Dövlət sirri ilə bağlı qaydalar təkmilləşdirilir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət sirri ilə bağlı qaydalar təkmilləşdirilir

24 May 2018
 

Mayın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilmişdir. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlik barədə məlumat verəndən sonra altı qanun layihəsinə təklif olunan dəyişikliklər müzakirə edildi.

Bildirildi ki, “Dövlət sirri haqqında” qanuna əsasən sənədə “Məlumatın daşıyıcısına məxfilik qrifinin verilməsi ilə əlaqədar 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilməsinə görə onu hazırlamış struktur bölmənin rəhbəri məsuldur” məzmunlu 10.4-cü maddə əlavə ediləcək. Layihədə edilən dəyişikliklərə əsasən məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır. Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır. Dövlət sirri təşkil edən məlumatların məxfilik müddətinin uzadıldığı hal istisna olmaqla dövlət sirri təşkil edən məlumat daşıyıcıların məxfiliyi məlumat məxfiləşdirildiyi zaman müəyyən edilmiş müddətdən gec olmayaraq götürülməlidir.

“Sərhəd qoşunları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin 1-ci maddəsi yeni redaksiyada veriləcək. Belə ki, Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları (bundan sonra - sərhəd mühafizə orqanları) sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin ( bundan sonra - dövlət sərhədi) mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirilir. Bundan başqa, layihədə bir sıra texniki və redaktə xarakterli dəyişikliklər olunacaq.

“Mülki müdafiə haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən mülki müdafiə qüvvələrinin dövlət qulluqçularının qulluğu “Dövlət qulluğu haqqında” qanunla, digər mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Mülki müdafiə qüvvələrinin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Siyasi partiyalar haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən, Silahlı Qüvvələrdə qeyri-hökumət təşkilatlarının, eləcə də siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır.

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda isə bir sıra texniki və redaktə xarakterli dəyişikliklər olunacaq.

Müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”