ABŞ Qida və Dərman Administrasiyası (FDA) məşhur arıqlama GLP-1 dərmanlarının istehsalçılarına qəfil korluğa səbəb ola biləcək nadir bir göz xəstəliyi haqqında xəbərdarlıq etiketləri əlavə etmələrini tapşırıb.
Ozempic, Wegovy, Mounjaro və Zepbound istehsalçıları arterial olmayan ön işemik optik neyropatiya barədə xəbərdarlıq etməlidirlər. Bu xəstəlik optik sinirlərə qan verən damarların tıxanması və sinirlərin oksigendən məhrum olması zamanı baş verir.
FDA bildirib ki, bu vəziyyət bir gözdə ağrısız görmə azalmasına səbəb ola bilər ki, bu da daimi ola bilər.
Amerika Oftalmologiya Akademiyası BBC-yə verdiyi açıqlamada bildirib ki, hər hansı əlavə risk cüzi görünür və bu dərmanların ön işemik optik neyropatiyaya səbəb olduğu sübuta yetirilməyib.
Təşkilat qeyd edib ki, GLP-1 qrupuna daxil olan dərmanlar şəkərli diabet, piylənmə və ürək xəstəlikləri olan insanlar üçün mühüm faydaları var. “Həkiminizlə məsləhətləşmədən dərman qəbulunu dayandırmayın. Əgər bir gözünüzdə qəfil və ağrısız görmə itkisi müşahidə etsəniz, dərhal oftalmoloqa müraciət edin”, – deyə bildirilib.
Ön işemik optik neyropatiya səbəbindən yaranan görmə itkisini geri qaytaracaq məlum bir müalicə üsulu yoxdur. Akademiyanın məlumatına görə, bu, 50 yaşdan yuxarı insanlarda kəskin görmə siniri zədələnməsinin ən geniş yayılmış səbəbidir.
FDA bildirib ki, GLP-1 preparatlarından istifadə edənlər arasında müşahidə olunan bu hallar ilə bağlı hesabatları, həmçinin digər tədqiqatları ətraflı nəzərdən keçirib. Qurum belə qənaətə gəlib ki, həmin dərmanları qəbul edən şəxslərdə nadir optik neyropatiya hallarının baş vermə riski daha yüksəkdir.
Tənzimləyici orqanın məlumatına görə, bəzi tədqiqatları təhlil etmək çətindir, çünki piylənmə və 2-ci tip şəkərli diabet səbəbindən GLP-1 preparatları qəbul edən şəxslərdə həmin dərmanlardan asılı olmayaraq, onsuz da ön işemik optik neyropatiya üçün risk faktorları mövcud ola bilər. FDA bildirib ki, GLP-1 preparatları qəbul edən şəxslərin bu göz xəstəliyi ilə üzləşmək riskinin niyə daha yüksək ola biləcəyi hələlik məlum deyil. Bu dərmanların üzərində artıq pankreatit (mədəaltı vəzin iltihabi xəstəliyi) və öd kisəsi xəstəlikləri də daxil olmaqla, bir sıra digər vəziyyətlərlə bağlı xəbərdarlıqlar mövcuddur. Bir çox GLP-1 preparatının əsas tərkib hissəsi olan semaqlutidin ən çox rast gəlinən əlavə təsirlərinə ürəkbulanma, qusma və mədə ağrısı daxildir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”