Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncə radikalizmə meydan ola bilməz

12 İyul 2018
 

Gəncənin tarixində şanlı səhifələrdən biri də onun Azərbaycan Xalq  Cümhuriyyətinin ilk paytaxtı olmasıdır. Sovet dönəmindən sonra müstəqilliyin bərpasının ilk illərində isə şəhər az qala nadanların qurbanına çevriləcəkdi. Nə yaxşı ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin o məşəqqətli günlərində ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Xalqımızın təkidli tələb və çağırışlarına səs verən ümummilli lider Heydər Əliyev 4 iyun qiyamının qarşısını almaq üçün həyatını təhlükəyə atdı: Gəncəyə gedərək qardaş qırğınının qarşısını aldı. Daha ağır nəticələrə apara biləcək qiyamın yatırılması, şəhərin darmadağın edilməsinin qarşısının alınması Gəncənin sonrakı taleyini həll etdi.

Respublikanın ən iri və inkişafına görə xüsusi diqqət çəkən şəhərlərindən biri olan Gəncə tariximizin və mədəniyyətimizin qorunduğu qədim yaşayış məskənlərindəndir. Müqəddəs məkan kimi də bu qədim şəhər insanların daim üz tutub, ziyarət etdiyi torpaq olub.

Gəncə qədimliyini qorumaqla yanaşı, müasirliyi ilə də göz oxşayan şəhərlər sırasındadır. Təəssüf ki, bu qədim mədəniyyət beşiyi daim xarici  düşmənlərin və daxildə onları dəstəkləyən qara niyyətli ünsürlərin məkrli oyunlarına da şahidlik edib.

Belə ki, bu il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşına sui-qəsd edilib.

Qanlı hadisə bununla bitmədi. Bir həftədən sonra, daha dəqiq  desək, 2018-ci il iyulun 10-da, axşam saatlarında 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs yenidən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərdilər. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə baş vermiş  həmin iğtişaşla bağlı məlumat yaydı. Məlum oldu ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan, qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı İlqar Balakişiyev və Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Əslində,  bu, başıpozuq, dini-xurafata sürüklənmiş insanlardan ibarət dəstənin hakimiyyət orqanlarına basqını idi. Azərbaycan xalqı dövlətçiliyimizə, ölkəmizə, daxili sabitliyin qorunmasına yönəlmiş hərəkətləri daim pisləmiş və bunun icraçılarının cəzalandırılmasını tələb etmişdir. Hər hansı sosial narazılıqları bildirməyin sivil yolları var. Ancaq xəncərlə, kəsici alətlə icazəsiz mitinqlərə çıxmaq artıq digər daha ağır fəsadlar törədə biləcək hadisələrdən xəbər verir. Belə görünür ki, proseslərdə dövlətçiliyimizin mövcudluğunu sevməyən qüvvələrin əli var.

Biz belə çirkin niyyətli əməllərə qarşıyıq. Yəqin ki, cinayətkarlar layiqli cəzalarını alacaqlar. Müstəqil dövlətimizi qorumağa nəinki hüquq mühafizə orqanları, həm də xalqımız yekdilliklə hazırdır. Gəncədə hələ 1993-cü ilin 4 iyun qiyamında xalq öz sözünü  deyib. Xalq bu gün də bir qrup ekstremistin, dini-radikalların antiazərbaycan çağırışlarına qoşulmamaqla öz münasibətini göstərdi. Azərbaycana hər hansı vasitə ilə təsir göstərmək əbəsdir.

 

Mənsum İBRAHİMOV,

“Şöhrət” ordenli professor