Qərar
№ 28/316
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 125 saylı Zəngilan - Qubadlı
seçki dairəsi üzrə qeydə alınmış namizədlər Azadoğlu Nazim Azad oğlu fevralın
17-də və Kərimov Faiq Alməmməd oğlu fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətlə həmin seçki dairəsinin
bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına
dair dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 31/161 saylı və 17
fevral 2020-ci il tarixli 32/164 saylı qərarlarını mübahisələndirmiş, müvafiq qərar
qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.
Müraciətlər eyni məzmunlu olduğundan və
125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin eyni məntəqələrini əhatə etdiyindən
bir icraatda birləşdirilmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına
və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət
və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun
olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən
araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizədlər N.A.Azadoğlu və F.A.Kərimov müraciətlərində
bildirmişlər ki, 2020-ci il fevralın
9-da keçirilmiş Milli Məclisə seçkilərdə dairə üzrə əksər seçki məntəqələrində
səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki
komissiyaları tərəfindən lider namizədin xeyrinə səslər süni şəkildə artırılmış,
onlara verilən səslər azaldılmış, müşahidəçilərə səsvermənin yekununa dair protokolun
surəti verilməmiş və digər qanun pozuntularına yol verilmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər
N.A.Azadoğlu və F.A.Kərimov 125 saylı Zəngilan - Qubadlı seçki dairəsi dairə seçki
komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər araşdırılmış, həmin
dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarları ilə müraciətlər
əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış,
araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş,
F.A.Kərimovun Komissiyanın iclasında iştirakı təmin edilmiş, N.A.Azadoğlu isə dəvət
olunmasına baxmayaraq Komissiyanın iclasında iştirak etməmişdir.
Dairə seçki komissiyasının mübahisələndirilən
qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.
125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin
dairə seçki komissiyası qeyd edilən qərarlarını onunla əsaslandırmışdır ki, araşdırma
ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini
tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması
zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan
verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizədlər N.A.Azadoğlu
və F.A.Kərimovun müraciətləri əsassız olduğu üçün təmin edilməməlidir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə
günü seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələrindən
başqa digər məntəqələrdə baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış,
seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki
komissiyasının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə
gəlmişdir.
Sosial şəbəkələr vasitəsilə paylaşılan və
şikayətçilərin araşdırmaya təqdim etdikləri videogörüntülər araşdırılarkən müəyyən
edilmişdir ki, 10, 32, 37, 38, 39, 40 və 55 saylı seçki məntəqələri üzrə seçki qanunvericiliyinin
tələblərinin pozulması halı təsdiqini tapmışdır.
Hazırkı araşdırma ilə əlaqədar dairə seçki
komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə
dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış zamanı 1, 10, 13,
36 və 59 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı
məlumatların şikayətçinin təqdim etdiyi protokol nüsxələri ilə müqayisədə fərqli
olduğu aşkarlanmışdır. Müqayisəli araşdırma zamanı bu və ya digər formada seçicilərin
iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilmişdir.
Göstərilən pozuntular seçki qanunvericiliyinin
tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız
hesab edilməsi üçün əsas yaratdığından 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və
59 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi
üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab ediləməli olan seçki
məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən
azını təşkil edir.
Belə ki, səsvermənin nəticələri etibarsız
hesab edilməli olan seçki məntəqələrinin sayı 11, seçki dairəsində olan seçki məntəqələrinin
ümumi sayı 59-dur.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası
birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:
- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin
nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları
seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;
- 170.2.2. birmandatlı seçki dairəsi üzrə
səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı
həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu
təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə
alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının
1/4-dən çoxunu təşkil etsin.
Araşdırma zamanı adıçəkilən məntəqə seçki
komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil
olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir.
Müəyyən edilmişdir ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri
istisna olmaqla, digər məntəqələrdə seçki qanunvericiliyinin tələblərinin pozulması
halı təsdiqini tapmamışdır.
Beləliklə, 125 saylı Zəngilan - Qubadlı seçki
dairəsinin həmin məntəqələri üzrə göstərilən hallar öz təsdiqini tapdığından şikayətlərin
qismən təmin olunması üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə
əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş
Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan - Qubadlı seçki dairəsi üzrə qeydə alınmış
namizədlər Azadoğlu Nazim Azad oğlu və Kərimov Faiq Alməmməd oğlunun müraciətləri
qismən təmin olunsun, həmin seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40,
55 və 59 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.
2. Dairə seçki komissiyasının 16 fevral
2020-ci il tarixli 31/161 və 17 fevral 2020-ci il tarixli 32/164 saylı qərarları
1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri üzrə hissədə
ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl
Rəhimov
20.02.2020