Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

19 İyun 2016
 

Atam 2009-cu ildə rəhmətə gedib. Anam sağdır. Hazırda yaşadığımız evi anamla atam 1996-cı ildə alıblar və ev anamın adına qeydə alınıb. Eyni zamanda, atam və anam nikah dövründə 5,4 sot və 12 sot sahədən ibarət 2 torpaq sahəsi alıblar, həmin torpaqlar isə atamın adınadır. Biz 2 qardaş, 1 bacıyıq və hamımız evliyik. Atam vəsiyyətnamə qoymayıb. Qanun üzrə vərəsəliyə əsasən bölgü aparılarsa, kimə bu əmlakdan nə düşəcək?

 

Əli İmanov,

Sumqayıt şəhəri

 

Atanızın vəfatı ilə miras açılmışdır. Miras əmlaka evin və 2 torpaq sahəsinin hamısı deyil, 1/2 hissəsi  aiddir. Çünki həmin əmlaklar birgə nikah dövründə əvəzli şəkildə əldə edildiklərindən onların 1/2 hissəsi ananıza məxsusdur və onlar atanızın miras əmlakına aid edilə bilməzlər. Bu halda, sözügedən daşınmaz əmlakların 1/2 hissəsi qanun üzrə birinci növbədə vərəsələr (ananız, qardaşınız, bacınız və sizin) arasında bərabər hissələrdə bölünə bilər. Yəni, hər bir vərəsəyə miras əmlakın 1/8 hissəsi (1/2 hissə : 4 vərəsə = 1/8 hissə) düşəcəkdir.

Bundan əlavə, nəzərə almalısınız ki, qanunvericilikdə mirası qəbul etmə üçün müddət müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu baxımdan, mirasın 31 dekabr 2009-cu ildə açılmasını nəzərə alsaq, həmin tarixdən yuxarıda göstərilmiş müddətdə vərəsələr mirası qəbul etməliydi. Əgər bu müddət ərzində birinci növbədə vərəsələr və ya onlardan hər hansı biri üzrsüz səbəbdən mirası qəbul etməyibsə, onda bu hüququnu itirimişdir. Başqa sözlə, miras əmlakdan pay almaq hüququna malik olmaq miras əmlakın avtomatik qəbulunu ehtiva etmir. Belə bir hüquqa malik vərəsə hüququ çatdığı əmlak payını əldə etmək üçün həm də mirası qəbul etməlidir.

Qeyd: Sualınız daşınmaz əmlaklarla bağlı olduğundan cavab da onların üzərindən hazırlanmışdır.         

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi