Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın həqiqi müstəqilliyi Milli Qurtuluş Günündən başlayır

13 İyun 2018
 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bir zamanda Qurtuluş gününün tarixi önəmi daha qabarıq şəkildə nəzərə çarpır. Çünki bir əsr bundan öncə mütərəqqi fikirli vətənpərvər Azərbaycan ziyalılarının əldə etdikləri, lakin sonadək gedə bilmədikləri azadlıq yolu yalnız 1993-cü ilin 15 iyunundan sonra dahi Heydər Əliyevin səyi nəticəsində öz məcrasına düşə bildi. Ona görə də əbədi və dönməz müstəqilliyimizin və dövlətçiliyimizin qarantına çevrilmiş bu tarix Azərbaycanın siyasi təqvimində ən əlamətdar günlərdən biri kimi öz layiqli yerini tutub.

Böyük dövlətçilik təcrübəsinə, fenomenal siyasi fəhmə malik ümummilli lider deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Tarix də bunu dəfələrlə sübut edib. Ötən əsrin sonlarında Azərbaycan Respublikası müstəqilliyini bərpa etməsinə baxmayaraq, həmin dövrdə ölkəyə rəhbərlik edən Xalq Cəbhəsi-Müsavat cütlüyünün səriştəsizliyi və hakimiyyətdaxili çəkişmələr fonunda yaranmış ağır ictimai-siyasi və sosıal-iqtisadi vəziyyət kardinal tədbirlərin görülməsini tələb edirdi. Məhz bu baxımdan Heydər Əliyev kimi möhkəm iradəli, qətiyyətli və cəsarətli bir liderin dövlət maşınının sükanı arxasına keçməsi bir zərurət kimi ortaya çıxmışdı. Baş alıb gedən dərəbəylikdən, anarxiyadan, ümidsizlikdən, maddi sıxıntılardan cana doymuş xalq xilas yolunu məhz bunda görürdü. Və zaman göstərdi ki, qədirbilən Azərbaycan xalqı öz seçimində yanılmamışdır, çünki ulu öndər ona göstərilən etimadı və bəslənən inamı öz fəaliyyəti ilə tez bir zamanda doğrultdu.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi əsrə bərabər həmin 10 il ərzində ölkəmiz milli dövlətçilik sahəsində böyük nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi və sosial-iqtisadi dayaqlarını möhkəmləndirərək beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Qısa zaman kəsiyində bütün sahələrdə nizam-intizam yaradılmış, qanunçuluğun bərpası, qanunvericilik, dövlətçilik və ordu quruculuğu istiqamətində mühüm addımlar atılmışdır. Müstəqilliyimizə birbaşa təhlükə kimi baş qaldıran separatizmin və özbaşınalığın aradan qaldırılması, Qarabağ savaşında dönüş nöqtəsi sayılan atəşkəs taktikasının tətbiqi, əfsanələri reallığa çevirmiş neft strategiyasının həyata vəsiqə alması, bir milyonluq qaçqın-köçkün ordusunun problemlərinin və digər taleyüklü məsələlərin həlli məhz nəhəng siyasi xadim Heydər Əliyevin polad iradəsi sayəsində mümkün olmuşdur.
Hələ yetərincə tanınmayan Azərbaycan Respublikasının beynəlxalq arenaya çıxarılması və onun dünyaya təqdim olunması istiqamətində gördüyü işlər ümummilli liderin xarici siyasət sahəsindəki titanik fəaliyyətini zənginləşdirən mühüm töhfələrdir. Azərbaycanın Avropa ailəsinin tamhüquqlu üzvü kimi qəbul edilməsi, ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunması da məhz Heydər Əliyevin ardıcıl diplomatik səylərinin nəticəsidir.
Bir sözlə, Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycana sabitlik və inkişaf gətirmiş və bununla da xalqımızın azad, firavan və xoşbəxt gələcəyinin təməli qoyulmuşdur. Düşünürəm ki, Qurtuluş gününün dövlətimizin və xalqımızın taleyindəki müstəsna əhəmiyyətini dərindən dərk etmək üçün tarixi gerçəkliklərdən çıxış etməklə, bu məsələyə daha geniş rakursdan baxmaq lazımdır. 1993-cü ilin 15 iyunundan etibarən Azərbaycan təkamül prinsiplərinə söykənən demokratik inkişaf, sabitlik və tərəqqi yolundadır. Bizimlə eyni dövrdə müstəqillik əldə etmiş, lakin bu günədək vassal kimi qalan və səfalət içində çapalayan Ermənistan, ölkəni xaosa sürükləyən inqilab burulğanlarından və separatçılıqdan çıxış yolu tapa bilməyən Ukrayna, beynəlxalq maliyyə dəstəyindən asılı qalmış və dost ölkələrin köməyinə ehtiyac duyan Gürcüstan, böyük enerji resurslarına malik olmasına baxmayaraq, öz ölkəsinin ən zəruri ehtiyaclarını ödəməkdə çətinlik çəkən Türkmənistan və digər postsovet respublikaları ilə müqayisəli təhlil onu göstərir ki, ölkəmizin ulu öndər tərəfindən dəqiqliklə ölçülüb-biçilmiş və dahi uzaqgörənliklə müəyyən olunmuş inkişaf strategiyası alternativi olmayan ən doğru seçimdir.
Qürurvericidir ki, Heydər Əliyev siyasi kursunun davamı bu gün ölkə Prezidenti cənab İlham Əliyevin şəxsində yeni, mütərəqqi islahatlar yolu ilə uğurla reallaşmaqdadır. Bu dövr müasir, sivil, qüdrətli, nüfuzlu, sözünün çəkisi və sanbalı olan Azərbaycanın timsalında beynəlxalq aləmə yeni nəsil dövlət modelinin təqdimatı ilə səciyyələnir. Bu gün bizim ölkəmizi tolerantlığın təşəkkül tapdığı, insan amilinin önə çəkildiyi, dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyədə formalaşdığı nümunəvi məkan kimi tanıyırlar.
Azərbaycanın bütün istiqamətlərdə əldə etdiyi uğurlar ən böyük dərdimiz olan Qarabağ probleminin həllinə də pozitiv təsir göstərir. Son illər həyata keçirilən hücum taktikası, 2016-cı il aprel döyüşlərinin nəticələri beynəlxalq aləmdə ikili standartlara qarşı təpkilərin, bu məsələdə ədalətli yanaşmaya meyillərin və Azərbaycanın haqlı mövqeyinin güclənməsinə səbəb olub.
Şübhə yoxdur ki, bütün bunlar məhz yüksələn xətlə davam edən Heydər Əliyev siyasətinə bağlı nailiyyətlərdir. Bu il aprelin 11-də növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevin möhtəşəm qələbəsi də ilk növbədə, xalq tərəfindən ulu öndərin ideyalarına verilən dəstəyin ifadəsi kimi başa düşülməlidir. Seçkinin nəticələri bu baxımdan həm də Heydər Əliyev dühasının məhsulu olan, inkişafin və uğurların ideoloji sütunu kimi formalaşmış və ümumxalq partiyasına çevrilmiş YAP-ın ölkə daxilində və beynəlxalq miqyasda qazandığı böyük siyasi nüfuzunun göstəricisidir.
Beləliklə, həyatımızın bugünkü reallıqları və sağlam düşüncə belə bir əminlik yaradır ki, xalqımızın nicat mücəssəməsinə çevrilmiş Qurtuluş günü dünyaya günəş kimi doğan Azərbaycanın tarixində taleyüklü dönüş nöqtəsi olaraq xoşbəxt və firavan həyatımızın zəmanəti kimi xalqımızın yaddaşından heç zaman silinməyəcək.

Bahar MURADOVA,
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri,
YAP İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru