Xalqımızın mədəni keçmişini yaşadan, adət-ənənəsinin qorunub saxlanmasında müstəsna xidmətləri olan 140 yaşlı İrəvan Dövlət Azərbaycan Dram Teatrı Qərbi azərbaycanlıların milli kimliyinin əsas elementlərindəndir.
Çağdaş fəaliyyətinin əsas prioriteti olan Vətən, dövlət, millət yanğısı bu qocaman sənət ocağının əsas qayəsidir. İstər ölkəmizdə, istərsə də xarici səfərlərində dönə-dönə üstün hesab etdiyi mövzular çərçivəsində azərbaycançılıq ideyasını, Qarabağ həqiqətlərini, irəvançılıq məfkurəsini geniş surətdə, sənətin ecazkar dili ilə təbliğ edir. İrəvana qayıtmaq eşqi ilə yaşadığını, öz doğma yurduna dönənə qədər mübarizə aparacağını dönə-dönə dilə gətirir. Qərbi Azərbaycanı hazırda özündə daha çox ehtiva edən İrəvan Azərbaycan Teatrı varlığı və yaratdığı sənət nümunələri ilə Qərbi Azərbaycan həqiqətlərini yaşadır və gələcəyə daşıyır.
Əsl tarixi 1600-cü illərə qədər gedib çıxan İrəvan Teatrının Sərdar Sarayında oynadığı, sözlə yanaşı, musiqi, rəqs, ifaçılıq janrları ilə zəngin olan, adı bizə naməlum qalan tamaşası, 1673-cü ildə İrəvana gələn fransız səyyahı Jan Şardeni elə valeh etmişdi ki, o, tamaşanı əminliklə Qərbin operalarına bənzətmişdi. İrəvan diyarını və ətraf bölgələri gəzən, dərindən araşdırmalar aparan Şarden onu da yazmışdı ki, İrəvanda cəmisi bir-iki erməni dükanı var, o da axşamüstü qapanır. Türklərin isə evinin, mülkünün sayının-hesabının olmadığını apardığı qeydlərində əks etdirir.
Faktların, yəni qəzet materiallarının verdiyi məlumata görə peşəkar fəaliyyəti 1882-ci ilə aid edilən, həmin dövrlərdə kasıb tələbələrə kömək məqsədilə ikinci dəfə oynanılan, yerli müəllif Məşədi İsmayılın "Tamahkarlıq düşmən qazanar" tamaşası ilə tarixləşən İrəvan Azərbaycan Teatrı elmi axtarışlara iz buraxır. Əslində, bu izlə onun gerçək tarixini müəyyənləşdirmək və üzə çıxarmaq çox vacib şərtlərdəndir. Unutmaq lazım deyil ki, bu qocaman sənət ocağı Qərbi Azərbaycanda mədəni mühitin formalaşmasında, maarifçiliyin pərvəriş tapmasında, inkişaf və intibah etməsində həmişə xüsusi rol oynamışdır. Bu sənət məbədində görkəmli şəxsiyyətlər çalışmışlar.
F.Köçərli, M.C.Məmmədquluzadə, İ.Dağıstanlı, Ə.Zeynalov, Ə.Əliyeva, K.Qubuşov. M.Nuriyev, Y.Nuri, A.Tağıyev, B.Qələndərli və digər sənətkarlar İrəvan Teatrına əmək vermiş, bu teatrın ənənələrini yaşatmış, eyni zamanda bu teatrın sənət nümunələrindən bəhrələnmişlər.
Teatrın kollektivi erməni vandalları tərəfindən soyqırımı faciəsini dəfələrlə yaşamışdır. 1905-ci və 1918-ci illər qırğınlarında öz dədə-baba yurdundan didərgin salınmış, Cənubi Azərbaycana pənah aparmış, orada fəaliyyətini səngitməmişdir. 1920-ci ildə öz yurduna dönən teatrın dinamik fəaliyyəti 1928-ci ildə ona dövlət statusunu qazandırmışdır. 1935-ci ildə teatra ölməz dramaturqumuz Cəfər Cabbarlının adı verilmişdir. İkinci Dünya müharibəsi illərində Ermənistan adlandırılan respublikada ən məhsuldar teatr olaraq fərqlənmişdir. Bunu görən erməni millətçi-faşistlər teatrı 1951-ci ildə tamamilə qapatmışdılar. Qapadılmasına rəğmən xalq teatrı statusunda da olsa, bu əzmkar, prinsipial sənət ocağının fədailəri fəaliyyətlərini dayandırmamış, yeni səhnə əsərlərinə həyat vermişlər. 1967-ci ildə Azərbaycanın böyük ziyalılarının və yerli təəssübkeşlərin səyi ilə teatr yenidən bərpa olunaraq öz dövlət statusuna qovuşmuşdur.
Teatrın dövlət statusu almasının 50 illiyi münasibətilə 1978-ci ildə keçirilən yubiley tədbirləri o vaxtlar teatra rəhbərlik etmiş görkəmli şair-dramaturq, teatr xadimi Hidayətin rəhbərliyi ilə həm İrəvanda, həm də Bakıda qeyd olunmuşdur. Heç şübhəsiz ki, bütün bu tədbirlərin belə miqyas alması məhz Ulu Öndər Heydər Əliyevin milli konsepsiyası hüdudlarında həyata keçirilirdi. Məhz buna görə də yubiley münasibətilə kollektivin bir neçə üzvü Azərbaycanın fəxri adları və ali diplomları ilə təltif olundular.
Teatr 1989-cu ildə erməni şovinist qüvvələrinin qaniçən siyasəti sayəsində İrəvandan zorla Azərbaycana göndərildi. Azərbaycanda o zamanlar rəhbərlikdə olan fəhmsizlərin diqqətsizliyi ucbatından bir müddət pərən-pərən düşdülər. Lakin həmin illərdə Akademik Milli Dram Teatrında sərəncamçı direktor vəzifəsində çalışan Ədalət Vəliyevin təəssübkeş dəstəyi sayəsində Akademik Milli Dram Teatrının nəzdində "Teatr-studiya" qismində kollektiv yenidən bir araya toplandı və fəaliyyətinə davam etdi. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan bir il sonra, 1994-cü ilin dekabr ayında verilən sərəncamla teatr yenidən dövlət statusu özünə qaytarılmaqla, peşəkar fəaliyyətini davam etdirdi. Tədbirlərin birində sənət ocağımızın fəaliyyətindən söhbət açan Heydər Əliyev teatrın keçdiyi tarixi yol barədə öz xoş sözlərini ifadə edərkən "117 yaşlı teatrı qorumaq lazımdır!" deyə strateji tövsiyəsini əsirgəmədi. Bu tövsiyəyə uyğun olaraq, bu gün də dövlətimizin qayğıları ilə əhatələnən İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan sənət məkanında əzmlə fəaliyyətini davam etdirir. Heç bir zaman Ulu Öndərin teatrımız haqqındakı mövqeyini unutmayan bu qocaman sənət ocağı etimadların doğruldulması üçün durmadan, layiqincə çalışır. Bu çalışmaları diqqətdən kənarda qoymayan, Ulu Öndər Heydər Əliyevin ideyalarını və milli məfkurəsini daim yaşadan Prezident İlham Əliyev də İrəvan Teatrının fəaliyyətini diqqətdə saxlayır və yüksək dəyərləndirir. 2007-ci ildə teatrımızın 125 illiyi dövlət səviyyəsində həm Azərbaycanda, həm də qardaş Türkiyə Cümhuriyyətində təntənəli şəkildə qeyd olunub. Həmin ərəfədə kollektivimizin bir neçə üzvü fəxri adlarla təltif edilib və elə bu yubiley münasibətilə Binəqədi rayonu ərazisində yerləşən böyük bir sarayla təmin olunmuşuq. Ölkə rəhbərinin imzaladığı müvafiq sərəncamla həmin binada əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Eyni zamanda teatrımızın 140 illiyinin dövlət səviyyəsində qeyd olunmasına dair 2022-ci il iyul ayının 14-də imzalanmış sərəncam məhz yüksək qayğının göstəriciləridir.
Bu günlərdə Qərbi Azərbaycan İcmasına göstərilən Prezident münasibəti ümumən azərbaycançılıq ideyasının ən bariz nümunəsidir. Biz - İrəvan Teatrının kollektivi bu siyasi gedişin, strateji yolun, Vətən, torpaq, yurd, el-oba təəssübünün bundan böyük bir nümunəsini təsəvvür etmirik və bütün varlığımızla, ruhumuzla ölkə rəhbəri İlham Əliyev ideyaları uğrunda canımız, qanımız və sənət imkanlarımız hesabına dönmədən çalışacağıq! Çünki bizim ən doğru, ən nurlu yolumuz budur!
İftixar PİRİYEV,
İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar incəsənət xadimi