Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın fəlsəfə elmi Afinada XXIII Dünya Fəlsəfə Konqresində böyük uğur qazanmışdır

04 Sentyabr 2013
 

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmiş XXIII Dünya Fəlsəfə Konqresində Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar sırasına daha bir uğur əlavə olunmuşdur.

Beş ildən bir keçirilən bu dünya konqresində ilk dəfə Azərbaycan nümayəndə heyəti geniş tərkibdə təmsil olunmuşdur.

Fəlsəfə konqreslərinin işində müntəzəm surətdə iştirak edən AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovdan əlavə, Afinada müxtəlif nəsillərin nümayəndələrinin, o cümlədən gənclərin iştirak etməsi, son illərdə ölkəmizdə elmi əlaqələrin kifayət qədər genişlənməsinə dəlalət edir.

Fəlsəfə elmləri doktorları Könül Bünyadzadə, Zakir Məmmədəliyev, Adil Əsədov, Rahid Ulusel, siyasi elmlər doktoru Vəsilə Hacıyeva, fəlsəfə doktorları Ariz Gözəlov, Roida Rzayeva, Rövşən Hacıyev, Əlihəsən Həmzəyev, doktorant Çinarə Məmmədova fəlsəfənin müxtəlif sahələri üzrə bölmələrin işində, plenar iclaslarda, "dəyirmi masa"larda və sosial-mədəni tədbirlərdə fəal iştirak etmiş, xarici ölkələrdən olan həmkarları ilə əməkdaşlıq haqqında danışıqlar aparmışlar.

Konqresdə elmin fəlsəfəsi, siyasətin fəlsəfəsi, ontologiya, epistemologiya, fəlsəfə tarixi və s. konkret sahələr üzrə bölmə iclaslarından əlavə, görkəmli filosofların təlimlərinə həsr olunmuş fərdi müzakirələr də keçirilmişdir.

Platon, Kant, Şopenhauer, Yaspers kimi böyük filosoflarla yanaşı, hazırda yazıb-yaradan bir sıra klassiklərin (Yurgen Habermas, Umberto Eko, Anna-Teresa Timiniçka, İoanna Kuçuradi) təlimlərinə ayrıca "dəyirmi masa"lar və seminarlar həsr olunmuşdur.

Əlamətdar haldır ki, dünya fəlsəfə konqreslərinin tarixində ilk dəfə olaraq müasir türk-islam dünyasının nümayəndəsinə də yer ayrılmış, onun təliminin müzakirəsi keçirilmişdir.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun Şərq və Qərb fəlsəfi düşüncəsinin ortaq dəyərləri əsasında hazırladığı yeni fenomenoloji konsepsiya konqres iştirakçılarının diqqət mərkəzində olmuşdur.

Professor Françesko Alfieri (Vatikan) Səlahəddin Xəlilovun ingilis dilində nəşr olunmuş "Həyat fenomenologiyası və İdeyanın həyatı" kitabında irəli sürdüyü yeni ideyalar barədə məruzə ilə çıxış etmişdir.

Professorlar Daniela Verduççi (İtaliya), Könül Bünyadzadə (Azərbaycan), Maija Kule (Latviya) və başqaları müzakirələrə qatılaraq S.Xəlilovun təlimini fenomenologiyanın Şərq düşüncə ənənələri üzərində qurulmuş yeni istiqaməti kimi dəyərləndirmişlər.

Növbəti konqresin 2018-ci ildə Pekin şəhərində keçirilməsi qərara alınmışdır.