Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

21 Fevral 2016
 

Atam Bakı şəhərindəki özünə məxsus mənzili bacıma vəsiyyət edib. Lakin ata-baba yurdumuzdakı - kənddəki evlə bağlı vəsiyyətnamədə heç nə deməyib. Bacım kənddəki evə də iddia edir. Bacımın kənddə yerləşən evə dair hər hansı hüququ varmı?

 

Vüqar Nağıyev,

Bakı

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, dünyasını dəyişmiş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla keçir. Həmin məcəllənin 1172-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir. Bu zaman əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.

Göründüyü kimi, əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, kənddə yerləşən ev qanun üzrə vərəsəlik qaydasında sizin və bacınızın mülkiyyətinə keçəcəkdir. Həmin evə münasibətdə sizin paylarınız bərabər götürüləcək. Bundan başqa, qeyd edək ki, sizin də şəhərdə yerləşən mənzilə münasibətdə məcburi payınız vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı sizə çatası payın yarısını təşkil etməlidir (Mülki Məcəllə, m. 1193).

    

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi