Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bədii gimnastlarımız Portuqaliyada uğurlu çıxış ediblər

14 May 2018
Beynəlxalq idman arenalarını fəth etməkdə davam edən bədii gimnastlarımızdan xoş xəbər bu dəfə Portuqaliyadan gəlib. Portimao şəhərində keçirilən “Challenge” seriyasına aid dünya kubokunda ölkəmizin bədii gimnastika üzrə qrup hərəkətləri komandası 3 dəfə fəxri kürsüyə qalxıb.

AZƏRTAC xəbər verir ki, bütün mümkün finallarda medal qazanan qızlarımız – Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova ilk olaraq çoxnövçülükdə fərqlənərək, iki kompozisiyanın nəticəsinə əsasən, bürünc medal əldə ediblər. Uğurlu çıxışları sayəsində komandamız hər iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin ediblər.

Turnirin sonuncu günü final çıxışlarını icra etmək üçün xalça üzərinə çıxan gimnastlarımız medal dəstini tamamlamağa müvəffəq olublar. Komandamızın halqalarla nümayiş etdirdiyi çıxışı gümüş medalla mükafatlandırılıb.

Növbəti - top və iplərlə final proqramını isə tam qüsursuz icra edərək, rəqiblərinə şans buraxmayan bədii gimnastlarımız dünya kubokunun qızıl medala sahiblənməklə, Azərbaycan himnini Portimao arenasında səsləndiriblər.