxunuşda qəbul olunub. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Badamov növbəti məsələ olan "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Texniki tənzimləmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatında isə bildirib ki, dəyişikliklər texniki reqlamentlərə dair tələblərin təkmilləşdirilməsi və malların təhlükəsizliyinin qiymətləndirilməsi qaydalarının daha dəqiq müəyyənləşdi-

rilməsi məqsədi daşıyır. Layihəyə əsasən, malların insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi risklər elmi və texniki məlumatlar əsasında qiymətləndiriləcək, təhlükəsizlik tələbləri isə həmin qiymətləndirmənin nəticələrinə uyğun müəyyənləşdiriləcəkdir. Eyni zamanda mallara uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması da onların təhlükəlilik dərəcəsi nəzərə alınmaqla texniki reqlamentlərdə müəyyən ediləcək.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Gündəliyin sonuncu məsələsi olan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) də komitə sədrinin müavini Azər Badamov təqdim edib. O bildirib ki, layihə məhkəməyə müraciət edən şəxslərin dövlət rüsumu ilə bağlı xərclərinin azaldılmasını və məhkəmə işlərinə operativ baxılmasını nəzərdə tutur. Dəyişikliklərdə məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləğinin 100 manatdan azaldılaraq 25 manat müəyyən edilməsini, eləcə də qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun həddinin iddianın yalnız mübahisələndirilən hissəsi ilə məhdudlaşdırılmasını təklif edir.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidən elmə və təhsilə açılan qapı

08:45
28 Noyabr

Əqidəsi təmizlik və xeyirxahlıq idi

08:40
28 Noyabr

"Sülh körpüsü" praktiki müstəviyə keçir

08:35
28 Noyabr

Dayanıqlı iqtisadi inkişafın dəyişməz şərtləri

08:30
28 Noyabr

Naxçıvan dağ-mədən yataqları ilə də zəngindir

08:25
28 Noyabr

Albaniya Azərbaycanın Balkan yarımadasında etibarlı tərəfdaşıdır

08:20
28 Noyabr

Prezident İlham Əliyevin formalaşdırdığı təkmil siyasi konfiqurasiya

08:15
28 Noyabr

Büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirə edildi

08:10
28 Noyabr

Parlament yeni enerji sazişini təsdiq etdi

08:05
28 Noyabr

Dünyanın diqqəti Azərbaycandadır

08:00
28 Noyabr

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC InternationalProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:19
28 Noyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda, 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda və 2025-ci il 19 dekabr tarixli 404 nömrəli Qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:05
28 Noyabr

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:58
28 Noyabr

İndoneziya numayendeler  

23:07
27 Noyabr

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib

21:19
27 Noyabr

Bakıda “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb

20:22
27 Noyabr

Rusiyada “İskəndər” ballistik raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirilib  

19:59
27 Noyabr

Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar  

19:23
27 Noyabr

Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub  

19:14
27 Noyabr

Özbəkistan nümayəndə heyəti SOCAR-ın fəaliyyətinin müxtəlif istiqamətləri ilə tanış olub  

19:07
27 Noyabr

Azərbaycan ilə BMT arasında yaşıl keçid istiqamətində birgə fəaliyyət imkanları nəzərdən keçirilib  

18:59
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!