Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

22 Noyabr 2015
 

Yeni mənzil almışam. Mən və ailə üzvlərim mütləq bu  mənzildə qeydiyyata düşməliyik?

 

Məmməd HƏSƏNOV,

Bakı şəhəri

 

Əgər Siz mənzil aldıqdan sonra da əvvəlki yaşayış sahənizdə yaşamağa davam edirsinizsə, onda yaşayış yerinizi dəyişmədiyinizə görə yeni mənziliniz üzrə qeydiyyata düşməyiniz tələb olunmur.

Əgər ailə üzvlərinizlə birlikdə daimi yaşamaq üçün yeni mənzilə köçərsinizsə, 10 gündən gec olmayaraq orada qeydiyyata düşməlisiniz. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına  müraciət etməlidir. Bunun üçün forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

1)  şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Qanunvericiliyin tələbi ilə yaşayış yeri üzrə qeydiyyat vətəndaşların malik olduqları daşınmaz əmlakın - evin, mənzilin alınıb-satılması əsasında deyil, onların özlərinin daimi yaşayış yerinə görə aparılır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi