Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu dövləti heç kim sarsıda bilməz

13 İyul 2018
 

Azərbaycanda istənilən təxribatın qarşısı layiqincə alınır

 

Radikal dini yönümlü bir qrup şəxsin Gəncədə asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi və bunun qarşısını alarkən iki yüksək rütbəli polis zabitinin həlak olması günün müzakirə mövzusu olaraq qalır. Ölkə ziyalıları, tanınmış ictimai-siyasi xadimlər, siyasətçilər xalqa müraciət edərək hər zaman olduğu kimi ayıq-sayıq olmağı, təxribatlara uymamağı məsləhət görürlər.
Müraciətlərdə qeyd edilir ki, antiazərbaycançı şəbəkə bu dəfə Gəncədə din pərdəsi altında ölkəmizdə anarxiya yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhd edib. Lakin həmişəki kimi bu təxribat da baş tutmayıb.

 

Onlar islama deyil, xurafata xidmət edirlər

 

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyir ki, Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir. Ona görə də bu cinayəti törədənlər layiqli cəzalarını almalıdırlar: “Azərbaycan kifayət qədər oturuşmuş bir dövlətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan bu dövlət möhkəm əsaslar üzərində qurulub və onu heç kim sarsıda bilməz. Bu cür hərəkətlər bizi yolumuzdan döndərə bilməz. Cinayətkarlar cəzalandırılmalıdır. Hüquq-mühafizə orqanları bu məsələni ciddi araşdıraraq kökünü tapmalıdır”.
Siyavuş Novruzov qeyd edib ki, məsələnin haradan qaynaqlandığı, hansı ölkədən tapşırıqların alındığı müəyyən edilməli və qarşısı dərhal alınmalıdır: “Mən komitə sədri kimi bəyan edirəm ki, istər Qurani-Kərimdə, istərsə də şəriətdə insan öldürmək qadağandır. Bunlar hamısı islam dininə ziddir. Kim bunu din pərdəsi altında həyata keçirmək istəyirsə, o, səhv yoldadır və həmin şəxsin dinə ümumiyyətlə, aidiyyəti yoxdur. Ümumilikdə, bəzi müsəlmanlar bir-birinə qardaş deyirlər. Əgər biz bir-birimizi qardaş hesab ediriksə, qardaş qardaşı necə öldürə bilər?! Bu, islamın prinsipidir. Kim bu fundamental prinsipdən kənara çıxırsa, o, islama deyil, xurafata xidmət edir. Onun törətdiyi əməl də həm müasir dövrün qanunları, həm də islam hüququ ilə heç cür bəraət ala bilməz”.

 

İğtişaşın inanclı insanlarla, əsl dindarlarla heç bir əlaqəsi yoxdur

 

“Bu iğtişaşın Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, millətimizin müsəlman Şərqində ilk olaraq qurduğu Cümhuriyyətimizin paytaxtı Gəncə şəhərinin sakinlərinə heç bir aidiyyəti yoxdur. Çünki gəncəlilər daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç bir zaman təxribatlara uymayıb”.
Bu fikirləri isə Milli Məclisin deputatı, professor Musa Qasımlı söyləyib. Baş verən iğtişaşın imanlı, inanclı insanlarla, əsl dindarlarla heç bir əlaqəsinin olmadığını deyən deputat vurğulayıb ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət bütün dinlər üçün şərait yaradıb və onların işlərinə qarışmır:
“Hadisəni törədənlər xaricdən maliyyələşən, idarə olunan, Azərbaycanı Suriyaya çevirmək və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır. Hesab edirəm ki, belə cəhdlərin qarşısı dövlətimizin bütün qanunları ilə qətiyyətlə və amansızlıqla alınmalıdır. İctimai təhlükəsizliyi qoruyan və dövlətin orqanı olan polisə qaldırılan əl elə kəsilməlidir ki, belə fikrə düşən digərlərinə də dərs olsun”.
Deputat ölkəmizdə radikal dini qruplaşmaların fəaliyyətinin artması və son günlər baş verən digər xoşagəlməz hadisələrin planlı şəkildə hazırlandığı qənaətindədir. Onun fikrincə, bu hadisələr Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələrin məkrli planlarının tərkib hissəsidir: “Ancaq iğtişaşları törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan dövləti çox güclüdür, bütün təxribatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı isə etimad göstərdiyi Prezident İlham Əliyevə güvənir və ətrafında sıx birləşib, pozucu qüvvələrə heç bir zaman meydan verməz. Millətimizin iradəsi hər şeydən üstündür”.

 

Radikal dini terrorizmin kökünü kəsməliyik

 

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə hesab edir ki, Gəncədə baş verən hadisələrin iştirakçıları vaxtı ilə Suriyada və digər ərəb ölkələrində baş kəsən terrorçuların tör-töküntüləridir. Bu isə onu göstərir ki, bəzi dövlətlərin xüsusi xidmət orqanları hansısa yollarla öz adamlarını ölkəmizdə yerləşdirə biliblər.
Deputatın sözlərinə görə, Azərbaycanın gələcəyini sivil dövlət kimi görən bütün qüvvələr vahid mövqedən çıxış etməlidir: “Biz, bu radikal dini terrorizmin kökünü kəsməliyik. İmkan verməməliyik ki, belə qüvvələr ölkəmizdə geniş əl-qol aça bilsin. Çalışmalıyıq ki, ölkədə qanunun aliliyi təmin edilsin, bunun üçün ciddi islahatlar aparılsın”.
Q.Həsənquliyev hesab edir ki, baş verən iğtişaş zamanı polis çox təmkinli hərəkət edib. Dünyanın hər yerində əlində silah və ya daşla aksiyaya çıxana polis silah tətbiq edir. Vurub öldürməsə də, ayağına atəş aça bilir. Bəlkə də Gəncədə polis əməkdaşları silahlı olsa, atəş açılsaydı, nəticə başqa cür olardı: “Bir daha bəyan edirəm ki, hadisə zamanı ekstremist-terrorçular tərəfindən qətlə yetirilən polis zabitlərinin qanı hədər getməməlidir. Onlar həyatlarını dövlətimiz üçün qurban ediblər. Allah hər ikisinə rəhmət etsin, əsl şəhid onlardır. Gəncə hadisələrində iştirak edən şəxslərin tam dairəsi müəyyən olunmalı və qətli törədənlər, bu prosesə dəstək verənlər, təhrikçilər, təşkilatçılar qanunun sərt üzü ilə cəzalandırılmalıdırlar”.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”