Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ərdoğan yenə İlham qardaşını seçdi”

12 İyul 2018
 

Türkiyə Prezidentinin ilk səfərini Azərbaycana etməsi bu ölkənin mediasının əsas manşet mövzusu oldu

 

Türkiyə-Azərbaycan əlaqələrinin mövcud səviyyəsi qardaşlığın, dostluğun rəmzi olaraq iki dövlətin həmrəyliyinin, birliyinin yüksək təzahürü sayılır. Strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərin qorunması və inkişafı xalqlarımızın mənəvi sifarişi sayılır.
Azərbaycan-Türkiyə əlaqələrinin siyasi, iqtisadi və digər sahələr üzrə dinamik artımla davam etməsi böyük bir coğrafi məkanda proseslərin gedişinə təsir göstərir. Təbii ki, münasibətlərin bu qaydada formalaşmasında liderlərin də xüsusi rolu var.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlərə töhfə verən mühüm məqamlardan biri də seçkilərdən sonra dövlət başçılarının etdikləri səfərlərdir. Azərbaycan Prezidenti seçkilərdən sonra ilk səfərini Türkiyəyə, qardaş ölkənin rəhbəri isə Azərbaycana edir. Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi ölkələrimiz arasında strateji əməkdaşlığa və müttəfiqliyə göstərilən yüksək diqqətin real təsdiqidir.
Səfər qardaş ölkənin bir neçə yüz minlik tirajlı qəzetlərinin əsas manşet mövzusuna çevrilib. Teleşirkətlər isə həmin hadisəni canlı yayımlar vasitəsilə izləyicilərə göstəriblər. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq:
“Yeni Şafak” qəzeti “Qardaş ziyarəti” adlı xəbəri manşetdən verib. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edib. Siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə ikitərəfli əməkdaşlığın bundan sonra da çevik inkişafı Azərbaycan və Türkiyəyə yeni-yeni uğurlar vəd edir.
İki dövlət başçısının açıqlamalarını diqqətə çatdıran qəzet R.T.Ərdoğanın “Prezident kimi and içdikdən sonra ilk səfərimi bu səhər qardaş, dost Azərbaycana etmək vəzifəmizi yerinə yetirmək istədim” fikirlərinə geniş yer ayırıb: “Təbii ki, bizim Türkiyə-Azərbaycan əlaqələrimiz, bildiyiniz kimi, “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edir. Bu anlayışa bağlı olaraq əlaqələrimizi bu səviyyəyə çatdırdıq və irəliyə aparmaqda davam edəcəyik”.
Prezident İlham Əliyevin “Türkiyə xalqı Sizə yenidən böyük etimad, dəstək göstərmişdir. Siz uzun illər ərzində Türkiyənin inkişafı üçün çox böyük işlər görürsünüz” fikrini oxuculara çatdıran qəzet qeyd edib ki, Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşılayırlar: “Bizim əlaqələrimiz çoxşaxəlidir. Əlaqələrin təməlində xalqlarımızın, dövlətlərimizin birliyi, ortaq maraqları dayanır. Biz dostuq, qardaşıq. Türkiyə Prezidentinin seçkilərdən sonra birinci səfərini Azərbaycana etməsi bunu bir daha göstərir”.
“Star” qəzetinin “TANAP iki ölkə üçün də həyati əhəmiyyətlidir” başlıqlı xəbərində qeyd edilib ki, “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verir. İlham Əliyevin “Əskişəhər şəhərində TANAP-ın açılışında bərabər olmuşuq. Bu, təbiidir və çox böyük məntiqə əsaslanır. Çünki TANAP layihəsinin təməlini biz 2012-ci ildə İstanbulda birlikdə qoymuşuq. Aramızda imzalanmış TANAP üzrə saziş artıq gerçəkləşdi və bu tarixi layihəyə start verildi” fikirlərinə geniş yer ayrılıb.
Qeyd olunur ki, Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edib. Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilir.
“Sabah” qəzetinin “Bölgədəki gücümüzü daha da böyüdəcəyik” başlıqlı xəbərində isə bildirilib ki, İlham Əliyev və R.T.Ərdoğan mətbuata verdikləri açıqlamalarla bir sıra maraqlı məqamları diqqətə çatdırıblar. İki liderin fikirləri əsasında TANAP layihəsinə geniş yer verilib. R.T.Ərdoğanın “Prezident kimi and içdikdən sonra ilk səfərimi bu səhər qardaş, dost Azərbaycana etmək vəzifəmizi yerinə yetirmək istədim” fikrinə yer ayıran qəzet qeyd edib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parlamağa davam edəcək.
“Hürriyet” qəzeti “Zuğulba Sarayında” başlıqlı xəbərində İlham Əliyevin fikirlərinə geniş yer verərək vurğulayır ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir. Bildirilib ki, rəsmi qarşılanma mərasimindən sonra hər iki liderin təkbətək görüşü olub. İlham Əliyevin “Bizim aramızda şəxsi dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrimizi bir-birinə daha sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir” fikirlərinə geniş yer ayrılan məqalədə iki ölkə arasında güclü bağların olduğu diqqətə çəkilib.
“Posta” qəzetinin “Qardaş ziyarəti” başlıqlı xəbərində Azərbaycan və Türkiyə liderlərinin görüşü barədə məlumatlar öz əksini tapıb. Bildirilib ki, Ərdoğan yenə də İlham qardaşını seçdi. Azərbaycan Prezidenti Türkiyənin ən yaxın və səmimi dostudur. Dövlət başçılarının ilk rəsmi səfərlərini məhz qardaş ölkəyə etməsi rəğbətlə qarşılanır. İlham Əliyevin “Dünən Türkiyədə Sizin andiçmə mərasiminiz keçirilmişdir və bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir” açıqlamasının yer aldığı xəbərdə qarşılıqlı səfərlərin Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
“Milliyet” qəzeti “TANAP çox stratejidir” başlıqlı xəbərini manşetə çıxarıb. Bildirilir ki, Azərbaycanla Türkiyə münasibətlərin nə dərəcədə yüksək səviyyədə qurulduğunu, tərəflərin mühüm əhəmiyyət kəsb edən maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə hazır olduğunu həmişə göstərib. Hər iki dövlət başçısının fikirlərinin yer aldığı xəbərdə
TANAP bundan sonrakı prosesdə Türkiyə və Azərbaycan üçün həyati əhəmiyyətli layihədir. Eyni zamanda Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir.
“Akşam” qəzeti “Naxçıvana Türkiyə şəfqəti” başlıqlı xəbərini manşetdən verib. Bildirilib ki, İlham Əliyevin həmkarı R.T.Ərdoğan ilə təkbətək görüşü olub. Yazıda Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.
Müdafiə sənayesi sahəsində də əlaqələrin uğurla inkişaf etdiyinin vurğulandığı məqalədə R.T.Ərdoğanın “Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik. Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik” açıqlaması Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyi qeyd olunub.
“Milat” qəzeti “Qardaşla paylaşaq” başlıqlı yazını manşetə çıxarıb. Məqalədə R.T.Ərdoğan Prezident seçildikdən sonra ilk rəsmi səfərinin Azərbaycana olması və liderlərin mətbuata birgə bəyanatları öz əksini tapıb. Prezidentlər İlham Əliyev və R.T.Ərdoğanın yeni layihələrlə bağlı fikirlərinin yer aldığı məqalədə bildirilir ki, Azərbaycanın sərmayə sahəsində Türkiyədəki Əliağa layihəsi həqiqətən hər cür təqdirdən daha böyükdür. Bu layihə təməli qoyulduğu gündən get-gedə davam edən, böyüyən bir sərmayə olaraq özünü göstərir.
“Yeni akit” qəzetinin “Böyük sərmayələr üçün payız müjdəsi” başlıqlı xəbərində bildirilib ki, İlham Əliyev həmkarı R.T.Ərdoğanla Bakıda bir sıra yeniliklərlə bağlı açıqlamalar veriblər. Qeyd edilib ki, Azərbaycanın sərmayə sahəsində Türkiyədəki Əliağa layihəsi həqiqətən çox təqdirəlayiqdir. Bu sərmayəni daha da genişləndirməyin və reallaşdırılmaqda olan bəzi layihələrin də payızda açılışı olacaq. R.T.Ərdoğan isə bu sevindirici xəbəri İlham Əliyevlə birgə açıqladı.
“Türkiye” qəzeti “İki gündə 6100 km” başlıqlı xəbərini manşetə çıxarıb. Qeyd olunub ki, İlham Əliyev Prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsinə R.T.Ərdoğan qarşılıqlı jestlə cavab verdi. İyulun 10-da R.T.Ərdoğan ilk rəsmi səfərini Azərbaycana etdi.
Nəşr Prezident İlham Əliyevin Türkiyə və Azərbaycan bölgədə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirir fikrini diqqətə çatdırıb: “TANAP” layihəsinin başa çatması bu istiqamətdə atılan çox böyük addımdır. Bildiyiniz kimi, əvvəlki illərdə də digər böyük enerji layihələri birlikdə həyata keçirilib. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib ediblər”.
“Vatan” qəzetinin hər iki prezidentin fikirlərinin yer aldığı “TANAP çox strateji əhəmiyyətlidir” başlıqlı məqaləsində iki ölkənin dövlət başçılarının mətbuata bəyanatında TANAP layihəsi barədə dedikləri ön plana çıxarılıb. Qeyd olunub ki, “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
“Güneş” qəzetinin “Adət pozulmadı” başlıqlı xəbərində bildirilir ki, prezidentlər İlham Əliyev və R.T.Ərdoğan arasında təkbətək görüş olub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki dövlət başçısı mətbuata birgə bəyanatla çıxış edərək dostluq və qardaşlıq mesajları veriblər.
İlham Əliyev Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyini diqqətə çatdırıb. Bildirib ki, biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir.
Bundan başqa, “Anadolu” xəbər agentliyi, “TRTHaber”, “AHaber”, “NTV”, “CNN Türk” kanallarında və bir çox xəbər agentliklərində dərc edilən və göstərilən xəbərlərdə də R.T.Ərdoğanın Azərbaycana rəsmi səfəri xüsusi qeyd edilib. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyi sarsılmaz və əbədidir. Azərbaycan Prezidenti Türkiyənin ən yaxın və səmimi dostudur.

Elçin CƏFƏROV,
“Azərbaycan”