28 Noyabr 2026 08:20
174
SİYASƏT
A- A+
Albaniya Azərbaycanın Balkan yarımadasında etibarlı tərəfdaşıdır

Albaniya Azərbaycanın Balkan yarımadasında etibarlı tərəfdaşıdır


Balkan yarımadasının gözəl guşəsində, Adriatik və İon dənizlərinin qovşağında yerləşən əlverişli coğrafi mövqeyi, zəngin yeraltı sərvətləri və füsunkar təbiəti Albaniyanı həm Avropa logistikasında, həm də qlobal turizm xəritəsində getdikcə daha cazibədar mərkəzə çevirir. Dağlarla sahilin qovuşduğu təbii gözəlliklər, qədim tarixi abidələr, qonaqpərvərlik və tolerantlıq kimi dərin mənəvi dəyərlər, eləcə də Aralıq dənizi ilə Balkan ənənələrini birləşdirən özünəməxsus milli mətbəx səyahətçiləri özünə cəlb etdiyi kimi, ölkənin nəqliyyat-logistika potensialı və regional enerji təhlükəsizliyində artan rolu onu strateji tərəfdaş kimi ön plana çıxarır. Məhz bu nöqtədə xalqlararası səmimi yaxınlıq, iqtisadi maraqlar və enerji layihələri üzərində ucalan Azərbaycan-Albaniya strateji əməkdaşlığı Xəzər hövzəsi ilə Balkanlar arasında yeni inkişaf və etimad körpüsü yaradır.

Tarixin müxtəlif çağlarında öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış alban xalqı bu gün Avropa ailəsində özünəməxsus yer tutmaqla onun iqtisadi inkişafına da yeni-yeni töhfələr verməkdədir. Albaniyanın dünya bazarına ixrac etdiyi əsas məhsullar - toxuculuq (geyim), mineral yanacaqlar, elektrik avadanlıqları və metallar ona müsbət imic qazandırmaqla yanaşı alıcıların da zövqünü oxşayır. Son ticarət göstəricilərinə əsasən, ölkənin illik əmtəə ixracı təxminən 3,7-4 milyard dollar təşkil edir. İxrac məhsullarının təxminən 16,5 faizini (618 milyon dollar) dəri ayaqqabılar və yarımfabrikat ayaqqabı hissələri təşkil edir.

Həmçinin dəmir, polad, alüminium məmulatları, xrom və mis filizləri ixracat məhsulları arasında mühüm yer tutur. Albaniya dünyada xrom filizi və ferroxrom ixracatçıları arasında seçilir. Albaniya məhsullarının böyük hissəsi Avropa bazarlarına göndərilir.

Bu ölkənin ən mühüm ixracat tərəfdaşları İtaliya, Yunanıstan, Çin, Türkiyə, Almaniya və qonşu Balkan ölkələridir (Serbiya, Kosovo, Şimali Makedoniya). İtaliya Albaniya ixracının ən böyük bazarlarından biridir. Ölkənin xarici ticarət dövriyyəsində, adətən, idxal ixracı üstələyir.

Müasir Albaniyanın xarici siyasəti avro-Atlantik məkana inteqrasiya, ABŞ ilə strateji müttəfiqlik, regional sabitlik və Kosovo başda olmaqla, xaricdə yaşayan albanların hüquqlarının müdafiəsi prinsiplərinə əsaslanır. Əsas strateji hədəf olan Avropa İttifaqına üzvlük Tirananın xarici və daxili siyasətinin mərkəzində dayanır. NATO üzvü olan Albaniya bu alyansı öz milli təhlükəsizliyinin əsas dayağı hesab edir. Birləşmiş Ştatlar Albaniyanın ən yaxın strateji müttəfiqidir və bu münasibətlər ölkə daxilində həm iqtidar, həm də müxalifət tərəfindən birmənalı dəstəklənir. Albaniya Qərbi Balkanlarda sülhün və iqtisadi inteqrasiyanın tərəfdarı kimi çıxış edir.

Azərbaycanın Avropa siyasətində Albaniya mühüm yerlərdən birini tutur. Albaniya Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 4 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr 23 sentyabr 1993-cü ildə qurulmuşdur. Azərbaycanın Tirana şəhərində səfirliyinin təsis edilməsi haqqında qərar 18 noyabr 2022-ci ildə, Albaniyanın Azərbaycanda öz səfirliyini açması qərarı isə 1 mart 2023-cü ildə qəbul edilmişdir. Müqavilə-hüquqi baza kimi ölkələr arasında müxtəlif sahələri əhatə edən 10-dan çox sənəd imzalanmışdır.

2025-2026-cı illərdə Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında münasibətlər intensiv diplomatik dialoq, iqtisadi-enerji tərəfdaşlığının dərinləşməsi və mədəni-humanitar sahədə sistemli layihələrin həyata keçirilməsi ilə səciyyələnir. Bu dövrdə ikitərəfli əlaqələr regional çərçivədən çıxaraq Balkan regionunda və Cənub-Şərqi Avropada strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Azərbaycan Albaniya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Siyasi münasibətlərin yaxşı olması digər sahələrdə əməkdaşlığın inişafına ciddi təsir göstərir. Yüksəksəviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar sıx koordinasiya ilə yadda qalmışdır.

Son illər Azərbaycan ilə Albaniya arasında dostluq və tərəfdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bakı və Tirana arasında dövlət və hökumət başçıları səviyyəsində keçirilən görüşlər ("Cənub Qaz Dəhlizi" Məşvərət Şurası və müxtəlif beynəlxalq forumlar çərçivəsində) ikitərəfli siyasi iradənin bariz nümunəsidir. Hər iki dövlət bir-birinin suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmiş, BMT, ATƏT və Avropa Şurası çərçivəsində vahid mövqedən çıxış etmişlər.

İkitərəfli əlaqələrin genişlənməsi fonunda ötən il mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə Toplantısında iştirak etmək məqsədilə Tiranaya işgüzar səfər edib. Dövlətimizin başçısının bu səfəri "Avropa Siyasi Birliyi" platformasında aparılan müzakirələrdə Azərbaycanın fəal iştirakını təmin etməklə yanaşı, Azərbaycan-Albaniya əməkdaşlığının dərinləşdirilməsi baxımından da əhəmiyyətli hadisədir.

Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Bir sıra beynəlxalq forumlarda Tirana rəsmi Bakının haqlı mövqeyini dəfələrlə müdafiə etmişdir. Bu cür yanaşmalar qarşılıqlı xarakter kəsb etmişdir. Belə ki, Azərbaycan Albaniyanı Qərbi Balkanlarda mühüm strateji tərəfdaş kimi qəbul edir, Tirana isə Bakını regionun enerji təhlükəsizliyinin əsas təminatçısı və Cənubi Qafqazın aparıcı gücü kimi qiymətləndirir.

Milli Məclisdə Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə İşçi qrupu fəaliyyət göstərir. Milli Məclisin Sədri Sahibə Qafarova və Albaniya Parlamentinin Sədri Niko Peleşi arasında görüşlərdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin artırılması və təcrübə mübadiləsi müzakirə olunub.

Hər iki ölkənin parlament nümayəndə heyətləri ATƏT Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirir.

2026-cı il oktyabrın 12-də Azərbaycan və Albaniya nümayəndələri NATO çərçivəsində əməkdaşlığı, o cümlədən Avropanın enerji təhlükəsizliyini və ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib. Bu əməkdaşlıq həm də Azərbaycanın Avropa strukturlarına inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir.

İqtisadi sahədə əsas aparıcı sahə enerji sektoru və infrastruktur layihələri olmuşdur. Azərbaycan və Albaniya arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq son illərdə yeni dinamika qazanıb. Energetika sahəsində Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi çərçivəsində enerji əməkdaşlığının gücləndirilməsi, investisiya imkanlarının artırılması və nəqliyyat-logistika sahəsində birgə təşəbbüslərin reallaşdırılması münasibətlərin əsas istiqamətlərini təşkil edir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və "Cənub qaz dəhlizi"nin icrasında önəmli rol oynayıblar.

2026-cı ildən etibarən Azərbaycan qazının birbaşa Albaniya daxili bazarına nəqli istiqamətində praktiki addımlar atılmışdır (ötürülmə həcminin ilkin olaraq 160-200 milyon kubmetrə çatdırılması hədəflənir). Albaniyanın qazlaşdırılması layihəsi qarşılıqlı əməkdaşlığa bariz nümunədir. SOCAR-ın iştirakı ilə Korça şəhərinin və ətraf regionların qazlaşdırılması, qazpaylayıcı şəbəkənin qurulması üzrə Anlaşma Memorandumu çərçivəsində texniki-iqtisadi əsaslandırmalar və infrastruktur işləri sürətləndirilmişdir.

İkitərəfli ticarət dövriyyəsinin həcmi artmış, tikinti, kənd təsərrüfatı və bərpaolunan enerji ("yaşıl enerji") sahələrində birgə investisiya imkanları genişləndirilmişdir. Belə ki, iqtisadi-ticari dövriyyənin şaxələndirilməsi və investisiya təşəbbüsləri hər iki tərəfdən dəstəklənir.

Mədəni əlaqələr çərçivəsində 2025-ci ilin noyabr ayında Tirana İncəsənət Qalereyasında "Əlləriniz var olsun!" adı altında Azərbaycan və Albaniya xalça sənətinə həsr olunmuş xalça sərgisi açılmış və 2026-cı ilin yanvar ayının ortalarınadək davam etmişdir. Layihə "Azərxalça" ASC, Azərbaycanın Albaniyadakı səfirliyi və Tirana İncəsənət Qalereyasının birgə təşkilatçılığı, həmçinin Tirana şəhər bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib.

İki ölkə arasında ədəbi əlaqələr də durmadan inkişaf edir. Dünyaşöhrətli alban yazıçısı İsmayıl Kadarenin Azərbaycan dilinə tərcümə edilmiş romanları yerli oxucuların rəğbətini qazanmışdır. Azərbaycan oxucularına alban ədəbiyyatının tanınmış nümayəndələri olan Dritero Aqolli, Migyeni, Fatoş Arapi, Naim Fraşeri, Eşref Yemeri və Teodor Laçonun əsərləri, hekayə və povestləri yaxşı məlumdur. Azərbaycanın xalq yazıçısı Anarın "Ağ qoç, qara qoç" povesti alban dilinə tərcümə edilərək nəşr olunmuşdur. Həmçinin Albaniya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi açılmışdır. 

Turizm sahəsində qarşılıqlı münasibətlər inkişaf edir. Albaniyanı qərbdən və cənub-qərbdən iki dəniz əhatə edir: Adriatik dənizi və İon dənizi. Hər iki dəniz sahilindəki ən məşhur kurort şəhərləri (Durres, Vlyora, Saranda, Ksamil) getdikcə daha çox turistin diqqətini çəkir. Məhz buna görədir ki, hər il Albaniyaya səyahət edən turistlərin sayı 12 milyon nəfərə çatmışdır. Albaniyanın bu sahədə əldə etdiyi çoxillik təcrübəsindən Azərbaycan tərəfi yararlana bilər. Həmçinin birbaşa Bakı-Tirana-Bakı hava marşrutunun fəaliyyəti turizmin inkişafına da müsbət təsir göstərir. 2025-ci il iyunun 21-də iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır.

Təhsil sahəsində əlaqələrin perspektivləri də böyükdür. Ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, eləcə də Bakı və Tiranada birgə mədəniyyət günlərinin, rəsm və sənətkarlıq sərgilərinin keçirilməsi bu iki dost xalq arasında əlaqələri dərinləşdirir.

Hazırda Azərbaycan ilə Albaniya arasında formalaşan əməkdaşlıq regionda sülh və sabitliyin möhkəmləndirilməsinə, eyni zamanda Avropa ilə Asiya arasında strateji körpünün yaradılmasına əhəmiyyətli töhfə verir. Azərbaycan-Albaniya münasibətləri yalnız ikitərəfli çərçivədə deyil, həm də Cənubi Qafqaz-Balkan Avropası geoiqtisadi oxunun möhkəmlənməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Bakı ilə Tirana arasında formalaşan etimad və qarşılıqlı hörmət əsasında qurulan münasibətlər Albaniyanı Azərbaycanın Balkan yarımadasında etibarlı və strateji tərəfdaşına çevirir. Enerji təhlükəsizliyindən tutmuş iqtisadi əməkdaşlığa, beynəlxalq platformalardakı qarşılıqlı dəstəkdən mədəni yaxınlaşmaya qədər uzanan bu əlaqələr Cənubi Qafqaz ilə Cənub-Şərqi Avropa arasında yeni körpülər yaradır. Gələcəyə yönəlmiş ortaq layihələr və hər iki ölkənin dövlət rəhbərlərinin siyasi iradəsi göstərir ki, bu tərəfdaşlıq təkcə iki ölkənin maraqlarına deyil, həm də regionda sabitliyin və qarşılıqlı inkişafın möhkəmlənməsinə xidmət edir.

 

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidən elmə və təhsilə açılan qapı

08:45
28 Noyabr

Əqidəsi təmizlik və xeyirxahlıq idi

08:40
28 Noyabr

"Sülh körpüsü" praktiki müstəviyə keçir

08:35
28 Noyabr

Dayanıqlı iqtisadi inkişafın dəyişməz şərtləri

08:30
28 Noyabr

Naxçıvan dağ-mədən yataqları ilə də zəngindir

08:25
28 Noyabr

Albaniya Azərbaycanın Balkan yarımadasında etibarlı tərəfdaşıdır

08:20
28 Noyabr

Prezident İlham Əliyevin formalaşdırdığı təkmil siyasi konfiqurasiya

08:15
28 Noyabr

Büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirə edildi

08:10
28 Noyabr

Parlament yeni enerji sazişini təsdiq etdi

08:05
28 Noyabr

Dünyanın diqqəti Azərbaycandadır

08:00
28 Noyabr

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC InternationalProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:19
28 Noyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda, 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda və 2025-ci il 19 dekabr tarixli 404 nömrəli Qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:05
28 Noyabr

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:58
28 Noyabr

İndoneziya numayendeler  

23:07
27 Noyabr

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib

21:19
27 Noyabr

Bakıda “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb

20:22
27 Noyabr

Rusiyada “İskəndər” ballistik raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirilib  

19:59
27 Noyabr

Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar  

19:23
27 Noyabr

Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub  

19:14
27 Noyabr

Özbəkistan nümayəndə heyəti SOCAR-ın fəaliyyətinin müxtəlif istiqamətləri ilə tanış olub  

19:07
27 Noyabr

Azərbaycan ilə BMT arasında yaşıl keçid istiqamətində birgə fəaliyyət imkanları nəzərdən keçirilib  

18:59
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!