Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kəndimiz simasını dəyişir

13 May 2018
 

Ölkə Prezidentinin təşəbbüsü ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası kənddə yaşayan insanların da həyat tərzini dəyişir, onlara sevinc və rahatlıq gətirir. Götürək elə bizim Bağbanlar kəndini.

Bu kənd Biləsuvar rayonunun mərkəzindən 6-7 kilometrlik məsafədə yerləşir. Kənd başdan-başa bağ-bağat içindədir. Sakinləri işgüzar, zəhmətsevər və çalışqandırlar. Əkinçiliklə, maldarlıqla məşğul olurlar. Kənddə mindən çox təsərrüfat, 4 min 650 nəfər əhali var. Sakinlərə mədəniyyət evi, kitabxana, həkim məntəqəsi, poçt şöbəsi, 300 yerlik ATS, neçə-neçə ticarət və iaşə obyekti xidmət göstərir.

Kəndimiz  qazlaşdırılmışdır. Hər bir evdə “mavi alov” şölələnir. Bir neçə il əvvəl “modul” tipli su xəttinin istifadəyə verilməsi əhalinin hədsiz sevincinə səbəb olmuşdur. Elektrik enerjisi fasiləsiz verilir. Kəndarası yollar  abadlaşdırılmışdır. Bu günlərdə isə kəndimizi rayon mərkəzi ilə birləşdirən yolun 2,5 kilometrlik hissəsinə asfalt döşənməsi gediş-gəlişi daha da asanlaşdırmışdır. Dediyim odur ki, indi bu kənddə yaşamaq da xoşdur, işləmək də. Kəndimizin bu günü gözəldir. İnanırıq ki, onun sabahı bundan da gözəl olacaq.

Bilirik ki, bu rahatlığı bizə bəxş edən müdrik dövlət başçısı cənab İlham Əliyevdir. Elə buna görə də aprel ayının 11-də keçirilən prezident seçkilərində yekdilliklə ona səs verdik.

 

Araz CƏFƏROV,

Biləsuvar rayonu, Bağbanlar kənd tam orta məktəbinin müəllimi