Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların rəhbərlərinin illik iclası keçirilir

15 May 2018
 

Bakıda Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi Assosiasiyasının (ITSA, International Transportation Safety Association) himayəsi altında nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların rəhbərlərinin illik iclası keçirilir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1993-cü ildə yaradılan və indiyədək 16 araşdırma orqanından ibarət olan Assosiasiya ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Milli Komitəsi (NTSB), Kanadanın Nəqliyyat Təhlükəsizliyi Komitəsi (CTSB), Niderlandın Təhlükəsizlik Komitəsi (DSB), İsveç, Finlandiya, Norveç, Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, Hindistan, Yaponiya, Tayvan, Koreya Respublikası, Fransa, Sinqapur və Dövlətlərarası Aviasiya Komitəsinin simasında “Mülki aviasiya və hava məkanından istifadə üzrə Saziş”in iştirakçısı olan dövlətlərin nəqliyyat hadisələrinin araşdırma orqanlarını özündə birləşdirir.

Bu il iclasın keçirilməsi fəxri hüququnu almış Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi Bakı şəhərini görüşün keçirilməsi məkanı kimi təklif ediblər. Təklif Assosiasiyasının üzvü olan bütün dövlətlər tərəfindən məmnuniyyətlə dəstəklənib.

Tədbirin ilk günü qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunu ziyarət edərək yeni aerovağzal kompleksi “Terminal 1”in, “Silk Way Technics”, “Silk Way Business Aviation”, “Baku Cargo Terminal” və “Azəraeronaviqasiya” HHİ-nin (AZANS) fəaliyyəti ilə tanış olub.

İclasda nəqliyyatda təhlükəsizliyin təmin edilməsi sahəsində aktual mövzular, ağır hadisələrin araşdırılması nəticələri, nəqliyyatda təhlükəsizliyin artırılmasına yönələn tövsiyələrin işlənib hazırlanması və tətbiqi, belə tövsiyələrin dövlət orqanları tərəfindən implementasiyasının monitorinqi müzakirə olunur.

İclas iştirakçıları yeni texnologiyaların nəqliyyatda təhlükəsizliyə təsiri və hadisələrin araşdırılması zamanı bu təsirin nəzərə alınmasının vacibliyi mövzusunu müzakirə olunacaq mövzular sırasına daxil edib. Belə problemlərə pilotsuz nəqliyyat sistemlərinin artan tətbiqi, süni intellekt elementlərinin tətbiqi ilə infrastruktur və nəqliyyatın kompüterləşməsi, yeni naviqasiya, axtarış və xilasetmə və sair sistemlərin tətbiqi aiddir.

Belə yüksək səviyyədə görüş Azərbaycanın paytaxtında ilk dəfə keçirilir və iqamətgahı Bakıda yerləşən Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində regional əməkdaşlığın inkişafı strategiyasının həyata keçirilməsi çərçivəsində təşkil olunur. Bu strategiya ICAO və IATA-nın avianəqliyyatın əlçatanlığının artırılması, mülki aviasiya və uçuşların təhlükəsizliyinin təmin edilməsinin səmərəliliyi üzrə təşəbbüslərinin həyata keçirilməsinə yönəlib.

Azərbaycan Respublikası “Mülki aviasiya və hava məkanından istifadə üzrə Saziş”in tamhüquqlu üzvü olaraq və Aviasiya üzrə Dövlətlərarası Şurasının çox sayda beynəlxalq görüşlərin, seminarların, konfransların təşkili üzrə fəaliyyətinə imkan yaradaraq, bu gün mülki aviasiyada müasir innovativ üsulların və texnologiyaların tətbiqi sahəsində regionda aparıcı yer tutmaq istiqamətində ciddi cəhd göstərir.

Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi və “Azərbaycan Hava Yolları” aviaşirkəti iclasın keçirilməsində və təşkilində fəal iştirak edir.