Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondu uşaqlara nağıl kitabları hədiyyə edib

01 İyun 2018
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü müxtəlif məkanlarda qeyd olunub.

Fonddan AZƏRTAC-a bildirilib ki, “Ümid İşığında” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reabilitasiya kursu keçən uşaqlarla görüşdə balacalara sovqat təqdim olunub, nağıl kitabları hədiyyə edilib.

Həmin gün Astara şəhərinin Heydər Əliyev parkında da tədbir təşkil olunub. İştirakçılar yerli Bilik evinin “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Dərnəyin rəhbəri Cəmalə Məmmədova rəsmlər haqqında məlumat verib.

Növbəti tədbir Bilik Fondunun Abşeron rayon nümayəndəsi Teyyubə Hüseynovanın təşəbbüsü ilə onun direktor olduğu Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə gerçəkləşib. Təhsil ocağının VII-VIII sinif şagirdlərinin iştirak etdiyi tədbirdə Ombudsman Aparatının əməkdaşları – baş mütəxəssislər İlahə Əfqanlı və Murad Babayev uşaq hüquqları ilə bağlı qanunvericilikdə əksini tapan müddəalardan, bu sahədə hökumətin gördüyü işlərdən danışıblar.

İnteraktiv formada keçən tədbirdə məktəblilərə məlumat kitabçaları paylanılıb.