Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yollar yay-turizm mövsümünə hazırlanır

15 May 2018
 

Abad yol rahatlıq, inkişaf və vaxta qənaət deməkdir. Bu baxımdan ölkəmizdə yol infrastrukturuna verilən dövlət dəstəyi xüsusi olaraq qeyd edilməlidir. Son illər ərzində  yolların tikintisi və yenidən qurulmasına dövlət büdcəsindən ayrılan vəsait bu sahənin inkişafında yeni mərhələnin əsasını qoyub.

İsmayıllı rayonundakı “9 №-li Yol İstismarı” MMC 86 kilometr respublika, 279 kilometr yerli əhəmiyyətli avtomobil yollarına, 23 körpüyə və digər yol qurğularına xidmət edir. MMC-nin sədri Məhəmməd Musayev bildirdi ki, son vaxtlar Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki və yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb: “Yollarda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün iş proqramı hazırlanıb. Bu çərçivədə Muğanlı-İsmayıllı avtomobil yolunun 0-12, 24-25, 27-29-cu kilometrlərində torpaq sürüşməsi nəticəsində yolun çiyinlərinə tökülmüş qrunt kütlələri yoldan kənarlaşdırılıb, hərəkət hissəsində əmələ gəlmiş qabarmalar, çökmələr aradan qaldırılıb, daralmış hissələr genişləndirilib. Eyni zamanda, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarının asfalt-beton örtüyündəki çalalar təmir olunub və çiyinləri hamarlanıb, sınmış siqnal dirəkləri yeniləri ilə əvəz olunub. Yolun kənarlarında yerləşən küvetlər, körpü keçidlərindəki çayların məcraları, suötürücü boruların giriş-çıxışları təmizlənib. Yol nişanlarının bir qismi yeniləri ilə əvəz edilib”. M.Musayev onu da əlavə etdi ki, ötən il Muğanlı-İsmayıllı avtomobil yolunun 0-30 kilometrində yolun hərəkət hissəsində qabarmalar frezlənmiş, asfalt-beton örtük qoyularaq təmir işləri aparılmış, sürüşmə nəticəsində daralmış hissələr genişləndirilmiş, torpaq kütlələri kənarlaşdırılmışdır.

Məlum olduğu kimi, keçən ilin may-iyun aylarında leysan yağışlar nəticəsində yollara ciddi ziyan dəymişdi. Belə ki, sel suları Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 35-46-cı kilometrdə yolun hərəkət hissəsinə külli miqdarda lil, qum, daş, çınqıl materialı toplanmış və bu yolda nəqliyyatın hərəkəti mümkünsüz olmuşdu. Eyni zamanda, sel suları nəticəsində Basqal-Sulut, Kürdüvan-Mücü, Basqal-Tağlabiyan-Kəlfərəc, Basqal-Qıçatan avtomobil yollarının çınqıl örtüyü yuyulmuş və nəqliyyatın hərəkəti üçün maneələr yaranmışdı. Qısa vaxtda onlar da aradan qaldırılmışdır. 

Yerli əhəmiyyətli Pirəbülqasım, Buynuz, Qoşakənd-Gənzə avtomobil yollarında da cari təmir işləri aparılıb. Magistral yoldan Yenikənd kəndinə qədər olan yola çınqıl döşənərək normal vəziyyətə gətirilib. Tircan-Sərdahar avtomobil yolu təmir işləri sayəsində  nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunub.     

Bahar fəsli yol işçilərinin iş ahəngini daha da artırıb. Hazırda qarlı-yağışlı havalar səbəbindən yollarda yaranmış qüsurların aradan qaldırılması istiqamətində tədbirlər görülür, cari və əsaslı təmir işləri aparılır. Məqsəd həm yerli sakinlərin, həm də tez-tez bölgəni ziyarət edən turistlərin rahatlığına nail olmaqdır.

 

Əli SƏLİMOV,

“Azərbaycan”