07 Yanvar 2026 11:37
248
DÜNYA
A- A+
ABŞ və "istəklilər koalisiyası"nın "Paris Bəyannaməsi"   

ABŞ və "istəklilər koalisiyası"nın "Paris Bəyannaməsi"   


Fransa və Böyük Britaniya Rusiya ilə müharibənin mümkün bitməsindən sonra sülhü təmin etmək üçün Ukraynaya qoşun göndərmək niyyətində olduqlarını bildiriblər. Sülhməramlı kontingentin yerləşdirilməsini nəzərdə tutan müqaviləni Parisdə keçirilən "istəklilər koalisiyası" sammitində iştirak edən Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıblar.

ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner də daxil olmaqla, sammit iştirakçıları Ukraynaya təhlükəsizlik zəmanətləri vermək niyyətlərini ifadə edən "Paris Bəyannaməsi"nə də imza atıblar.

Danışıqlarda təxminən 30 ölkədən nümayəndələr, o cümlədən Böyük Britaniya Baş naziri Kir Starmer, Polşa Baş naziri Donald Tusk, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, NATO-nun baş katibi Mark Rutte və digərləri iştirak ediblər.

Paris sammiti, Amerika lideri Donald Tramp və Volodimir Zelenski arasında yeni ildən əvvəl ABŞ prezidentinin Florida ştatındakı Mar-a-Laqo iqamətgahında keçirilmiş danışıqlardan qısa müddət sonra təşkil olunub.

D.Tramp və V. Zelenski əvvəlcə Vaşinqton tərəfindən hazırlanmış və bir neçə beynəlxalq sammit zamanı dəfələrlə düzəliş edilmiş Ukraynadakı müharibəyə son qoymaq planını müzakirə ediblər.

Floridadakı görüşdən sonra iştirakçılar Ukrayna üçün ABŞ-nin təhlükəsizlik zəmanətləri barədə razılığa gəldiklərini açıqlayıblar, lakin əsas məsələ həll olunmamış qalıb - Rusiyanın Ukrayna qoşunlarının Donetsk bölgəsinin Kiyev tərəfindən nəzarət edilən hissəsindən çıxarılması tələbləri.

V.Zelenski sülh planının 90 faizinin razılaşdırıldığını bildirib, eyni zamanda, ən böyük fikir ayrılığının ərazi məsələləri ilə bağlı qaldığını etiraf edib.

Zirvə görüşünün əsas nəticəsi mətni Yelisey Sarayının veb saytında dərc olunmuş "Paris Bəyannaməsi" olub. Bu sənəd beş bənddən ibarətdir: Amerika Birləşmiş Ştatları gələcək atəşkəsin monitorinqini əlaqələndirməlidir. Hər hansı bir pozuntuya cavab vermək və kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün xüsusi komissiya da yaradılacaq.

"İstəklilər koalisiyası"nın üzvləri Ukrayna Silahlı Qüvvələrini dəstəkləməyə davam etmək qərarına gəliblər ki, bu da Rusiyanın gələcək təcavüzünə qarşı "ilk müdafiə xətti"nə çevrilməlidir. Buraya Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi, silah təchizatı və istehkamların inşasına kömək daxil olmalıdır.

"İstəklilər koalisiyası"nın üzvlərindən ibarət çoxmillətli qüvvələrin Ukraynaya yerləşdirilməsi. Onlar Ukrayna ordusunun yenidən qurulmasına  və yeni hücumlardan"çəkindirməyə kömək edəcəklər". Sənəddə deyilir: "Hava, dəniz və quru təhlükəsizliyi tədbirlərinə hazırlıq və Ukrayna Silahlı Qüvvələrinin yenidən qurulması üçün əlaqələndirilmiş hərbi planlaşdırma aparılıb". Bu qüvvələr yalnız Ukraynadakı hərbi əməliyyatlar bitdikdən sonra yerləşdiriləcək və ABŞ tərəfindən kömək edilə bilər.

Sülhü bərpa etmək üçün gələcəkdə Rusiyanın hücumu halında Ukraynanı dəstəkləmək üçün hüquqi cəhətdən məcburi öhdəlik. Bu bənddə deyilir ki, imza atan ölkələr gələcəkdə "hərbi imkanlardan istifadə, kəşfiyyat, logistika dəstəyi, diplomatik təşəbbüslər və əlavə sanksiyaların tətbiqi" daxil ola biləcək bu cür məsələləri tam razılaşdıracaqlar.

Ukrayna ilə uzunmüddətli müdafiə əməkdaşlığını inkişaf etdirmək öhdəliyi hərbi təlim, birgə silah istehsalı və kəşfiyyat əməkdaşlığını əhatə edəcək.

Bundan əlavə, Fransa, Birləşmiş Krallıq və Ukrayna üçtərəfli bəyannamə imzalayıblar və burada Paris və London müharibə bitərsə, Ukrayna ərazisinə qoşun göndərməyə hazır olduqlarını bildiriblər.

Böyük Britaniyanın Baş naziri Kir Starmer izah edib ki, bu sənəd Britaniya, Fransa və tərəfdaş qüvvələrin Ukrayna ərazisindəki hərəkətlərinin hüquqi əsaslandırılması üçün yol açır: "Onlar Ukrayna səmasının və dənizlərinin təhlükəsizliyini təmin edəcək və Ukrayna silahlı qüvvələrini gələcək üçün yenidən quracaqlar. Onu da deyə bilərəm ki, atəşkəsdən sonra Böyük Britaniya və Fransa Ukraynada "hərbi mərkəzlər" yaradacaq və Ukraynanın müdafiə ehtiyaclarını ödəmək üçün silah və hərbi texnika üçün təhlükəsiz obyektlər tikəcəklər".

Rusiya hakimiyyəti dəfələrlə bildirib ki, onlar Ukraynada qoşunların mövcudluğuna heç vaxt razı olmayacaqlar, çünki bunu öz təhlükəsizliklərinə təhdid hesab edirlər.

Son mətbuat konfransı zamanı  Ukrayna və Fransa prezidentləri, Böyük Britaniyanın Baş naziri və Almaniya Kansleri, eləcə də ABŞ Prezidentinin iki xüsusi nümayəndəsi tədbiri sülhə doğru mühüm addım kimi xarakterizə ediblər.

Zirvə toplantısını təşkil edən E. Makron bildirib ki, "istəklilər koalisiyası"nın üzvləri ABŞ-nin köməyi ilə Ukraynaya hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri verməlidirlər: "Bu o deməkdir ki, sülh müqaviləsi heç vaxt Ukrayna üçün yeni bir təhlükəyə səbəb olmayacaq". Fransa lideri həmçinin Rusiyanın keçmişdə, o cümlədən Gürcüstan, Moldova və Ukrayna ilə sülh müqavilələrini dəfələrlə pozduğunu xatırladıb.

Volodimir Zelenski atəşkəsin əsas maneəsi olan ərazi məsələsinin həll olunmamış qaldığını etiraf edib. O, Ukraynanın ABŞ ilə təhlükəsizlik zəmanəti müqavilələri imzalamağa hazır olduğunu, lakin "hələ də suallar olduğunu" qeyd edib. "Hələ də həll edilməli olan ən böyük məsələlər ərazi məsələləridir", - Ukrayna Prezidenti deyib.

D. Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ Prezidentinin Ukraynada sülh yaratmaq istədiyi ilə bağlı iddiasını təkrarlayıb və "sülh prosesində vasitəçi olmaq" missiyasını elan edib. "Biz düşünürük ki, Ukraynadakı insanlar bilməlidir - təhlükəsizlik protokollarını əsasən tamamlamışıq və bu bitdikdə, hər şey birdəfəlik bitəcək", - Uitkoff bildirib.

Məlum olduöu kimi, Miladdan bir müddət əvvəl Berlində "könüllülər koalisiyası"nın oxşar görüşü keçirilib və həmin vaxt ABŞ Ukraynanın müharibədən sonrakı təhlükəsizlik strukturunu dəstəkləmək üçün konkret öhdəliklər götürməyə çox yaxınlaşıb. Lakin Vaşinqton hələ də rəsmi olaraq bunu təsdiqləməyib.

Qeyd olunur ki, E. Makron, Paris sammitinin ABŞ-nin Kiyev üçün təhlükəsizlik zəmanətlərini imzalaması və ya ictimaiyyət qarşısında öhdəlik götürməsi ilə nəticələnəcəyinə ümid edirdi.

Ekspertlərin fikrincə, "Paris Bəyannaməsi"nin imzalanması uğurlu hesab edilə bilər, baxmayaraq ki, yekun mətbuat konfransında ABŞ nümayəndələri təhlükəsizlik zəmanətləri üzərində işin hələ başa çatmadığını bildiriblər.

V. Zelenski bu zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər şəkildə təsvir edib ki, bu maddə ittifaqın bütün üzvlərinin onlardan birinə hücum halında kollektiv müdafiəsini nəzərdə tutur.

Ukrayna NATO və Avropa İttifaqının üzvü olmaq niyyətini bəyan edib (bu müddəa Ukrayna konstitusiyasında yer alıb), lakin V. Zelenski indi ABŞ və bəzi digər Qərb ölkələrinin onun ittifaqa qoşulmasını istəmədiyini etiraf edir. Buna görə də, Kiyev hazırda praktik olaraq NATO üzvlüyünə bərabər təhlükəsizlik zəmanətləri axtarır. 

Lakin bütün bunlar yalnız atəşkəs olduqda məntiqlidir, atəşkəs isə yaxında görünmür.

Belə ki, Rusiya müharibənin bitməsi üçün maksimalist tələblərindən əl çəkmədiyini açıq şəkildə bildirib. Prezident Vladimir Putinin dediyinə görə,  Ukrayna qoşunları Donetsk vilayətinin bütün ərazilərindən çıxarılarsa, Moskva atəşkəsi qəbul etməyə hazırdır. Kiyev bu tələbi rədd edib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək  

15:18
08 Yanvar

Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-3 

15:17
08 Yanvar

SOCAR ilə “TotalEnergies” “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib  

15:13
08 Yanvar

Türkiyəli mütəxəssis: Müşahidə olunan temperatur dəyişiklikləri Xəzər dənizi hövzəsinin sürətlə istiləşdiyini göstərir  

14:45
08 Yanvar

Moldova xəbər portalı: Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqildir  

14:36
08 Yanvar

İnfeksionist: Epidemioloji durum nəzarət altındadır, əlavə tədbirlərə ehtiyac duyulmur  

14:35
08 Yanvar

Sabah bəzi rayonlarda hava fasilələrlə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

14:35
08 Yanvar

Abid Malik: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası “ACWA Power” üçün Azərbaycanda uzunmüddətli strateji əməkdaşlığın başlanğıcıdır  

14:11
08 Yanvar

FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək  

14:01
08 Yanvar

Kirayə mənzil fonduna daha 222 mənzil əlavə olunub

13:47
08 Yanvar

Türk professor: Azərbaycan regionun gələcəyini formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir  

13:41
08 Yanvar

Rəqəmsallaşma əmək bazarında hansı dəyişiklikləri yaradır?  

13:27
08 Yanvar

AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb  

13:23
08 Yanvar

Qırğızıstanlı analitik : Mərkəzi Asiya-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyə xidmət edir  

13:13
08 Yanvar

Fransada etiraz edən fermerlər traktorları Parisin mərkəzinə sürüblər  

13:08
08 Yanvar

Azərbaycanda ilk dəfə keçirilən dağ xizəyi üzrə beynəlxalq turnirin qalibləri mükafatlandırılıb  

12:57
08 Yanvar

Media: Donald Tramp gələcəkdə Venesuelaya səfər etmək istəyir  

12:39
08 Yanvar

Media: Avropa İttifaqı Donald Trampla birbaşa qarşıdurmaya hazırlaşır  

12:17
08 Yanvar

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub -YENİLƏNİB

12:15
08 Yanvar

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb  

11:41
08 Yanvar

Təyyar Eyvazov: Hazırda qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır  

11:36
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!