Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Limanı öz layihələri barədə beynəlxalq şirkətləri məlumatlandırır

12 İyun 2018
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz layihələri barədə beynəlxalq şirkətləri məlumatlandırır.

AZƏRTAC xəbər verir ki, XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistica 2018) sərgisində iştirak edən liman həm stendi ilə, həm də fəaliyyəti ilə ziyarətçilərin diqqətini cəlb edib. Stendi ziyarət edən şəxslər Bakı Limanında yükləmə və boşaltma xidmətləri barədə məlumat alıblar. Ziyarətçilərə, həmçinin Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu beynəlxalq layihələr barədə də məlumat verilib.

Bildirilib ki, may ayının 14-də Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazası istifadəyə verilib. Liman ərazisində 100 hektarlıq sahədə Azad Ticarət Zonası yaradılır. Bu isə limanın gələcək perspektivini daha da artıracaq.

Qeyd edək ki, Bakı Limanının stendi sərginin "Ən orijinal stendi" mükafatına layiq görülüb.

Xatırladaq ki, "TransCaspian/Translogistica"-2018"də dünyanın 15 ölkəsindən 85 şirkət iştirak edir. Sərgi peşəkar ziyarətçilər üçün 11-13 iyun tarixində, tələbələr üçün isə iyunun 13-də açıq olacaq.

Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşlər, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli infrastruktur layihələri ilə yaxından tanışlıq, yeni müştərilərlə əlaqələr və təcrübə mübadiləsi baxımından unikal imkana malikdir.