Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kitabsevərlərə böyük töhfə

16 May 2018
 

Miniatür Kitab Muzeyinin eksponatları daha bir yeni kitabla zənginləşdi. Muzeyin təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahova “Heydər Əliyev. Təltiflər” kitabının ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə nəşr olunduğunu qeyd etdi.

Miniatür Kitab Muzeyi tərəfindən “İndigo” mətbəəsində 100 nüsxə tirajla çap edilən, ölçüsü 55x58 millimetr olan kitab 356 səhifədən ibarətdir. Miniatür kitabda 135 rəngli fotoşəkilə yer verilib. Kitaba üz tərəfdə ümummilli lider Heydər Əliyevin portreti və arxasında “95” rəqəmi qeyd olunan yubiley medalı əlavə olunub.

Zərifə Salahova Miniatür Kitab Muzeyinin respublika üçün əhəmiyyətini uzaqgörənliklə nəzərə alan ümummilli liderin muzeyin yaradılmasına böyük dəstək göstərdiyini vurğuladı. Qeyd etdi ki, Miniatür Kitab Muzeyininin kolleksiyasından 2913 kitabın “Ginnesin Rekordlar Kitabı”na salınması bu uzaqgörənliyin bariz nümunəsidir. Zərifə Salahova onu da diqqətə çatdırdı ki, 1995-ci ildən bəri Heydər Əliyevlə bağlı 36 miniatür kitab çapdan çıxıb.

“Heydər Əliyev. Təltiflər” miniatür kitabında ümummilli liderin təltif olunduğu orden və medallar, mükafatlar, layiq görüldüyü fəxri adlar haqqında məlumat toplanıb. Kitabda yazılır: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zəngin və mənalı həyatını büsbütün vətənimiz doğma Azərbaycanın çiçəklənməsinə və xalqımızın rifahına həsr edərək tutduğu bir-birindən uca vəzifələrdə Azərbaycan naminə fədakarlıqla çalışmışdır”. Daha sonra qeyd olunur ki, ulu öndərin əvəzsiz xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. Hələ sovet dövründə Heydər Əliyev müxtəlif ali orden və medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyü üçün anadan olduğu Naxçıvan şəhərində büstü qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyəti dövründə Heydər Əliyev dünyanın bir sıra dövlətlərinin orden və medallarına, eləcə də çoxsaylı elmi adlara, müxtəlif fəxri adlara və mükafatlara layiq görülmüşdü. “Heydər Əliyev. Təltiflər” miniatür kitabının “Heydər Əlirza oğlu Əliyev” bölməsində ulu öndərin mənalı ömür yolu haqqında məlumat verilir. Heydər Əliyevin təltif olunduğu ali orden və medallar, yüksək mükafatlar haqqında informasiyalar isə “Heydər Əliyevin təltif olunduğu SSRİ-nin orden və medalları”, “Orden və medallar”, “Fəxri elmi adlar”, “Fəxri adlar. Mükafatlar” bölmələrində toplanıb.

Miniatür Kitab Muzeyinin bölgələrdə də filialları fəaliyyət göstərir.  Naxçıvan filialında 1119, Gəncə filialında 1060, Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksindəki filialda 650 kitab yer alıb. Bu günlərdə oxuculara təqdim edilən,  “Heydər Əliyev. Təltiflər” miniatür kitabı həmin filialların da dəyərli kitabları arasında yer tutacaq.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”