Qeyri-neft
sektoruna yatırılan sərmayə 21,2 faiz artıb
Başa çatan
ötən il də gərgin siyasi və iqtisadi qarşıdurmalarla yadda qaldı. Amerika-Rusiya
siyasi gərginliyi, Amerika-Çin iqtisadi çəkişməsi, ticarət müharibələri və qarşılıqlı
sanksiyalar dünya iqtisadi inkişafına təsirsiz ötüşmədi. Üstəlik, siyasi ziddiyyətlərdən
qaynaqlanan səbəblər üzündən neftin qiyməti də qeyri-sabit olaraq qaldı. Sözsüz
ki, belə təlatümlər, güvənsizlik iş dünyasına da mənfi təsir göstərir.
Belə bir şəraitdə
bütün ölkələrin daha çox ehtiyac duyduqları isə sərmayə yatırımıdır. Çünki iqtisadiyyatın
dinamik inkişafını təmin edən başlıca şərtlərdən biri məhz kapital qoyuluşudur.
Və çox diqqətçəkən faktdır ki, məlum səbəblərdən
dünyada qarşılıqlı investisiya qoyuluşunda azalma müşahidə edilsə də, ölkəmizdə
bu problem yoxdur və yaradılan şəraitə, hökm sürən siyasi sabitliyə görə Azərbaycan
iqtisadiyyatı sərmayə yatırımından korluq çəkmir. Çünki ölkəmizdə həyata keçirilən
siyasətin bir məqsədi də ölkə iqtisadiyyatının kapitallaşdırılmasının dinamikasını
qoruyub saxlamaqdır. Dövlət bu məqsədlə özünün həyata keçirdiyi layihələri maliyyələşdirməklə
yanaşı, özəl sektoru da güzəştli kreditlərlə təmin edir. Məqsəd hər iki sahədə aparılan
islahatları davam etdirməklə bərabər, qeyri-neft sektorunun davamlı inkişafına nail
olmaqdır.
Dövlət Statistika
Komitəsinin verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi
və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala
12 milyard 899,4 milyon manat vəsait yönəldilib. Hesabat dövründə qeyri-neft sektoruna
yönəldilən vəsaitin həcmi 21,2, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar
22,6 faiz artıb. İstifadə olunan vəsaitin 68,4 faizi məhsul istehsalı sahəsində
istifadə edilib.
Həmin dövrdə
ümumi sərmayənin 51,8 faizi dövlət, 48,2 faizi qeyri-dövlət sektorlarının sərmayədarları
tərəfindən qoyulub. Əsas kapitala yönəldilən vəsaitin 69,9 faizi tikinti-quraşdırma
işlərinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi
isə ümumi sərmayənin 63,1 faizini təşkil edib.
Əsas kapitala
yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 6,4 milyard, bank kreditləri
1,6 milyard, büdcə vəsaitləri 3,5 milyard manatdan çox, büdcədənkənar fondların
vəsaitləri 254,3 milyon, əhalinin şəxsi vəsaitləri 921,1 milyon, digər vəsaitlər
isə 86,3 milyon manat olub.
Yaradılan
münbit investisiya mühitə görə bu gün də ölkə iqtisadiyyatına yabançı sərmayə qoyuluşu
davam edir. Bunun nəticəsidir ki, ötən ilin yanvar-noyabr aylarında xarici müəssisə
və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 754,5 milyon manat vəsait yönəldilib.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən
vəsaitin 3 milyard 838,9 milyon manatı İngiltərə, İsveçrə, Türkiyə, Malayziya, ABŞ,
Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.
Kapital qoyuluşu
ölkədə bir sıra yeni sosial, iqtisadi və infrastruktur obyektlərinin tikilib başa
çatmasına imkan yaradıb. Belə ki, keçən ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar
Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun
yeni binası, Bakıda Yüksək gərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq
"Yasamal-1” və "Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları,
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Bakı Şəhər Statistika İdarəsinin
inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, "Dinamo” hoteli, respublika Narkoloji
Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan
Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt Kimya
Sənaye Parkında Polipropilen Zavodu, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil”
MMC-nin iplik istehsalı üzrə 2 müəssisəsi və müxtəlif bölgələrdə müxtəlif təyinatlı
digər obyektlər istifadəyə verilib.
Rüstəm KAMAL,
"Azərbaycan”