Ağdam rayonunda təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu çərçivəsində "Ölkə müdaxilələri: Gənclərin milli strategiyalarının davamlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə Milli Perspektivlər” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, panel sessiyaya Gənclər və İdman Nazirliyinin rəsmisi Şərqiyyə Həsənova moderatorluq edib.
Sessiyaya videomüraciət ünvanlayan Pakistan İslam Respublikasının Baş nazirinin Gənclər proqramının sədri Rana Maşhud Əhməd Xan forumun üzv dövlətlərin gəncləri arasında əməkdaşlığın formalaşmasına töhfə verəcəyini diqqətə çatdırıb. Qlobal problemlərdən bəhs edən Pakistan nümayəndəsi dünyanı cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirərək çətinliklərin həllinə nail olmağa səsləyib.
D-8 ECO-nun Baş katibi İsiaka Abdulqadir İmam isə videomüraciətində forumun ECO-nun 17-ci Zirvə görüşü çərçivəsində keçirilməsinin Azərbaycan hökumətinin əzmindən xəbər verdiyini deyib.
Gənclər Forumunun gündəliyini yüksək qiymətləndirn D-8-in Baş katibi təşkilata üzv ölkələrin 2026-cı ildən etibarən tələbə mübadiləsini həyata keçirəcəyini və bununla bağlı artıq müvafiq qərarın qəbul edildiyini vurğulayıb.
Panel sessiyada Türkiyənin ECO-dakı gənclər nümayəndəsi Mustafa Beydilli region və dünyanın üzləşdiyi çağırışların həllinə gənclərin cəlb edilməsinin ölkələri irəliyə aparacaq yol olduğunu, dayanıqlı və davamlı gələcək üçün səyləri birləşdirməyin vacibliyini qeyd edib. O bildirib ki, ECO dinamik platformadır və kollektiv mövqe formalaşdırır.
Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin şöbə müdiri Almagül Kutanova, Tacikistanın Suqd vilayətinin Gənclər və İdman İdarəsinin rəisi Bəxtiyar İsmətzadə, Özbəkistanın Dünya Gənclər Ofisinin rəhbəri Cəsurbek Kamilov, Məqtimquli adına Türkmənistan Gənclər Təşkilatının Aşqabad şəhəri Berkararlık rayon şurasının sədri İsmayıl Yakubov öz ölkələrində həyata keçirilən gənclər siyasəti barədə məlumat veriblər. Onlar Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər və belə tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.