Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

01 Noyabr 2015
 

Fərdi sahibkar kimi sex işlədirəm. İşçilərdən birinin adına avtomobilə dair etibarnamə vermişəm ki, müəssisəyə  lazım olan mal və materialın daşınmasını təmin etsin. Bu işçi yol qəzası törədib və nəticədə başqa şəxsə maddi zərər dəyib. Həmin şəxs məhkəməyə müraciət edərək pulu işəgötürən kimi məndən tələb edir. Halbuki hadisə iş vaxtı deyil, bazar günü baş verib. Bu halda mən işəgötürən kimi həmin şəxsə vurulmuş  zərərə görə məsuliyyət daşıyıram?

 

Hidayət Əsədov,

Sumqayıt şəhəri

           

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəyə görə, məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara əsasən, işçi əmək müqaviləsi üzrə iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir. Amma bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin, yaxud fəaliyyət göstərməli olsun.

Göründüyü kimi, işçinin vurduğu zərərə görə işəgötürənin məsuliyyətinin yaranması üçün tələb edilən şərtlərdən biri zərərin işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurulmuş olmasıdır. Başqa sözlə, hadisə zamanı dəymiş zərər ilə işçiyə verilmiş işin icrası arasında hər hansı məqsəd bağı yoxdursa, işəgötürənin məsuliyyətindən danışmaq mümkün deyildir.

Siz hadisə günü üçüncü tərəfə dəyən zərərlə işçinizə tapşırılmış işin icrası arasında hər hansı məqsəd bağının olmadığını sübuta yetirə bilsəniz, məsuliyyətdən qurtula bilərsiniz. Məhkəmə də işə baxarkən bu halın mövcud olub-olmamasını nəzərə alıb müvafiq qərar qəbul edəcəkdir.

             

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi