Qonşu ölkədə bəzi dairələrin dövlətimizi hədəf alan təxribatları və informasiya hücumları bunun göstəricisidir
Azərbaycan özünün müstəqil, çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə dünyada seçilir. Dövlətimiz həm regional, həm də qlobal miqyasda mehriban qonşuluq, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan etibarlı tərəfdaşlıq modeli formalaşdırıb. Şərq və Qərb, Şimal və Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz suverenliyinə və milli maraqlarına söykənərək istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda sülhün və sabitliyin tərəfdarı kimi çıxış edir.
Bəyan edilən prinsiplərə zidd əməllər
Ölkəmizin bu xarici siyasət kursunun tərkib hissəsi olaraq, Rusiya Federasiyası ilə münasibətlər də uzun illər boyunca mehriban qonşuluq və strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilib. 22 fevral 2022-ci il tarixində iki ölkə arasında imzalanmış "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bəyannamədə göstərilir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
Lakin son dövrlərdə baş verən proseslər Rusiyada bəzi dairələrin bu strateji tərəfdaşlıq ruhuna və bəyan edilən prinsiplərə kökündən zidd hərəkət etdiyini göstərir. Bunun əyani göstəricilərindən biri 27 avqust tarixində günorta radələrində baş verib. Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.
Rəsmi Bakı bu addımı qətiyyətlə pisləyərək, bunu iki ölkə arasında etimad mühitini sarsıtmağa hesablanmış qəbulolunmaz əməl kimi qiymətləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada deyilir ki, bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğu istisna edilmir.
Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırır: "Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinə, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməsini gözləyirik".
Ardıcıl aparılan çirkin kampaniya
Vurğulandığı kimi, səfirliyimizin qonaq evinin qarşısında baş verən bu fiziki təxribatı təsadüf hesab etmək olmaz. O, Rusiyanın bir sıra media resurslarında, televiziya kanallarında və sosial şəbəkələrində Azərbaycana qarşı son dövrlər ardıcıl aparılan çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir.
Avqust ayı ərzində müşahidə edilən sistemli təhrikçilik faktları məsələnin təsadüfi ekspert mülahizəsi olmadığını sübut edir. Bu, məqsədyönlü şəkildə idarə olunur.
7 avqustda "Sputnik" radiosunda Azərbaycan rəhbərliyinin əsassız şəkildə "terrorçu və ekstremistlər" siyahısına salınması kimi cəfəng təkliflərin tirajlanması, 9 və 16 avqust tarixlərində isə "YouTube" və "Spas" telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqiramiz məzmunların təqdim olunması informasiya terrorunun miqyasını göstərir.
13 avqust tarixində yayımlanan və "Çistota ponimaniya" verilişində ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələr diplomatik etikaya və hüquq normalarına tamamilə ziddir.
Bu media platformalarında yalnız təhqir və böhtan səslənilməyib, həm də Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə mexanizmləri, hətta Azərbaycan xalqına və rəhbərliyinə qarşı fiziki zorakılıq çağırışları müzakirəyə çıxarılıb. Bütün bu təxribatlar, iki ölkə arasında razılaşdırılmış strateji tərəfdaşlıq və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Sistemli xarakter alan bu təhdidlərin fonunda avqustun 18-də Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Bakının bu diplomatik addımı daxili işlərə müdaxilə cəhdlərinə və suverenliyə qarşı yönəlmiş hibrid təhdidlərə verilən kəskin və prinsipial reaksiyadır.
Görüşdə qarşı tərəfin diqqətinə çatdırılıb ki, media məkanında Azərbaycan əleyhinə zorakılıq və təhdid ritorikasına son qoyulması üçün təxirəsalınmaz tədbirlər görülməlidir.
Paralel olaraq, Azərbaycan Mətbuat Şurası da kəskin bəyanat yayaraq bildirib ki, Azərbaycan mediası hər zaman qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərdə peşəkar və həssas mövqe nümayiş etdirib. Lakin Rusiyanın informasiya məkanında baş verən bu hallar sivil jurnalistika etikasına sığmır və Azərbaycan ictimaiyyətində dərin narazılıq doğurur.
Azərbaycan hər zaman verdiyi sözə, imzaladığı beynəlxalq sənədlərə və mehriban qonşuluq öhdəliklərinə sadiqdir. Lakin çoxşaxəli və müstəqil xarici siyasət yürüdən Bakı heç bir ölkənin onun milli ləyaqətinə, suverenliyinə və daxili işlərinə müdaxilə etməsinə göz yummaq niyyətində deyil. Rəsmi Bakının nümayiş etdirdiyi prinsipial mövqe bir daha təsdiqləyir ki, ölkəmizin maraqlarına qarşı yönələn hər bir təxribat layiqli cavabını alacaq.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"