Bu yataqlar blokunda kifayət qədər təbii qaz ehtiyatı da var
Bu gün Azərbaycan qazı dedikdə, adətən, ilk növbədə "Şahdəniz" yada düşür. "Şahdəniz"dən sonra ölkəmizin qaz yataqları sırasına yeni qoşulanlar da var ki, onlardan biri perspektivli "Abşeron"dur. Son vaxtlar "Azəri-Çıraq-Günəşli" (AÇG) qazından da çox bəhs olunur.
Söhbət AÇG-nin uzun illərdir neftlə yanaşı verdiyi səmt qazından getmir. İndi bu yataqlar blokunun sərbəst təbii qazı (STQ) da var. Cari ilin birinci yarısında sərbəst təbii qazın çıxarılması ilə AÇG ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə qədəm qoyub. Qeyd edək ki, blokda təxminən 4 trilyon kubfut çıxarıla bilən sərbəst qaz ehtiyatı var.
AÇG-də ilk STQ hasilatı əməliyyatları keçən il qazılmış və hazırda fəaliyyətdə olan neft laylarının altında yerləşən iki prioritet STQ layını - daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksəktəzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar olunub.
İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı, həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.
Quyudan hasil edilən qaz və kondensat neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə AÇG infrastrukturundan istifadə edilməklə Səngəçal terminalına göndərilir. Bu həm də o deməkdir ki, mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaranır.
STQ-dən əlavə, ilk hasilat quyusu Qırmakıaltı Qumlu lay dəstinin dibində, qaz və su laylarının arasında yerləşən neft halqası da aşkar edib. İlk neft halqası quyusu "Dərinsulu Günəşli" platformasından qazılmaq üçün planlaşdırılıb. May ayında burada qazma işlərinə başlanıb. Bu quyuda isə qazma əməliyyatlarının cari ilin ikinci yarısında başa çatacağı nəzərdə tutulur. İlk neft halqası quyusundan həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da AÇG sahəsində gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək. Ümumiyyətlə isə iyun ayının sonunda AÇG-də 150 neft hasilatı, 51 su injektor və 11 qaz injektor quyusu istismarda olub.
Xatırladaq ki, hazırda AÇG-də "Çıraq", "Mərkəzi Azəri" , "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ACE platformalarından hasilat əldə olunur. Birlikdə bu qurğular vasitəsilə gündə orta hesabla 323 min barel neft alınır. AÇG-nin əməliyyatçısı olan BP şirkətinin məlumatına əsaslanaraq deyək ki, bu, cari ilin birinci yarısında ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton neft təşkil edib.
Qaldı ki, səmt qazına, 2026-cı ilin 6 ayında AÇG-dən Azərbaycan dövlətinə, əsasən, Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulub.
Flora SADIQLI,
"Azərbaycan"