Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əskişəhərdə ulu öndər Heydər Əliyevə həsr olunmuş xatirə gecəsi keçirildi

14 Dekabr 2011
 

Dekabrın 12-də Əskişəhərdə fəaliyyət göstərən "Əskişəhər Azərbaycanlılar Dərnəyi"nin təşəbbüsü ilə Anadolu Universitetində Heydər Əliyevin xatirə gecəsi keçirildi. Gecədə Əskişəhərdə fəaliyyət göstərən Anadolu və Osmanqazi universitetlərində dərs deyən azərbaycanlı müəllimlər, tələbələr, eyni zamanda Orta Asiyadan, İraqdan, Balkanlardan gəlmiş müəllim və tələbələr iştirak edirdilər.

Toplantını Azərbaycanlı Tələbələr Birliyinin sədri, Anadolu Universitetinin tələbəsi Kənan Məmmədov açdı. Sonra Heydər Əliyevin ruhuna dualar oxundu, xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi. Heydər Əliyevin həyat və yaradıcılığını göstərən sənədli film hər kəsin ürəyindən xəbər verdi. Ulu öndərin həyatı və Azərbaycan xalqına göstərdiyi əvəzsiz xidmət barədə "Əskişəhər Azərbaycanlılar Dərnəyi"nin sədr müavini Sirac Yaquboğlu məruzə etdi, Heydər Əliyevin Azərbaycanın layiqli övladı olduğunu dönə-dönə vurğuladı.

Anadolu Universitetinin müəllimi, professor Ələddin Şamilov Heydər Əliyev haqqında xatirələrini söylədi. Dedi ki, ulu öndərin toplantılarında iştirak edib, çıxışlarını diqqətlə dinləyib. 1969-cu ildə Bakı Dövlət Universitetinə işə qəbul olunub. O zaman Heydər Əliyev Azərbaycana rəhbər seçildi. Ulu öndər elmə, təhsilə xüsusi diqqət göstərirdi. Hər il yüzlərlə gənci Rusiyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərirdi. Heydər Əliyev xalqını canı qədər sevən böyük insan idi.

Əskişəhər Osmanqazi Universitetinin müəllimi, dosent T.Əliyeva fəlsəfə elmləri doktoru Salatın Əhmədovanın qələmə aldığı və Əskişəhərdə türkcə çap edilən "Heydər Əliyevin dil siyasəti" kitabı haqqında danışdı. O dedi ki, ötən əsrin 70-ci illərində Azərbaycanın rəhbəri olan Heydər Əliyev Azərbaycan dilini qoruyub saxladı, inkişaf etdirdi. Onun təşəbbüsü ilə rus məktəblərində Azərbaycan dilinin və ədəbiyyatının tədrisinə geniş yer verildi. Heydər Əliyev gənclərin çox dil bilməsinin tərəfdarı idi, amma ilk növbədə Azərbaycan dilini tər-təmiz bilməyi vacib hesab edirdi. Ulu öndərin təşəbbüsü ilə 1974-cü ildə "Müasir Azərbaycan dili" kitabına dövlət mükafatı verildi. Bu, Azərbaycan mədəniyyətinə verilən ən böyük qiymət idi. Bu mükafatın verilməsini Moskvada təsdiq etdirməyi yalnız Heydər Əliyev bacara bildi.

Xatirə gecəsində Əskişəhərdəki Odunpazarı bələdiyyəsinin mədəniyyət şöbəsində çalışan azərbaycanlı Səhər Atmaca, Əskişəhər Türk Ocağının sədri, professor N.Ünal və başqaları çıxış edərək Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü böyük işlərdən danışdılar.

Toplantının sonunda "Əskişəhər Azərbaycanlılar Dərnəyi"nin sədri Cavid Aydın çıxış edərək Heydər Əliyevə ehtiramını bildirdi, Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə hazırlanmış "Heydər Əliyev" kitabını toplantı iştirakçılarına təqdim etdi. Kitabın ilk səhifəsində Heydər Əliyevin yaxın dostu, professor İhsan Doğramaçının yazısı verilmişdir.

 

Tamilla ƏLİYEVA,

"Azərbaycan" qəzetinin Türkiyə təmsilçisi

 

Əskişəhər