18 Aprel 2023 01:05
1264
SİYASƏT
A- A+
113 günün vəhşəti

113 günün vəhşəti

 

14 yaşındaykən 3 aydan çox erməni mühasirəsində qalan, 18 aprel kaha qırğınına şahidlik edən Habil Ələsgərovun faciəvi "Başlıbel gündəliyi"...

 

1993-cü ilin iyulunda Azərbaycan radiosunda, "Əzizov Seyfəli qardaşı İsməti və əmisi oğlu Elşadı Xanlar rayonundakı Kəlbəcər qərargahında gözləyir. Onlardan həmin ünvana gəlmələri xahiş olunur", - deyə bir elan səsləndirilmişdi... 
Bəlkə də o zaman əksər dinləyicilərə adi xəbər kimi gələn bu elan, həmin vaxt Kəlbəcərin Başlıbel kəndindəki Barutlu kahasına sığınmış xeyli sayda insan üçün qurtuluş parolu, yaşam üçün ümid mesajı olmuşdu... 
Və düz yüz gündən artıqdır ki, erməni mühasirəsində zülm-zillət içərisində, ölümlə burun-buruna yaşamağa məhkum olan bu insanlar 1993-cü il aprelin 2-dən sonra ilk dəfə həmin gün sevincdən hönkür-hönkür ağlamışdılar...  

 

Ölümdən qaçış

 

Yavaş-yavaş şər qarışır, Başlıbel kəndinin üzərinə zülmətdən pərdə çəkilirdi. Axşamın toranı düşdükcə girovların arasındakı 14 yaşlı oğlanın da qaçıb canını qurtarmaq ümidləri artırdı. Özünə nə var idi ki, cavan idi, gözünə kəsdirdiyi dik yoxuşu bir həmlədə aşıb qaçardı. Amma o hər iki qolundan yaralı anasını, bacısını, qardaşını, qonşularını və onun biri yaralı olan iki körpəsini də düşmənin əlindən qoparıb almaq istəyirdi. Nəhayət, bayaqdan bəri beynində çək-çevir etdiyi fikirlər arasında çabalayan yeniyetmə qəti qərarını verərək onlara göstərdiyi istiqamətə doğru qaçmaları üçün işarə vermişdi. Düzdür, o anlarda oğlanın heç qaçıb canlarını qurtaracaqları ilə bağlı gümanı yox idi, sadəcə, girov düşməkdənsə, qaçarkən arxadan düşmənin atacağı güllələrdən öləcəklərini gözünün altına alaraq bu addımı atmışdı. Lakin ölümün onları elə indi, bu dəqiqə haqlayacağını düşünə-düşünə dik yoxuşu bir göz qırpımında necə aşaraq düşməndən uzaqlaşdıqlarını heç özü də anlaya bilməmişdi. Bircə onu anlamışdı ki, qurtuluş üçün az da olsa, ümidləri var. Qorxudan, dəhşətdən bağırları yarılan körpələr, uşaqlar, qadınlar dayanmadan qan-tər içərisində üz tutmuşdular uca dağların qoynundakı kahalıqlara.
Beləcə, Başlıbelin 14 yaşlı sakini Habil Ələkbər oğlu Ələsgərov anası Sərmayəni, bacısı Samirəni, qardaşı Rüstəmi, qonşuları Nərgizi və onun iki azyaşlı övladı Elmidarla Şəhriyarı düşmənə girov düşməkdən xilas etmişdi.
Amma erməni mühasirəsində qalan digər başlıbellilər kimi onları da hələ qarşıda xeyli məşəqqətli, ağrı-acılı, faciəvi günlər, aylar gözləyirdi...
1993-cü il aprel ayının 18-i idi...

 

62 sakin mühasirədə qalır

 

Kəlbəcər həmin il aprelin 2-də işğal olunmuşdu, amma rayonun bəzi ucqar kəndlərinin, o cümlədən də Başlıbelin sakinləri rayonu tərk etməyə macal tapa bilməmişdilər. Hələ 1991-ci ildən ermənilər Kəlbəcərə gələn işıq xətlərini kəsmişdilər, əhali ölkədə baş verənlərlə bağlı yalnız batareyalarla işləyən radiolardan xəbər tuta bilirdi. Eyni zamanda Kəlbəcərin sərt iqliminə bələd olanlar da bilirlər ki, buranın apreli də qış kimi keçir, qarı əskik olmur və bu da gediş-gəlişə mane olur. Bütün bu kimi səbəblərdən başlıbellilər rayonu gec tərk etmiş, amma bir çoxları buna nail ola bilməmişdilər. Şahidlər danışırlar ki, kəndi rayonla əlaqələndirən yeganə maşın yolu olan tunelə sarı üz tutan sakinlər isə buranın artıq ermənilər tərəfindən tutulduğunu görərək o şaxtada, qarda piyada dağ-daşla rayondan çıxmağa çalışmışdılar. Həmin vaxt düşmən yolda 9 nəfər başlıbellini qətlə yetirmiş, 5 nəfəri girov götürmüşdü. 
Kəndi tərk edə bilməyən 62 nəfər isə mühasirədə qalmış, Başlıbelin üstündəki kahalara sığınmışdı. Yeddi nəfərlik Ələsgərovlar ailəsi də onların arasında idi: baba Ələsgər, ata Ələkbər, ana Sərmayə, övladları Habil, Rüstəm, Samirə və Tacirə.

 

Avtomatı götürüb anasına tuşlayır

 

"Aprelin 18-i günorta saatları idi. Sığındığımız  kahalar ermənilər tərəfindən aşkar olunmuş, onlar dörd bir yandan bizi mühasirəyə almışdılar. Çıxış yolumuz yox idi və gördüm ki, düşmənə girov düşəcəyik, atışma zamanı bizi qorumaq üçün özünü qumbaranın üzərinə ataraq şəhid olan Vüqar adlı əsgərin avtomatını götürüb əllərim əsə-əsə anama, bacı-qardaşıma tuşladım, amma onları vurmağa ürəyim gəlmədi... Sonra..."
113 gün erməni mühasirəsində qalan, düz 3 ay  ərzində erməni vəhşiliklərinə şahidlik edən, 18 aprel günü kahalarda yaşanan qırğında, eləcə də sonra dəfələrlə ölümlə üz-üzə gələn Habil Ələsgərov 30 il əvvəl, cəmi 14 yaşı olan zaman yaşadıqları və ömürlük yaddaşına həkk olunan ağrı-acılarla dolu "Başlıbel gündəliyi"ni ürək ağrısı ilə vərəqləyir.
Habil deyir ki, onların Başlıbeldəki xoşbəxt həyatlarına 1993-cü il aprelin 2-də birdən-birə qar yağır, bütün ümidlərini, arzularını şaxta, sazaq vurur.  
- Həmin gün kənddə hamı təşvişə düşdü, dedilər ki, ermənilər gəlir, kəndi tərk etmək lazımdır. Əhalinin bir qismi yığışıb maşınlarla tunelə tərəf yola düşdülər. Bura bizi rayon mərkəzi ilə əlaqələndirən yeganə maşın yolu idi. Bir müddət keçəndən sonra gördük ki, gedən maşınlardan bəziləri qayıtdı, xəbər verdilər ki, ermənilər artıq tuneli tutub. Əhali Başlıbel binəsi deyilən yerdə maşınlarını qoyub dağ yolları ilə piyada getmişdilər. 
Babam yaşlı, bacı-qardaşlarım körpə olduğu üçün biz kəndi tərk edə bilməmişdik, amma yenə də işğalın uzun sürəcəyinə inanmır, vəziyyətin düzələcəyini düşünürdük.
Aprelin 3-də atamla meşəyə oduna gedəndə qonşu kənddən olan İsmayıl kişi ilə qarşılaşdıq, dedi ki, Şahkərəm və Çovdar kəndlərində də 3 hərbçi, 4 mülki şəxs qalıb.
Başlıbeldə isə bizdən başqa iki bütöv ailə, Əmiralıyevlər və Əhmədovlar ailəsi, eyni zamanda Elşad və İsmət adlı iki gənc, xeyli də yaşlı insan qalmışdı. Həmin gün axşamüstü kəndimizə Laçından 9 nəfər hərbçi, 4 nəfər də bir ailədən mülki şəxs gəldi. Bunlar Dambulaq kəndindən Əhliman kişi, 2 qızı və bir oğlu idi. Laçın tərəf də alındığı üçün heç bir yerə çıxışımız yox idi. Qərara gəlindi ki, Başlıbelin yuxarısındakı kahalara sığınaq, görək sonra başımıza nə gəlir. Aprelin 4-də ermənilər kəndə bir UAZ-la kəşfiyyata gəldilər, qısa zamanda isə geri qayıtdılar. Gün kimi aydın idi ki, düşmən tezliklə yenidən kəndə qayıdacaq.

 

Vüqar Abdullayev bizi qorumaq üçün özünü qumbaranın üzərinə ataraq şəhid oldu

 

Mühasirədəkilər yubanmadan yaşlıları, uşaqları kənddə olan avtobusla, UAZ-la kahanın başındakı ucqar evə daşıyırlar. Gecəni burada keçirərək səhərə qədər növbə ilə keşik çəkirlər. Səhəri gün kəndi yenidən silah səsləri başına götürür və buna görə də onlar Qalaça deyilən yerə çəkilərək durbinlə düşməni müşahidə etməyə başlayırlar. Həmin vaxt UAZ, Niva və 2 Uralla  kəndə gələn düşmən hərbçiləri başlıbellilərin gəbələrini (xovlu xalça) maşınlara yığaraq iki evə də od vurub gedirlər. Sonradan sakinlər gedib baxırlar ki, erməni vəhşiləri kənddə qalan Qənaət müəllimi dəhşətli işgəncələrlə qətlə yetiriblər.
- Vəziyyətin getdikcə ağırlaşdığını görüb Şırran kahasına yığışdıq. Burada çox kiçik mağaralar var idi, ailələr, əsgərlər hərə bu kahalardan birinə sığınmışdı. Təxminən ayın 5-dən 10-na qədər ermənilər demək olar ki, kəndə gəlmədilər. Bu ərəfədə ehtiyatla gedib ucqar evlərdən özümüzə ərzaq götürürdük. Amma həmin tarixdən sonra düşmən kəndə gəlib bütün evləri qarət etməyə başladı. Başlıbeldən heç kim heç nə çıxara bilməmişdi, hamı quruca canını götürüb getmişdi, mal-qoyun başlı-başına qalmışdı.
Aprelin 18-də isə kəndə yenə içərisində əsgərlər olan 2 Ural gəldi, bir də tankdan kiçik bir hərbi texnika. Amma ağlımıza gəlməzdi ki, onlar biz olan yerə də gələrlər. Günortaya yaxın anam əsgərlərin kahasında çörək bişirirdi, biz də qardaş-bacılarımla ayaqyalın, başıaçıq o sacın yanında oturmuşduq ki, çörək yeyək. Anam kiçik bacım Tacirəyə çörək verdi ki, bizim qaldığımız kahaya aparıb atamgilə çatdırsın. Bu zaman olduğumuz tərəfə doğru bir Niva gəldi və içərisindən iki silahlı erməni düşərək güllə ata-ata bizim kahaya tərəf gəlməyə başladı. Yanımızdakı Səlim və Cəlləd adlı əsgərlər hərəsi düşmənin birini vurdu.
Bu zaman başımızın üzərindən  dolu kimi güllə yağmağa başladı. Təxminən yarım saat belə davam etdi, sonra ara nisbətən səngidi. Bir qədər keçəndən sonra Zərdabın Qaravəlilər kəndindən olan Vüqar Abdullayev adlı əsgər kahadan baxdı ki, əllərində pulemyot (RPK) olan 4 erməni hərbçisi olduğumuz yerə yaxınlaşır. Görünür, onlar atışmada hamımızın öldüyünü düşünürdülər. Kahanın ağzına çatanda Vüqar onları atəşə tutdu və öldürdü. Bu zaman kahanın içərisinə qumbara atdılar, Vüqar bizi qorumaq üçün özünü qumbaranın üzərinə ataraq qəhrəmanlıqla şəhid oldu.

 

O məşum gün Başlıbeldə 18 nəfər qətl edildi

 

Artıq ermənilərin səsi lap yaxından gəlir, kahadakılar ölümün nəfəsini üzərlərində hiss edirdilər. Atılan güllələrdən biri də Habilin anası Sərmayənin qoluna dəymişdi. Düşmən kahaya tüstüverən qumbara atdıqdan sonra isə içəridəkilər dözə bilməyərək çölə çıxmışdılar. Əhliman kişini elə kahanın ağzında güllələmişdilər. 
- Girov aparmaq üçün hamımızı kahanın aşağısındakı dərənin yanına yığırdılar. Qarışıqlıqdan istifadə edib körpə qardaş-bacımı oradakı bir daşın arxasında daldaladım. Yuxarı çıxıb anamı da bura gətirmək istəyəndə onu digər qolundan da güllələdilər, dağdan aşıb düz yumalandı girovların yanına. Əvvəl elə bildim anam öldü, amma bacı-qardaşımın yanına çatanda gördüm ki, o, ayağa qalxdı. Ailəmizin qaldığı kahada olan atam, babam və kiçik bacımdan isə heç bir xəbər-ətər yox idi. Getdikcə hava qaralırdı, düşündüm ki, qaçaq, qoy arxadan bizi vursunlar. Qonşumuz Xasay əminin həyat yoldaşı Nərgiz xala da yanımızda idi, güllə yarası almış Şəhriyar qucağında, Elmidar da yanındaydı. Onu da birtəhər qaçmağa razı saldım və düşmənin başı digər girovları gətirməyə qarışanda fürsət tapıb sərt bir yoxuşdan çıxıb qaçdıq. Sonradan həmin yerə  gəldim və nə qədər etsəm də, oradan çıxa bilmədim, çünki bu insan qüvvəsi xaricində idi. Görünür elə Tanrının möcüzəsi budur ki, biz o yoxuşu çıxmışdıq, düşmən isə bundan həmin vaxt duyuq düşə bilməmişdi, sanki gözü bağlanmışdı...
Güc-bəla ilə gəlib Qara kahaya çıxdıq, anamın qollarından qan süzülürdü. Düşmən çox axtarsa da, gecə dağlarda qopan çovğun bizi qorudu. Elə bu çovğun kahada mühasirədə qalan digərlərinin də həyatını xilas etdi. Erməni hərbçilər dayana bilməyərək çıxıb getmiş, ölməkdən, girov düşməkdən son anda qurtulan kahadakıların da hərəsi bir yana dağılmışdı.
Təkcə həmin məşum 18 aprel günündə qatil ermənilər kahalara sığınmış 18 nəfəri qətlə yetirmiş, 14 nəfəri girov aparmışdılar.

 

Zardan 40 nəfərə yaxın adam Qaraçanlıda qalmışdı 

 

- Sonrakı günlərdə kahadan dağa-daşa perik düşmüş sakinlərlə, əsgərlərlə yenidən birləşib Qaraçanlı kəndində bir evə yığışdıq, amma atamgildən hələ də bir xəbər yox idi. Onu da deyim ki, Qaraçanlıda da Zar kəndindən haradasa 40 nəfərə yaxın qalanlar var idi. Onlara məktəb direktoru Mehdixan müəllim başçılıq edirdi.
Bir gündən sonra Hümmət həkim, İsmət və Qəzənfərlə bərabər Başlıbelə qayıdıb atışma olan kahaya gəldik. Hər tərəf öldürülən kənd sakinlərimizin meyitləri ilə dolu idi. Orada olanda gördük ki, ermənilər buradan mal-qoyun aparırlar. Tez yerə uzandıq ki, elə bilsinlər biz də meyitik. Təhlükə sovuşandan sonra qayalıqda keşik çəkdim, Hümmət həkim həyat yoldaşı Çiçəyi dəfn etdi. Sonradan digər Başlıbel şəhidləri də elə orada dəfn edildi.
Kahadan uşaqlara pal-paltar, rezin çəkmə, anama palto götürüb Qaraçanlıya qayıtdıq. Səhəri bir metrdən çox qar yağdı. Bu kəndə qışda maşın gələ bilmədiyi üçün düşündük ki, burada qalaq, bir müddət erməni bura gələ bilməz, amma yanılmışdıq…
Haradasa aprelin 23-də günortaya yaxın həyətə çıxanda gördüm ki, 7 erməni hərbçisi həyətdə olan gədəbəyli əsgər Müzahimə silah tuşlayıb. Özümdən asılı olmadan hündürdən qışqırdım ki, "Qədim dayı, ermənilər gəlib". Səs-küyə hamı, Zardan olan dəstədəkilər də çıxdı. Ermənilər gördülər ki, burada xeyli adam var, o cümlədən də silahlı əsgərlər, tez geri çəkilib getdilər. Hamı təşvişdə idi. Buradan  Qoç daş yaylağı istiqamətinə getməyi planlaşdırdıq. Amma anamın qolları şişmişdi, tərpənəcək halda deyildi deyə, bacımla mən onunla birgə qalmağı qərarlaşdırdıq. Lakin Müzahim qayıdıb avtomatını mənə verdi, özü isə anamı  çiyninə alıb birtəhər bizi dəstədəkilərə çatdırdı, gəlib "Sadığın potqası" deyilən yerə çatdıq. Çarəsiz idik, heç bir yer güvənli deyildi, düşmən hər yerdə idi. O zaman Mehdixan müəllimin dəstəsi başqa istiqamətə yönəldi, biz isə yenidən Başlıbelə qayıtdıq.

 

Kahadakı qırğın zamanı şəhid olanları yorğanlara büküb dəfn etdik

 

- Atamı, babamı, bacım Tacirəni və digər kənd sakinlərini isə Nəbi kahasında tapdıq. Bu kaha kənddən çox uzaq olduğu üçün aprelin 25-dən bura yığışdıq. Həyatımızı təhlükəyə atıb gecələr kəndə gedib ərzaq, əsasən də quyulardan kartof gətirirdik, hətta bir neçə dəfə düşmən duyuq düşüb qaramızca güllə də yağdırmışdı.
O zaman Hümmət həkim otla-çiçəklə, heyvan dərisi ilə müalicə edərək anamın, Şəhriyarın qolunu sağaltdı, eləcə də digər yaralılara çox kömək etdi.
18 apreldə kahadakı qırğın zamanı şəhid olanları yorğanlara büküb dəfn etdik. Mən, qardaşım, Müzahim qayada keşik çəkirdik, atam, Hümmət, Xasay meyitləri gətirib dəfn edirdilər.
Bir gün müşahidə etdik ki, üç nəfər vaxtilə kahalara yaşlıları daşıdığımız avtobusun yanında yerə, eyni zamanda bir kağıza nəsə yazıb maşının şüşəsinə yapışdırıb getdilər. Onlar yazmışdılar ki, "İsmayıldır, bizi görmək istəsəniz Çovdar, Şahkərəm tərəfə gəlin". Gedib İsmayılgili tapdıq, yanlarında əsgərlər də var idi. Dedilər ki, rayondan çıxmaq üçün dəfələrlə cəhd ediblər, amma ermənilər Tərtər çayının üstündə bütün körpülərdə post qurduğuna və çayı keçmək mümkün olmadığına görə bacarmayıblar. Lakin dedilər ki, nə olur, olsun mühasirədən çıxıb gedəcəklər. Həqiqətən də bir müddətdən sonra onlar bizim dəstədəki Qədim kişini  də götürüb getmiş, bu barədə bizə qaldıqları yerdə yazı qoymuşdular. 
Mayın 25-dən etibarən biz hamımız - mülki şəxslərdən və əsgərlərdən ibarət dəstəmizdəki 30 nəfər Barutlu kahasına yığışmışdıq. İyul ayı idi, radioda səsləndirilən və İsmayılgilin bizim üçün parol olan bir elanını duyduq. O an yaşadığımız sevinc hissini indi sözlə ifadə etməkdə çətinlik çəkirəm… Çarəsiz qaldığımız bir məqamda yaşam ümidimiz artdı.

 

"Torpağımı tərk edib heç yerə getməyəcəm"

 

Yola çıxma ərəfəsində isə kahadakılar Ələsgər kişinin "Mən torpağımı tərk edib heç yerə getməyəcəm", - deyə verdiyi qəti qərardan sarsılırlar. İki gün ərzində doğmalarının dil töküb yalvarması da inadkar qocanı sözündən döndərə bilmədi. 
Beləcə, 1993-cü il, iyulun 17-də mühasirədəkilər dağları, kahaları, Başlıbeli, Kəlbəcəri bu ixtiyara, İkinci Dünya müharibəsinin iştirakçısı, Başlıbelin ağır seyidi 93 yaşlı Ələsgər Ələsgər oğlu Kazımova əmanət edib gözyaşları içərisində yola düşürlər.
- 4 gün, ancaq gecələr yol gəldik. Tərtər çayını ip köməyi ilə Qılınclı kəndi ərazisindən keçdik. Kəlbəcərin Cəmilli kəndində düşmənin postları var idi. Birtəhər oranı da keçib özümüzü Daşkəsənin Zivlən kəndinə çatdırdıq.
Sonradan bildik ki, Kəlbəcərdən çıxan zaman Nadirxanlı kəndində əmim Allahverdinin həyat yoldaşı Naibəni də ermənilər öldürüb. Əmim uşaqlarını güc-bəla ilə xilas etmiş və onlar Yevlaxın Tanrıqulular kəndinə getmişdilər. Elə biz də Tanrıqululara yollandıq. Kəndin idarəsində qapısız, pəncərəsiz bir otağa yığışdıq. Çox çətin günlər yaşadıq…
Anamın qol sümüyündə qəlpə qalmışdı, həkimlər isə qəlpəni çıxarmağın mümkün olmadığını demişdilər. O çox əziyyət çəkirdi, yayda qollarına istilik gəlir, qışda qəlpə üşütmə verirdi. Bir neçə il belə ağrılarla yaşadı və sonra qəlpə bədəninə sızdı, nə qədər müalicə olunsa da, çarəsi olmadı, sonda ürəyinə getdiyinə görə anam dünyasını dəyişdi.
Atam Ələkbər ta uşaqlığından bəri yazıb-yaradır, 1967-ci ildə Başlibel ağsaqqaları atama "Sönməz" ləqəbi veriblər və elə o vaxtdan etibarən şeirlərinə Ələkbər Sönməz imzası qoyur. Atamın nə qədər külliyyatı Başlıbeldə ermənilər evimizi yandıranda məhv olub. Köçkünlükdən sonra isə 6 kitabı işıq üzü görüb. Mühasirədə qaldığımız zaman atam Başlıbel faciəsi barədə poema yazıb, bu faciənin canlı şahidi olaraq gördüyü düşmən vəhşətini ürək ağrısı, gözyaşı ilə qələmə alıb.
 Köçkünlük illərində babam Ələsgərlə bağlı Qızıl Xaç Komitəsinə müraciət etdik, amma heç bir xəbər-ətər ala bilmədik.

 

Düşmən gözündən iraq olduğumuz o kahalarda babamdan da bir nişanə tapacam...

 

Hər zaman Kəlbəcərə, Başlıbelə dönəcəyimiz, babamdan bir soraq alacağımız ümidi ilə yaşadıq. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Biz 30 illik həsrətdən sonra yenidən doğma torpaqlarımıza sevinclə qədəm basdıq.
2021-ci ilin sentyabrında Başlıbel faciəsi zamanı qətlə yetirilənlərin ekshumasiya edilmiş cəsədləri əvvəlki yerində dəfn olunanda mən də orada idim… 
O 113 gün ərzində yaşadığımız dəhşətlər bir-bir yenidən gözlərimin önündən keçdi, 18 aprel faciəsinin yaşandığı günə döndüm…
Ötən il film çəkilişləri ilə əlaqədar yenidən kəndimizə getdim. Qayıtdıqdan sonra babamın axtarışları ilə bağlı Baş Prokurorluğa müraciət etdim. Bununla əlaqədar ötən ilin aprelində bizi çağırıb izahat aldılar, sentyabrın 12-də isə axtarışlar üçün yenidən əraziyə yollandıq. Təhlükəsizliklə bağlı müəyyən səbəblərdən həmin vaxt Başlıbeldə axtarış aparılmadı. Kahaların hamısında hələlik tam axtarış aparılmadığına görə Ələsgər babamın taleyi barədə bu günə qədər məlumatımız yoxdur. Amma ürəyimdə bir ümid var ki, 113 gün bizi düşmən gözündən iraq edən o kahalarda babamdan da bir nişanə tapacam...

 

Acı qədərlə üz-üzə

 

Bu, düz 30 il əvvəl, ailəsi, həmkəndliləri və digər Azərbaycan vətəndaşları ilə birgə Kəlbəcərin Başlıbel kəndində ağrı-acılı, faciəvi günlər yaşamış Habil Ələsgərovun gerçək həyat hekayəsidir. 
1993-cü il aprelin 2-dən etibarən Başlıbeldə kahalara sığınan 62 nəfərin hər birinin fərqli bədbəxtlikləri, müsibətləri oldu. O 113 gün ərzində yaşanan dəhşətlər insanları həyatdan qopardı, ömürlük fiziki, mənəvi məhrumiyyətlərə düçar, ölənə qədər dərd yükü çəkməyə məhkum etdi... 
O faciələri yaşayanda, ermənilərin Başlıbeldə qətliam törətmələrinə şahidlik edəndə, özü ilə bərabər 6 nəfəri erməni girovluğundan qurtaranda, bir sözlə, 3 ay ərzində insan ağlına sığmayan təhlükələrlə, çətinliklərlə üz-üzə olanda Habilin cəmi 14 yaşı var idi. O, taleyin qəfildən başlarına açdığı bir amansız oyunun iştirakçısına çevrilmişdi. Dağdan ağır faciələrə sinə gərərək, birdən-birə böyümüşdü, amma həm də üzərindən 30 il keçsə belə, heç böyüməmiş, elə o yaşında qalmışdı...
Ruhu Kəlbəcərin ulu dağlarında dolaşan Ələsgər babanın 14 yaşlı nəvəsi kimi...
1993-cü il aprelin 2-dən əvvəlki Habil kimi...

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

 

O faciəvi günü Ələkbər Sönməz öz şeirində belə dilə gətirib:

On səkkizi aprel, Başlıbel kəndi,
Matəmə bürünüb yer üzü burda.
On səkkiz nəfərin dəhşətə bir bax, 
Qaraldı bir anda gündüzü burda. 

Yayıldı dağlara insan harayı,
Qan ilə qızardı Şırranın çayı.
Qonşum Məhəmmədi, oğlu Surxayı,
Vurdular Aygünü, Çingizi burda.
Qana boyadılar başda ləçəyin, 
Yağı güllələdi el ağbirçəyin.
Yetişə bilmədik, bizə Çiçəyin,
Bilmədik nə oldu son sözü burda. 

Hüseyin, Əhliman, Yaqub, Gülara,
İnsan cəsədidi, baxırsan hara.
Hər daşda güllədən var neçə yara,
Görünür hər yerdə qan izi burda.

Şəhid olanların artdı sırası,
Zövqiyyə Büsatın nazlı balası.
Canlarında saysız güllə yarası, 
Yanında dəfn etdik, Gülgəzi burda.
Tutu, Mayaxanım, Pəri, Qənaət, 
Baxdıqca adamı bürüyür dəhşət. 
Həm qoca Hüseyin, həm də yanır kənd,
Tüstüdən görmürdü, göz-gözü burda. 

Üz-üzə dayanıb, ölüm həyatla,
Vidalaşın deyir, bu kainatla.
Zərdablı Vüqar tək bir avtomatla,
Ölüncə qorudu o bizi burda. 

Günahsız xalqımın düşdüyü dərdi,
Dünyaya yaymağın, məqamı gəldi. 
Şahid olmasaydı, kim nə bilərdi…
Yağı o vaxt vursa Sönməzi burda. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!