Təhsil naziri Xızı şəhərində vətəndaşları qəbul edib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təhsil naziri Xızı şəhərində vətəndaşları qəbul edib

21 May 2018
Mayın 21-də təhsil naziri Ceyhun Bayramov Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda göstərilən rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.