Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda urbanizasiya siyasəti: Postindustrial çağırışlara cavab

04 Aprel 2013
 

Qədim şəhər mədəniyyətinə malik olan Azərbaycan postindustrializm dövründə urbanizasiya sahəsində yerli və qlobal çağırışlara cavab verən siyasət yürüdür. Azərbaycan dövləti şəhərlərin coğrafi genişlənməsi, urbanizasiya, şəhər infrastrukturunun yaxşılaşdırılması və şəhər mədəniyyətinin inkişafı istiqamətində mühüm addımlar atır. Resursla zəngin müsəlman ölkəsi Malayziyanın təcrübəsi də göstərir ki, sürətli sosial-iqtisadi inkişaf urbanizasiya prosesini gücləndirir.

Son illər Azərbaycanda kiçik və orta şəhərlərin periferiyanı cəlb etməklə coğrafi genişlənməsi həyata keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərar layihəsinə əsasən Qəbələ şəhərinə ətrafdakı 2095 hektar ərazi birləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qərarı 20 noyabr 2012-ci ildə təsdiqlədi. 21 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Gəncə şəhəri ərazisinin Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi yolu ilə 2694 hektar genişləndirilərək 12,5 min hektara çatdırılması barədə qərar layihəsi qəbul edib. 5 mart 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Masallı şəhərinin ərazisinin ətraf kəndlərin hesabına 353 hektardan 2540 hektara qədər, başqa sözlə, təxminən 7 dəfə artırılması barədə qərar layihəsini qəbul edib. Yaxın perspektivdə Şahbuz şəhəri ərazisinin 1821,6 hektar artırılaraq 2826,6 hektara və Ağdaş şəhəri ərzasinin 1237 hektar artırılaraq 2307 hektara çatdırılması planlaşdırılır.

Beləliklə, regional inkişafın nüvələri - əyalət şəhərlərinin miqyasları məhz kənd ərazilərinin, əhalisinin və başqa resurslarının hesabına artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasəti yeni dövrün çağırışlarına cavab verərək urbanizasiya məfhumuna yeni baxışı ortaya qoyur. Əgər əvvəllər Azərbaycanda urbanizasiya əyalətlərdən Bakıya olan daxili miqrasiyanı ehtiva edirdisə, hazırda miqrasiya vektorları əyalət şəhərlərinə istiqamətlənib. Yeni dövrdə urbanizasiya müstəqilliyin ilk illərində olduğu kimi, Bakının geridə qalmış regionların fonunda sürətlə böyüməsinə xidmət etmir. Əksinə, regional inkişafın lokomotivi ola biləcək əyalət şəhərləri sürətlə inkişaf etməklə urbanizasiyanın müsbət nəticələr verməsini göstərən lakmusa çevrilir.

Son illər Azərbaycanda şəhərlər coğrafi genişlənmə ilə yanaşı, həm də əhalinin sayında xüsusi çəkisinə görə öz mövqelərini gücləndirir. Müstəqilliyin ilk illərində Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi azalmağa başladı və Dövlət Statistika Komitəsinin məlumatına görə, 1999-cu ildə 51,1 faizə düşdü. 2002-ci ildən şəhər əhalisinin sayının artması prosesi baş verib. 2012-ci ildə 9 milyon 235 min nəfər əhalinin 52,9 faizi, başqa sözlə, 4 milyon 889 min nəfəri şəhərdə yaşayıb. Təkcə son 10 ildə Azərbaycanda şəhər əhalisinin sayı təxminən 700 min nəfər artıb. Özü də bu artımın yalnız 276 mini məhz paytaxt şəhəri Bakının hesabına baş verib. Beləliklə, əyalət şəhərlərində əhalinin artım sürəti Bakı ilə müqayisədə daha sürətlə gedir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2002-2012-ci illərdə Bakının əhalisi 14,9 faiz artdığı halda, Azərbaycanın digər şəhərlərində artım 17,9 faiz olmaqla paytaxtı 3 faiz bəndi üstələmişdir. Şəhər əhalisinin artımında təkcə Bakı və digər şəhərlərin arasında deyil, həm də regionların daxilində də nisbət dəyişir. Məsələn, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında şəhər əhalisinin xüsusi çəkisi 2002-ci ildəki 26,7 faizdən 2012-ci ildə 29,1 faizə çatıb. Beləliklə, məntiqi olaraq Azərbaycanda əhalinin ən sürətlə artımı paytaxtda və kəndlərdə deyil, məhz region şəhərlərində baş verir.

Malayziyanın urbanizasiya təcrübəsi göstərir ki, kiçik və orta şəhərlərin inkişafı məhz dövlətin dəstəyi və özəl sektorun iştirakı ilə baş verməlidir. Son illər Azərbaycanın regionlarındakı şəhərlərdə infrastrukturun (xüsusilə yol, elektrik, təbii qaz, kanalizasiya təminatı və s.) yaxşılaşdırılması, abadlıq işləri və yeni iş yerlərinin yaradılması kiçik və orta şəhərlərin əhali və biznes üçün daha əlverişli olmasına gətirib çıxarıb. Hətta dövlət büdcəsi də şəhərlərin öncüllük etdiyi regional inkişafı hiss edir: 2012-ci ildə Azərbaycan Respublikasında şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 499,4 milyon manat və ya 2011-ci illə müqayisədə 11,7 faiz artmışdır. Beləliklə, urbanizasiya yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin azalmasına xidmət edir və mərkəzi hakimiyyətin yükünü azaldır. Azərbaycan dövləti şəhərlərin vergi potensialının artırılması üçün daha bir addım atmışdır: bu ildən başlayaraq şəhər və rayonlarda vergi ödəyiciləri (mənfəət vergisi istisna olmaqla) bütün vergi və ödənişləri yerli büdcəyə edəcəklər. Bunun nəticəsidir ki, 2013-cü ildən Sumqayıt şəhəri və Abşeron rayonundan sonra Şirvan şəhərinin də yerli gəlirləri xərclərini tam ödəyəcəkdir. Azərbaycan dövləti tədricən kiçik və orta şəhərlərin maliyyə müstəqilliyinə çatmasını dəstəkləyir.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə həyata keçirilən layihələrin əksəriyyəti (südlük və ətlik istiqamətli cins heyvandarlıq kompleksləri, quşçuluq təsərrüfatları, ət kəsimi və emalı müəssisələri, çörək istehsalı zavodları, üzüm emalı müəssisələri, meyvə-tərəvəz emalı müəssisələri və digər sənaye müəssisələri) region şəhərlərinin sənaye potensialının inkişafına və bu potensiala xidmət edəcək kənd təsərrüfatının modernləşdirilməsinə istiqamətlənib.

Maraqlıdır ki, Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi - 52,9 faiz Çindəki eyni göstəriciyə (52,6 faiz) çox yaxındır. Çin qarşıdakı 10 il ərzində 40 trilyon yuan (6,4 trilyon ABŞ dolları) xərcləməklə daha 400 milyon insanı kəndlərdən şəhərə köçürmək istəyir. Məqsəd Çinin iqtisadi inkişafının mühərriki sayıla biləcək varlı istehlakçı təbəqəsinin formalaşdırılmasıdır. Çin hökuməti daxili istehlakçı tələbinin nə qədər güclü bir qüvvə olmasının və Çin iqtisadiyyatına qlobal böhran şəraitində əlavə təkan verməsinin fərqindədir. Beləliklə, urbanizasiya Çində orta təbəqənin mövqelərinin gücləndirilməsinə xidmət edir. Elə bu səbəbdəndir ki, qlobal iqtisadi böhrana baxmayaraq, Çin iqtisadiyyatı illik 7-8 faizlik artım tempini saxlayır. Orta təbəqənin azaldığı ABŞ və Avropa iqtisadiyyatı isə staqnasiyadan çıxa bilmir. Çin və Qərbin iqtisadi islahat fəlsəfəsində ən ciddi fərq ondadır ki, birinci daxili istehlakın artırılmasını, ikinci isə rəqabət qabiliyyətinin yüksəldilməsini hədəf olaraq seçib. Hələlik praktika Çinin daha düzgün yolda olduğunu sübut edir. Çin hökumətinin stimullaşdırdığı urbanizasiya nəticə etibarilə orta təbəqənin güclənməsi - onun maddi rifah halının yaxşılaşdırılması, alıcılıq qabiliyyətinin yüksəlməsi, əmək məhsuldarlığının artması yolu ilə iqtisadi inkişaf tempinin yüksək səviyyədə saxlanılmasına xidmət edir. Çində urbanizasiya imkanlar və resurslar nəzərə alınmaqla planlı şəkildə həyata keçirilir və məqsəd 2020-ci ildə 1,4 milyard nəfərlik əhalinin 60 faizinin şəhərlərdə yaşamasını təmin etməkdir. BRİCS ölkələrinin başqa bir üzvü Hindistan da şəhər əhalisinin 2030-cu ilə qədər 75 faiz həddinə çatdırılmasını hədəfləyib.

Türkiyənin aqrar ölkədən inkişaf etmiş sənayə dövlətinə çevrilməsində urbanizasiyanın böyük rolu olmuşdur. 1950-ci ildə Türkiyə əhalisinin cəmi 25 faizi şəhər əhalisi idisə, hazırda bu göstərici 70 faiz həddinə çatıb. Əgər əvvəllər Türkiyənin qərb sahilləri və Mərmərə bölgəsi daha sürətlə şəhərləşirdisə, hazırda "Anadolu pələngləri" adlanan ikinci dərəcəli şəhərlər daha yüksək templə inkişaf edir. Bu təmayül Azərbaycanda region şəhərlərinin paytaxta nisbətən daha sürətlə inkişaf etməsinə bənzəyir.

Braziliya təcrübəsi isə göstərir ki, aşırı sürətli urbanizasiya iri şəhərlərdə "sosial tıxaclar" yaradır. Məsələn, San-Paulu şəhərinin infrastrukturu və iqtisadi potensialı sürətli urbanizasiyanın tələblərinə cavab verə bilmədiyindən şəhərdə həddən artıq yüklənmə getmişdi. Bu təmayül Sovet İttifaqı dağılandan sonra bütün müttəfiq respublikalarda bu və ya digər dərəcədə təzahür etmişdir. Buna görə də urbanizasiya planlı şəkildə tənzimlənməlidir. Əvvəlcə infrastruktur və iş yerləri yaradılmalı,  sonra urbanizasiya stimullaşdırılmalıdır. Azərbaycanda urbanizasiyanın keyfiyyət və kəmiyyət etibarilə yeni mərhələyə qədəm qoymasının əsasında ilk növbədə 2004-2008-ci və 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramları dayanır. Bunun nəticəsidir ki, Azərbaycanın kiçik və orta şəhərləri urbanizasiyanın aşırı təzyiqi ilə üzləşmir, əksinə, urbanizasiya və şəhərlərin inkişaf tempi dialektik vəhdətdə olmaqla sinxronlaşdırılıb.

Azərbaycanda urbanizasiya prosesi kəndlərin tamamilə silinməsi anlamına gəlməməlidir. Əksinə, kənd təsərrüfatının modernləşdirilməsi və məhsuldarlığın artırılması nəticə etibarilə rəqabət qabiliyyətinin yüksəlməsinə gətirəcək. Kənd təsərrüfatı sahəsində qənaət edilən əmək resursları isə urbanizasiya prosesi çərçivəsində şəhərə transfer edəcək. Bu gün dünyada sürətlə genişlənən "rəqəmsal nəsil" Azərbaycanda da formalaşır və əmək resurslarının keyfiyyət və kəmiyyət etibarilə yeni mərhələyə qədəm qoyması prosesinə öz töhfəsini verir.

Prezidentin yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) apardığı tədqiqat sübut edir ki, şəhərlər cəmiyyətin dayanıqlığını təmin edən orta təbəqənin formalaşmasında mühüm rol oynayır. Məsələn, Azərbaycanda orta təbəqənin əsas hissəsi şəhərlərdə yaşayır. Tədqiqat nəticələri şəhərlərin əhalinin təhsil səviyyəsinin artmasına daha çox təsir göstərdiyini sübut edir. Belə ki, SAM-da aparılan tədqiqatlar sübut edir ki, ali təhsilli orta təbəqənin böyük bir qismi yerli şəhərlərdə və ya böyük əksəriyyət Bakıda formalaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında deyilir ki, indidən ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçidin əsası qoyulmalı, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir. Şəhər mühiti insan kapitalının inkişafı və bilik iqtisadiyyatının qurulması üçün yaxşı zəmin hazırlayır.

Azərbaycan dövləti hazırda işğal altında olan ərazilərdə də işğaldan sonra urbanizasiya siyasətini həyata keçirmək niyyətindədir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Füzulinin bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı, burada görülən işlər Azərbaycan dövlətinin gücünü göstərir. Onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra hazırda işğal altında olan bütün ərazilər də belə gözəl, abad yerlərə çevriləcək. Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar. Hər birimiz öz işimizlə o tarixi günü yaxınlaşdırırıq".

Beləliklə, Azərbaycan dövləti urbanizasiya prosesini qısa, orta və uzunmüddətli dönəmdə sistemli olaraq nəticəyə hesablanmış bir siyasət olaraq həyata keçirir. Urbanizasiya Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması, habelə onun dünyagörüşünün və həyat tərzinin qlobal çağırışlarla uzlaşdırılması məqsədlərinə xidmət edir.

 

Fərhad MƏMMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru

 

Vüsal QASIMLI,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri