Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyev Partiyası - zəfər istinadgahı

09 May 2018
 

Bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycanın XX əsrin 90-cı illərində öz müstəqilliyini qorumasını, tarixin səhnəsində özünəməxsus yer tutmasını təmin edən başlıca amil ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət olub. 

Bu siyasət milli maraqlara əsaslanmaqla yanaşı, Azərbaycanı tənəzzüldən, xaos və parçalanmaq təhlükəsindən xilas edərək tərəqqi yoluna çıxarıb, perspektiv inkişafın konturlarını aydın müəyyənləşdirib.
Ümummilli lider Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti və əhəmiyyətini anlamaq üçün bir sıra məqamlara toxunmaq lazımdır. Əvvəla, Azərbaycanın xilası və intibahının təmin olunması üçün siyasi sabitliyin təmin olunması zəruri idi. Ümumiyyətlə, müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən mühüm nailiyyətlər məhz dinamik iqtisadi inkişaf və sarsılmaz ictimai-siyasi sabitliklə bağlıdır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda sabitlik təmin edildi, ölkəmizdə beynəlxalq inteqrasiya prosesinə qoşularaq iqtisadiyyatın və bütün sahələrin inkişafı istiqamətində sistemli tədbirlər görülməyə başlandı.
Digər tərəfdən, həmin dövrdə siyasi sistemin təşəkkülü və inkişafı istiqamətində həyata keçirilən tədbirlər də müstəsna əhəmiyyətə malik idi. Bu baxımdan, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətini xüsusi vurğulamaq lazımdır. YAP-ın fəaliyyəti ölkəmizdə ictimai-siyasi təsisatların siyasi sistemdə səmərəli təmsilçiliyinin uğurlu nümunəsini yaratmış oldu. YAP həm də sivil siyasi mübarizə forması və qaydalarının müsbət örnəyini yaratdı.
İnkaredilməz həqiqətdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mühüm tarixi xidmətlərindən biri məhz YAP-ın yaradılması idi. Yeni Azərbaycan Partiyası həmin dövrdə Azərbaycanı düçar olduğu xaos və anarxiyadan xilas etmək, ölkədə sabitlik və inkişafın yaradılmasını təmin etmək üçün xalqımızı milli maraqlar ətrafında birləşdirməyi bacardı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. Reallıqlar və proseslər göstərdi ki, YAP-ın yaranması tarixi zərurət idi. Partiya xilaskar bir missiya üçün yarandı və sonrakı dövrdə Azərbaycanı inkişaf yoluna çıxararaq parlaq gələcəyə apardı. YAP-ın yaradılması həm də Azərbaycanın siyasi sisteminin əsasının qoyulması demək idi.
Yeni Azərbaycan Partiyası yarandıqdan qısa müddət sonra xalqın inam və etimadını qazanaraq iqtidar partiyasına çevrildi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Bunun əsasında duran başlıca amil partiyaya rəhbərlik edən ümummilli lider Heydər Əliyevin xarizması və yüksək nüfuzu idi. Azərbaycan xalqı böyük dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və yüksək vətənpərvərlik mövqeyi əsasında ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaracağına dərin ümidlər bəsləyir və onun rəhbərlik etdiyi partiyaya sonsuz etimad göstərirdi. Bu inam və etimad özünü doğrultdu, ümummilli lider Heydər Əliyevin sədri olduğu partiya Azərbaycanın inkişafına, tərəqqi yolunda inamlı addımlarla irəliləməsinə müstəsna töhfələr verdi.
2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP sədrinin birinci müavini cənab İlham Əliyevin partiyanın sədri seçilməsi ilə təşkilatın həyatında yeni mərhələ başladı. Prezident İlham Əliyevin YAP-ın sədri seçilməsindən sonra partiyada əhəmiyyətli dərəcədə mühüm dəyişikliklər müşahidə olundu. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası öz fəaliyyətini məhz ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla davam etdirərək ölkəmizin inkişafında mühüm rol oynadı. III Qurultaya qədər partiyanın üzvlərinin sayı 360 min nəfərə yüksəlmişdisə, hazırda partiyamızın üzvlərinin sayı 700 mindən çoxdur. Bu, öz növbəsində xalqın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə verdiyi dəstəyin ifadəsi, eyni zamanda, YAP-ın cəmiyyətdə yüksək nüfuzunun göstəricisidir. Partiyanın yüksək nüfuzunu göstərən başlıca amillərdən biri də odur ki, 700 min nəfərdən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib. Prezident
İlham Əliyev diqqətə çatdırıb ki, son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.
Yeni Azərbaycan Partiyasının növbəti zəfəri 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində partiyamızın sədri cənab İlham Əliyevin möhtəşəm qələbəsi oldu. Xalqımız aprelin 11-də öz iradəsini ifadə etdi və Prezident İlham Əliyevə növbəti dəfə yüksək etimad göstərdi. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, ümummilli lider Heydər Əliyevin layiqli varisi İlham Əliyevin seçicilərin 86,02 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atması Azərbaycanın son 15 ildə keçdiyi inkişaf yoluna verilən adekvat qiymətdir. Bu qələbə Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinə mütləq inam və etimad bəslədiyini nümayiş etdirdi.
Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib. 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin - referendumun keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi. 2016-cı ilin 26 sentyabr tarixində isə ölkə Prezidenti, YAP-ın sədri İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum keçirildi. Bu prosesdə YAP “Yeni Azərbaycan” təşviqat qrupu yaradaraq referenduma çıxarılan məsələlərin cəmiyyətdə geniş təbliğatını həyata keçirdi. Bu ümumxalq səsverməsinin nəticələri də xalqın YAP sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə böyük dəstək verdiyini, partiyamızın cəmiyyətdə yüksək nüfuza malik olduğunu bir daha nümayiş etdirdi.
Hazırda Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük ictimai-siyasi təşkilatı olmaqla yüksək beynəlxalq nüfuza və geniş, çoxşaxəli əlaqələrə malikdir. Yeni Azərbaycan Partiyasının müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlərin inkişafı prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Vyetnam, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. Partiyamız 51 ölkənin təmsil olunduğu siyasi partiyaların Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində də mühüm tribuna əldə edib. Bununla yanaşı, YAP-ın Avratlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları genişdir və müxtəlif beynəlxalq qurumlarla inteqrasiya tendensiyaları dərinləşməkdədir. Xüsusilə, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan sağ partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP-ın təşkilatçılığı ilə Bakıda müxtəlif mövzularda keçirilən konfranslar partiyamızın beynəlxalq əlaqələrinin geniş coğrafiyasına və intensiv xarakterinə əyani misal ola bilər. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP ölkə daxilində alternativsiz ictimai-siyasi təşkilat, eləcə də siyasi sistemin lokomotiv gücü kimi çıxış edir. Partiyamız Azərbaycanın inkişafına layiqli töhfələr verir, öz fəaliyyətində xalqın ali mənafeyini və dövlətçilik maraqlarını əsas götürür. Bütün bunlar deməyə əsas verir ki, xalqın partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da öz fəaliyyətini uğurla davam etdirəcək, xalqın dəstəyi ilə növbəti qələbələr qazanaraq yeni zirvələri fəth edəcək, ölkəmizin inkişafına layiqli töhfələrini davam etdirəcək. Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində çıxışı zamanı ölkə Prezidenti, partiyamızın sədri
İlham Əliyev bu məqamlara toxunaraq diqqətə çatdırıb ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir: “Yəni bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.
Nəticə etibarilə, öz fəaliyyətini Azərbaycan xalqının və dövlətinin maraqlarının müdafiəsi prinsipi üzərində quran, ölkəmizin inkişafına layiqli töhfələrini verən, buna görə də ümumxalq partiyası kimi xarakterizə edilən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Partiyamızın 25 ildən çox müddəti əhatə edən fəaliyyət dövrü müstəqil Azərbaycanın siyasi tarixinin səhifələrində şərəf və qürur tarixi kimi yer alır.
Ümumxalq partiyası olan YAP ötən müddət ərzində Azərbaycan xalqının maraqlarının ifadəçisi, dövlətimizin inkişafına xidmət edən siyasətin hərəkətverici qüvvəsi olub. Bütün bu reallıqlar isə ümummilli lider Heydər Əliyevin zəfər partiyası olan YAP-ın yeni və daha möhtəşəm qələbələrə doğru əmin addımlarla irəlilədiyini göstərir.

Hüseyn PAŞAYEV,
YAP Siyasi Şurasının üzvü,
YAP Mətbuat Xidmətinin rəhbəri