Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“ADA” Universitetində məktəblilər arasında mühəndislik və robototexnika üzrə yarışa start verilib

12 May 2018
Mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışına başlanılıb.

AZƏRTAC xəbər verir ki, yarış Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və PAŞA Bank, Enginet və Təhsildə İnnovativ Texnologiyalar şirkətlərinin dəstəyi ilə keçirilir. “Hidrodinamika: suyun səyahəti” mövzusuna həsr edilmiş yarışda hər komandada dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayacaq.

Yarışın yekununda iştirakçılar medal və sertifikatlarla, müxtəlif kateqoriyalar üzrə qalib komandalar isə kuboklarla mükafatlandırılacaq. Çempion olan məktəb komandası isə iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallinndə keçiriləcək açıq beynəlxalq turnirdə iştirak edəcək.

Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL yarışı 1999-cu ildən bəri hər il təşkil edilir. Yarışın keçirilməsində məqsəd şagirdlərin elm və texnologiyalara marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.

FLL yarışına dünyanın 80-dən artıq ölkəsindən 250 mindən çox məktəbli cəlb edilir.