Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Simsiz implant korluğun qarşısını almağa kömək edəcək

03 İyul 2018
 

Kaliforniya Texnologiya İnstitutunun (Caltech) tədqiqatçıları insan gözünə yerləşdirilən təzyiqölçən cihaz hazırlayıblar. Qurğu bir neçə il ərzində simsiz şəbəkə vasitəsilə xəstənin gözünün sağlamlığı barədə məlumatların ötürülməsi üçün nəzərdə tutulub.

AZƏRTAC “Naukatv” resursuna istinadən yazır ki, simsiz və yüksək həssaslığa malik cihaz ABŞ ekspertləri tərəfindən ən yeni mikroelektronika texnologiyalarının köməyi və oftalmoloqlarla sıx əməkdaşlıqda hazırlanıb. O, qlaukoma xəstəsi (göz daxilində yüksək təzyiqə görə görmə qabiliyyətinin tədricən itirilməsi) olan insanlara nəzarət məqsədilə yaradılıb. Qlaukoma korluğun yayılmasına görə kataraktdan sonra ikinci səbəb hesab edilir.

Bildirilir ki, bu gün göz təzyiqi tonometrlər vasitəsilə ölçülür, lakin bu metodun çatışmazlığı ondan ibarətdir ki, təzyiq xəstə həkimin yanında olan zaman bir dəfə ölçülür. Göz təzyiqi gün ərzində bir neçə dəfə dəyişir və bu səbəbdən həkimin əldə etdiyi məlumatlar dəqiq olmur. Prosedur, həmçinin, yerli anesteziyadan istifadəni tələb edir.