Onların adları, yaşları kimi, arzuları da fərqli idi. Hərəsinin öz ömür yolu, sabahları barədə xəyalları, planları vardı. Ancaq bir gün onların adları bir tarixdə əbədiləşdi. Onlar Qara Yanvar şəhidləri oldular...
"Silahsız adamlara atəş açmayın"
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni qana bələyən ordu barədə Azərbaycan xalqına yetmiş il qəhrəmanlıq dastanı söylətmiş, şeirlər yazdırıb nəğmələr qoşdurmuşdular. Ancaq respublikamızın paytaxtına və bir neçə rayonuna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə yeridilən Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri yenə də güllərlə deyil, güllələrlə gəlmişdi. 1920-ci ildə olduğu kimi, yenə də məqsəd Azərbaycan xalqının azadlıq istəyini, müstəqillik arzusunu gözündə qoymaq idi. Daha çox qan axıtmaq, can almaq üçün tətbiq edilmiş fövqəladə vəziyyət barədə əhali xəbərdar edilmədi.
Ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulan əhaliyə aman verilmədi. O zaman da, sonralar da yalnız Azərbaycan xalqını deyil, bütün dünyanı heyrətə salan məsələlərdən biri sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunlarının iri kontingentinin Bakıda xüsusi qəddarlıqla, amansızlıqla qırğınlar törətmələri idi. Məlum oldu ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilən erməni zabit və əsgərləri, eləcə də hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb olunub.
Hələ 1990-cı ilin yanvar ayının ortalarında SSRİ Daxili və Müdafiə nazirliklərinin, eləcə də digər xüsusi təyinatlı hərbi birləşmələrin 66 mindən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmiş, Qala və Nasosnı aerodromlarında, respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi.
Müasir silahlarla silahlandırılmış sovet qoşun hissələri heç bir xəbərdarlıq etmədən yanvarın 19-dan 20-nə keçən gecə dinc azərbaycanlıları atəşə tutdular. Əliyalın, dinc insanlar isə canlarının hayında deyildilər. Hər kəs özündən çox soydaşlarını düşünürdü. "Silahsız adamlara atəş açmayın" deyərək sovet tanklarının qarşısına çıxanlar öz canlarından keçmişdilər. Etirazlarını bildirir, günahsız axıdılan qanlara son qoymağa çağırırdılar. Amma onsuz da qanlı planı quranlar, sovet qoşun hissələrinə qırğın törətmək əmri verənlər əhalinin silahsız olduğundan xəbərsiz deyildilər. Dəhşət saçmaqla, qəddarlıqla Azərbaycanda qorxu, təşviş yaradacaqlarını güman edirdilər. Ancaq dinc insanların iradəsi, mətanəti, qətiyyəti ilə qarşılaşırdılar. Cinayətkarlar xalq kütlələrinin nümayiş etdirdikləri birlik və mübarizliyə heyrətlənməyə bilmirdilər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri Bakının küçələrini ölüm kabusu kimi dolaşır, pulemyotlardan və avtomatlardan atəş açırdılar. Uşaqlara, qocalara, qadınlara, yaralılara aman vermirdilər. İnsanları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla qətlə yetirirdilər. Sovet hərbçiləri yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tuturdular.
Hər birinin öz həyat hekayəsi vardı
Sovet qoşun hissələri tərəfindən 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı. Respublikamızın paytaxtında və digər şəhər və rayonlarında əməliyyatların gedişi boyunca 841 nəfər qanunsuz həbs olundu. Onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərildi. Yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edildi.
O 147 şəhidin hər birinin öz həyat hekayəsi var... İyirmi səkkiz yaşlı Rövşən Məmməd oğlu Rüstəmov Əzizbəyov metrosu (indiki Koroğlu metrosu) istiqamətində, Sabunçu qəsəbəsinə gedən yolun üstündə maşınında çoxsaylı avtomat atəşinə tuş gəldi. Maşınındakı dostları təcili yardım çağırdılar. Onu təcili yardım maşınına yerləşdirən həkim dubinka ilə əlindən zərbə aldı. Çətinliklərə baxmayaraq Rövşəni xəstəxanaya gətirə bildilər. Ancaq sinəsindən aldığı çoxsaylı güllə yaraları onun ömrünü yarıda qoydu. Rövşən şəhid oldu. Ekspertiza onun bədənindən 32 güllə çıxardı.
Larisa Fərman qızı Məmmədova on iki yaşındaydı. Məktəbli idi. Onun da içərisində olduğu "İkarus" avtobusu Leytenant Şmidt adına zavodun yanında atəşlərə tutuldu. Ürəyindən güllə yarası alan Larisa elə oradaca keçindi.
Altmış altı yaşlı Bafadar Ağamirzə oğlu Səfərov isə "Moskviç" maşınında Qarayev adına xəstəxanaya nəvəsinin yanına gedirdi. Yolda hərbçilər tərəfindən atəşə tutuldu. Elə yerindəcə həlak oldu.
On altı yaşlı Vera Lvovna Bessantinanın üzbəüz yaşadığı binaya Salyan kazarması tərəfdən atılan güllə onun qarın nahiyəsini yaraladı, xəstəxanaya aparılarkən yolda həlak oldu.
Zöhrab Heydərəli oğlu Abbasov vərəm xəstəsi idi. Altı yaşından bu xəstəlikdən əziyyət çəkirdi. Yeddi yaşında artıq hər iki valideynini itirdiyindən əvvəlcə Pirşahı internatında, sonralar isə nənəsi ilə birgə yaşadı. Vərəm xəstəliyi ona işləməyə də imkan verməmişdi. İyirmi yaşlı Zöhrab bacısının yanına, Yasamala getmişdi. Ümidli idi. Xoş xəbər almışdı. Həkimlər ona xəstəliyin yavaş-yavaş özü çəkiləcəyini söyləmişdilər. Səs-küyü, atışma səslərini eşidən Zöhrab XI Qızıl Ordu (indiki 20 Yanvar) meydanına getdi. Orada sovet əsgərləri tərəfindən dəyənəklə, tüfəngin qundağı ilə, küt alətlə döyülərək ağır xəsarət aldı. Elə həmin gün neyrocərrahiyyə xəstəxanasında aldığı xəsarətlərdən həyatını itirdi...
Kimi evində, ocağının başında, kimi həyətində, məhəlləsində, doğma şəhərinin küçəsində yaralandı. Kimisi elə oradaca, kimisi xəstəxanaya aparılarkən yolda, kimisi xəstəxanada gözlərini əbədi yumdu. Onların adları Qara Yanvar şəhidləri kimi müqəddəsləşdi və unudulmaz oldu.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"