20 Yanvar 2023 04:14
2230
SİYASƏT
A- A+
20 Yanvar faciəsinə gedən yol

20 Yanvar faciəsinə gedən yol

 

Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi sayılan 20 Yanvar faciəsi yeni tariximizə həm də bir qürur günü kimi yazıldı. Bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən ovaxtkı imperiya rəhbərliyinə aydın şəkildə  nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladlarının sarsılmazlığını bir daha dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çöküşündə əsas amillərdən biri oldu.

 

Milli Şura tərəfindən qəbul edilmiş qərar xalqa xəyanət idi

 

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi günün qarşıya qoyulmuş tələbi idi. Ulu Öndər dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərinin və günahkarlarının araşdırılması ilə də məşğul oldu. Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Yalnız bundan sonra aparılan araşdırmalar nəticəsində məlum oldu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməməsində maraqlı olan qüvvələr var imiş. 1991-1993-cü illərdə hakimiyyətdə qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri bu dəhşətli faciədən yararlanmaq istəyirdilər. Ulu Öndər Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu sənəddə yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünün yerinə yetirilmədiyini nəzərə çatdırdı. Respublika səviyyəsində 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməməsini ciddi tənqid edən Heydər Əliyev 1992-ci ildə Milli Şura tərəfindən qəbul edilmiş səthi və başdansovdu qərarın xalqa xəyanət olduğunu bəyan etdi: "Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir".
1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları və digər məsələlər sənəddə qeyd olundu. Beləliklə, Heydər Əliyevin təkidi və təşəbbüsü sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.

 

Şəhidlərin xatirəsi həmişə uca tutulacaq

 

Təəssüf ki, zamanın və şəraitin doğurduğu səbəblərdən 20 Yanvar faciəsini törədənlər hüquqi müstəvidə layiq olduqları cəzanı almadılar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilirdi: "XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar".
"20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı haqqında əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş insanlara "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.
Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsinin  dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşırdı. Bakının ən uca nöqtəsində yerləşən Şəhidlər xiyabınında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə kompleksi də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə tikilib. 
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. 
Dövlət başçısı 20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı sərəncamında bildirmişdir ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar: "1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur".
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. 
Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır.  Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazıldı. Azərbaycan xalqı həmin gün azad yaşamağa layiq olduğunu bütün dünyaya sübut etdi.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!