Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib

08 İyun 2018
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, müxtəlif dövlət və hökumət qurumlarının, ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.

AMEA-nın prezidenti akademik Akif Əlizadə ümumi yığıncağı açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra akademik A.Əlizadə AMEA-nın beşillik fəaliyyətinə dair məruzə ilə çıxış edib.

AMEA-nın rəhbəri akademiyanın Rəyasət Heyətinin 2013-cü ildə seçilmiş tərkibinin beşillik fəaliyyət müddətinin başa çatdığını, bu dövrdə prioritet istiqamətlər üzrə bir sıra nailiyyətlər qazanıldığını bildirərək deyib: “Bu gün akademiya elmi problemlərin həlli ilə yanaşı, respublikamızın ictimai və iqtisadi inkişafında, strateji yol xəritələrinin həyata keçirilməsində yaxından iştirak edir”.

Akademiyanın prezidenti “Web of Science”, “Scopus”, “Google” bazaları üzrə yüksək statistik göstəricilər əldə edildiyini, tətbiqi tədqiqatların səmərəliliyinin əhəmiyyətli dərəcədə artırıldığını, elm və təhsilin inteqrasiyası, elektron elmin formalaşması istiqamətlərində mühüm addımların atıldığını, beynəlxalq elmi əlaqələrin genişləndiyini deyib.

Akif Əlizadə AMEA-da həyata keçirilən sosial proqramlardan, elmin populyarlaşdırılması istiqamətində fəaliyyətdən, hüquqi islahatlardan, ictimaiyyətlə əlaqələrin qurulmasında əldə edilən uğurlardan da söz açıb.

Akademik müasir dünyanın çağırışlarının, ölkəmizin inkişaf prioritetlərinin Azərbaycan elmi qarşısında yeni-yeni vəzifələr müəyyənləşdirdiyini vurğulayaraq deyib: “Azərbaycan alimləri kiber-fiziki sistemlər, molekulyar biologiya, molekulyar genetika, bioinformatika, texnologiyaların həyat proseslərinə kompleks tətbiqi, yaşıl təfəkkür, koqnitiv psixologiya, psixofizika, süni intellekt, neyrobiologiya, neyrofiziologiya və başqa elm sahələrində ən müasir tədqiqatların müəllifləri olmalıdırlar. Biz Azərbaycan alimləri bütün qüvvələrimizi səfərbər edərək bu məqsədə doğru inamla addımlamalıyıq”.

Akademiyanın prezidenti son beş ildə tətbiqi tədqiqatların səmərəliliyinin mühüm dərəcədə artdığını bildirib. Beş il əvvəl AMEA-da elm və istehsalat arasında əlaqələrin genişləndirilməsinin əsas prioritetlərdən biri kimi qəbul olunduğunu vurğulayan akademik qeyd edib ki, bu istiqamətdə ən mühüm uğurlardan biri Prezident İlham Əliyevin Sərəncamı ilə təcrübə-sənaye zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılmasıdır. Akademik dövlət başçısının bu Sərəncamının AMEA-nın elmi-texniki siyasətində köklü dəyişikliklərə səbəb olduğunu söyləyərək deyib: “AMEA-nın tarixində ilk dəfə olaraq müxtəlif kiçik tədqiqat biznesinin infrastrukturları yaradılıb. Yeni yağ növlərinin, məsafədən idarə edilən yerüstü, hava və sualtı robotlaşdırılmış qurğuların – dronların, müdafiə təyinatlı avadanlığın, kompüter stendlərinin, filiz və qeyri-filiz xammalın çıxarılması və işlənilməsinin, dərman və kosmetik məhsulların istehsalının yeni texnologiyalarının bazara çıxarılması reallaşıb”.

Akademik A.Əlizadə bildirib ki, hesabatın mətni təkliflərini bildirmək üçün əvvəlcədən əməkdaşlara paylanılıb.

Sonra AMEA-nın akademik-katibi Rasim Əliquliyev Akademiya Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair sualları cavablandırıb.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqənin yaradılmasıdır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi əsas hədəflərdən biri kimi nəzərdə tutulub ki, bu da elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılmasına diqqətin artırılmasını zəruri edib.

Nazir qeyd edib ki, elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Clarivate Analytics” (“Thomson Reuters”) şirkəti ilə 2015-ci ildən başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə, əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son dörd ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son üç ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı üzrə ən yüksək göstərici qeydə alınıb. İlkin təhlillərə əsasən 1118 elmi tədqiqat işinin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşür.

C.Bayramov Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 200-dən çox monoqrafiya, 800-dən artıq dərslik və dərs vəsaiti, 10 mindən çox elmi məqalə və məruzə nəşr olunduğunu diqqətə çatdırıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, aqrar sahədə elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi və nəticəyönümlülüyünün artırılması məqsədilə qabaqcıl təsərrüfatların, peşəkar təşkilatların, universitet nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi yanında Koordinasiya Şurası yaradılıb. Elmi-tədqiqat işlərinin stimullaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Əməkdaşlıq Protokolu imzalayıb və bir sıra özəl şirkətlərlə əlaqələr qurub. Bu sahədə əldə edilən elmi nailiyyətlərin həmin təşkilatların təsərrüfatlarında tətbiqi ilə bağlı razılıqlar əldə edilib.

Nazir diqqətə çatdırıb ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və onun strukturuna daxil olan elmi-tədqiqat institutları ilə AMEA-nın müvafiq sahə institutları arasında əlaqələrin günün tələbləri səviyyəsinə qaldırılması aktuallıq kəsb edir. Hazırda AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasına, innovativ texnologiyaların təsərrüfatlara transformasiyası istiqamətində birgə tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Həmçinin biotexnologiya, alternativ enerji resurslarından istifadə, məhdud torpaq və su resurslarına qənaət sahəsində birgə araşdırmaların aparılması böyük əhəmiyyət daşıyır.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, inkişaf strategiyasında elm və texnologiyalar mühüm yer tutur. Bu baxımdan qarşıda duran vəzifələrdən biri elmə, yüksək texnologiyalara əsaslanan istehsalın genişləndirilməsidir. Ölkəmizdə bu istiqamətdə ciddi addımlar atılır. Texnoloji parklar, sənaye zonaları, biznes inkubatorlar yaradılır və innovativ ideyaların dəstəklənməsi üçün imkanlar genişləndirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində fəaliyyət göstərən Pirallahı və Mingəçevir yüksək texnologiyalar parkları, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar və Milli Nüvə Tədqiqatları mərkəzləri bu məqsədlərə xidmət edir. Müasir avadanlıqla təchiz edilmiş Yüksək Texnologiyalar Mərkəzində alimlərimiz Xəzər neftindən istifadə etməklə nanoborular hazırlayıblar. Yeni nəsil LED lampaların hazırlanması istiqamətində də uğurlu nəticələr var və artıq sınaqlar həyata keçirilir.

Cari və perspektiv məsələlərin həllində Azərbaycan elminin mövcud potensialından səmərəli istifadə etmək üçün alimlərlə əməkdaşlıqdan danışan nazir deyib ki, regionun ən təhlükəsiz və müasir standartlara cavab verən Data Mərkəzi ölkəmizdə qurulub. Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TİER III yüksək təhlükəsizlik sertifikatı alıb, bu sahədə dünyanın ən aparıcı şirkətlərinin avadanlığı ilə təchiz olunub. 2017-ci ildən Data Mərkəzi tərəfindən dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə data və bulud texnologiyaları xidmətləri göstərilir. DATA Mərkəzi biznes və dövlət qurumları ilə yanaşı, elmi ictimaiyyətin də fəaliyyət dairəsinə uyğun xidmət göstərməyə hazırdır.

“Nazirlik Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və onun müvafiq institutları ilə sıx əməkdaşlıq edir. İnanırıq ki, bizim birgə əməkdaşlığımız ölkəmizin sosial-iqtisadi, eləcə də elmi-texnoloji inkişafına önəmli töhfə verəcək”, - deyə Ramin Quluzadə bildirib.

Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri akademik Teymur Bünyadov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış ediblər.

Tədbirdə ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın Rəyasət Heyətinin 2017-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib və hesabat təsdiqlənib.

Qərarda “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda əks olunmuş elmi-nəzəri, praktik və innovativ istiqamətlərdə vəzifələrin reallaşdırılması üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsi, beynəlxalq elmi əlaqələrin, eləcə də yüksək texnoloji bizneslə əməkdaşlığın genişləndirilməsi, AMEA-da magistrant və doktorant hazırlığının dünya elminə inteqrasiya olunan, ölkədə bilik iqtisadiyyatını inkişaf etdirən perspektiv elmi istiqamətlər üzrə aparılması və digər məsələlərlə bağlı müddəalar yer alır.

Sonra ümumi yığıncaqda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatları təqdim olunub.

Dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin aktual problemlərinə həsr edilmiş fundamental elmi tədqiqatlarına, Xəzər dənizində neft və qaz yataqlarının kəşf olunması və Azərbaycanda neft sənayesinin inkişafındakı əvəzsiz xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə və müasir plazma fizikasının yaradılmasına verdiyi fundamental elmi töhfələrinə, beynəlxalq kooperasiyalı kosmik texnologiyaların yüksək elmi nəticələrinə və Azərbaycanda kosmik texnologiyaların inkişafındakı böyük xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif ediliblər.

Yarımkeçiricilərdə elektrikkeçirmə mexanizminin aktual problemlərinə həsr olunmuş fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına mükafatlarına layiq görülüblər.

Qeyri-kovalent əlaqələrin, “dopinq” və “spayder” effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nanoquruluşların sintezi, müxtəlif mühitlərdə sabitləşdirilməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmova AMEA-nın akademik Yusif Məmmədəliyev adına, “Dünya palçıq vulkanları atlası” (Azərbaycan, rus və ingilis dillərində) adlı fundamental elmi əsərinə, eləcə də nadir təbiət hadisəsi olan palçıq vulkanlarının geologiyasının, geotektonikasının, geokimyasının və mineralogiyasının öyrənilməsi sahəsində çoxillik elmi fəaliyyətinə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan və Yaxın Şərqin erkən orta əsrlər tarixinin mənbəşünaslıq, regionun sosial-iqtisadi, siyasi-mədəni problemlərinin və tarixi coğrafiyasının tədqiqi, təhlili və təbliğinə görə akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatları verilib.

AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatına isə orijinal üslubu və elmi əsaslı təkraredilməz yaradıcılığı ilə müasir Azərbaycan rəngkarlıq məktəbini dünya səviyyəsində tanıtdığına görə Xalq Rəssamı Tahir Salahov layiq görülüb.

Daha sonra ümumi yığıncaqda AMEA-nın prezidenti vəzifəsinə və AMEA-nın Rəyasət Heyətinin üzvlüyünə seçkilər keçirilib.

Səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Akademik Akif Əlizadə 66 həqiqi üzvün səsini əldə edərək növbəti beş il müddətinə yenidən AMEA-nın prezidenti seçilib.

Akademiklər Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın yeni vitse-prezidentləri seçiliblər.

Seçkinin nəticələrinə görə, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev və Dilqəm Tağıyev yenidən AMEA-nın vitse-prezidentləri, AMEA-nın müxbir üzvü Bilal Bilalov Rəyasət Heyətinin üzvü vəzifəsini icra edən seçiliblər. Bundan başqa, səsvermə nəticəsində akademik Rasim Əliquliyev AMEA-nın akademik-katibi, akademiklər Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin, İsmayıl Hacıyev Naxçıvan Bölməsinin, Fuad Əliyev isə Gəncə Bölməsinin akademik-katibləri seçiliblər.

Bununla da, AMEA-nın ümumi yığıncağı başa çatıb.