Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu il Bakı məktəblərinin buraxılış siniflərini 48 mindən çox şagird bitirəcək

05 İyun 2018
2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini isə 19 192 şagird bitirəcək.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirəcək.

Cari tədris ilində BŞTİ-nin tabeliyində olan 307 ümumtəhsil məktəbində 15 844 sinifdə 404 542 şagird təhsil alıb.

2017-2018-ci tədris ilində paytaxt üzrə 263 ümumtəhsil məktəbində fəaliyyət göstərən 868 məktəbəhazırlıq qrupunu 24 129 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb olunacaq uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək.

2018-2019-cu tədris ili üçün paytaxtdakı ümumtəhsil müəssisələrinin I sinfinə mektebeqebul.edu.az saytı vasitəsilə 42 142 sorğu yerləşdirilib. Onlardan 38 642-si ümumtəhsil məktəbini, 3 500-ü lisey və gimnaziyanı seçib. 2018-2019-cu tədris ilində I sinfə 50 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumtəhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla cəmi 317 məktəb fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərində ümumilikdə 28 875 müəllim fəaliyyət göstərir.