Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AZƏRBAYCAN ZİRVƏSİ

04 May 2018
 

Xalq son prezident seçkilərində Heydər Əliyev kursuna - İlham Əliyev missiyasına növbəti dəfə böyük sədaqət, yüksək etimad və səmimi ehtiram nümayiş etdirdi

 

Hər bir xalq onun gələcək inkişaf yolunu müəyyən edən seçki prosesi vasitəsilə taleyini inandığı, etibar etdiyi siyasi qüvvəyə etibar edir. Seçkilərdə uğur qazanaraq hakimiyyət olimpinə yüksəlməsi isə bu qüvvənin konkret zaman kəsiyində həyata keçirdiyi siyasətin mahiyyətindən asılı olur. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasət daim ictimai etimad qazanır, dəstəklənir.
Son 25 ildə Azərbaycanda çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirilən, əməli fəaliyyətə söykənən, hər bir vətəndaşın maraqlarını uca tutan ümummilli siyasətin 2018-ci ilin 11 aprel seçkilərində ümumxalq dəstəyi ilə müşayiət olunması da məhz bu reallıqlarla şərtlənmişdir. Ötən illərdə ölkəmizin qazandığı böyük uğurları gündəlik həyatında hiss edən orta statistik azərbaycanlının növbəti prezident seçkiləri ilə bağlı seçimi də dəyişməz olaraq qalmış, xalqımızın mütləq əksəriyyəti məhz Heydər Əliyev siyasi kursuna - İlham Əliyev missiyasına etimad göstərmişdir.
Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə qazanılan inanılmaz uğurlar xalqın alternativsiz və prinsipial seçimini təmin etmişdir. 2003-cü ilin oktyabrından ötən müddətdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, vətəndaşların mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, çevik idarəçilik məharətinə, fədakar əzmə, qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirmişdir.
Ötən dövrdə respublikamızın inanılmaz sosial, iqtisadi, siyasi, diplomatik uğurları, habelə əvvəlki illərdə əsası qoyulmuş qlobal layihələrin davam etdirilməsi zərurəti ictimai rəyin düzgün və birmənalı seçiminə təsir etmiş, səsvermədə iştirak edənlərin 86,02 faizi ən çətin sınaqlardan üzüağ çıxaraq özünü tam təsdiqləmiş komandanın zəfərinə səs vermişdir.
Əslində, hələ seçkilərdən xeyli əvvəl həm yerli, həm də əcnəbi siyasi analitiklər Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin parlaq qələbə qazanacağını əminliklə proqnozlaşdırırdılar. Bu əminlik sadəcə, əhalinin müxtəlif qrupları arasında keçirilmiş rəy sorğularının obyektiv nəticələrinə deyil, həm də milli inkişaf modelinin ölkəyə gətirdiyi dividendlərə, insanların həyat tərzində hiss olunan konkret makroiqtisadi göstəricilərə əsaslanırdı. Başqa sözlə, 11 aprel seçkilərinin nəticələri konkret real əməli fəaliyyətə əsaslanan əsil siyasətin zəfəri olmuşdur.
Müstəqil Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuş son seçkilər nəticə etibarilə cəmiyyətin mənafelərini özündə ehtiva edən, ölkəni dinamik inkişaf yoluna çıxaran Heydər Əliyev siyasi kursunin alternativsizliyini bir daha sübuta yetirmişdir. Bu da təsadüfi deyildir ki, dövlətimizin başçısı aprelin 18-də Milli Məclisdə təşkil olunmuş andiçmə mərasimində Heydər Əliyev siyasi kursunun davam etməsini milli inkişaf baxımından növbəti dəfə bəyan etmişdir: “Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Anadan olmasının 95-ci ildönümü respublikamızda böyük təntənə ilə qeyd edilən ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf strategiyası müstəqil Azərbaycanın hərtərəfli yüksəlişinə ən ciddi təminatdır. Xatırlatmaq lazımdır ki, hələ 1993-cü ilin ikinci yarısından etibarən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızın milli inkişaf modelinin formalaşması prosesini daha da sürətləndirmişdir. Ulu öndər ilk gündən özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev böyuk strateq olaraq Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
1995-2003-cü illərdə Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında demokratik ənənələrin mənimsənilməsi, sivil Qərb dəyərlərinə inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində mühüm uğurlara nail olmuşdur. Həmin illərdə həyata keçirilən mütərəqqi islahatların başlıca qayəsini məhkəmə-hüquq sisteminin, prokurorluq, polis, ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, qanunların aliliyinin təmin olunması məsələləri təşkil etmişdir. Həmin dövrdə insan hüquqları üzrə bir sıra mühüm konvensiyalara, sazişlərə qoşulan, Avropa Şurasının tamhüquqlu üzvünə çevrilən Azərbaycanda Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, söz, mətbuat, fikir, vicdan azadlıqlarının, çoxpartiyalı sistemin, şəffaf və azad seçki qanunvericiliyinin təmin edilməsi demokratik inkişaf yolunda qazandığımız mühüm nailiyyətlərdəndir.
Böyük öndərin siyasi uzaqgörənliyinin, prinsipiallığının və iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan vermişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır.
Hər bir müstəqil dövlətin gələcək inkişafında onun xarici siyasət hədəflərinin düzgün müəyyənləşdirilməsi mühüm rol oynayır. 1993-2003-cü illərdə dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yeritmiş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Respublikamız ötən illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda demokratikləşmə xəttinə, Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə Qərbin diqqətini cəlb etmiş, Avropa məkanında etibarlı tərəfdaş imici qazanmışdır.
Ulu öndər Heydər Əliyev birləşdirici lider kimi respublikamızdan kənarda güclü diaspor və lobbi təşkilatlarının formalaşdırılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Ümummilli liderin vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərini daha da dərinləşdirməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının kecirilməsi, bu sahədə dövlət siyasətini həyata keçirən ayrıca komitənin yaradılması milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini təsdiqləmişdir.
Ümummilli liderin şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmaq qürurunu, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyev bütün zəngin və mənalı ömrünü Azərbaycan üçün yaşamış, fədakar həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da umummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqət çəkir. “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” - deyən ulu öndər azərbaycançılıq ideyasının ictimai şüurda möhkəm intişar tapmasına nail olmuşdur.
Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi inkişaf yolu xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalır. Hazırda onunla təsəlli tapırıq ki, bu uğur magistralında bizə ulu öndərin ən layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir.
Müasir dünyada iqtisadi inkişaf potensialı hər bir dövlətin gücünü müəyyən edən başlıca amildir. Bu reallıqdan çıxış edən cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, ölkənin və xalqın bütün problemlərinin, - sosial çətinliklərin aradan qaldırılmasından tutmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək, - hər bir maneənin dəf edilməsinin ən optimal yolu məhz iqtisadi tərəqqidən keçir.
Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə qazandığı yüksək nəticələr dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qıza zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirmişdir.
Cənab İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə, onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin, yoxsulluğun tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi məsələləri son 15 ildə dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir.
Xatırladaq ki, əgər 2003-cü ilədək Azərbaycan iqtisadiyyatında əsas ağırlıq neft-qaz sənayesinin cəmləşdiyi paytaxt Bakı şəhərinin üzərinə düşürdüsə, ötən 15 ildə regionların inkişafı istiqamətində atılan ardıcıl addımlar tamamilə fərqli mənzərə yaratmış, 2004-2008, 2008-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bölgə əhalisinin həyat keyfiyyətini inanılmaz dərəcədə yüksəltmişdir. Bunun nəticəsidir ki, indi bölgələrdəki rayon və şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı arasında kəskin fərq hiss olunmur. Həmin proqramlar nəticəsində regionların tərəqqisinə 50 milyard manatadək vəsaitin yatırılması inkişafdakı tarazlığı təmin etmişdir. Yalnız onu demək kifayətdir ki, 2018-ci ildə Azərbaycanın 33 şəhər və rayonu mərkəzdən dotasiya almadan yaşayır və özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1 milyondan artıq iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi də Prezident İlham Əliyevin “Mən hər bir vətəndaşın prezidenti olacağam” vədinə sadiqliyinin əyani təcəssümüdür.
Ümumilikdə 2003-2017-ci illərdə respublikamızda ümumi daxili məhsul real həcmdə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə artmışdır. 2003-cü ildə Azərbaycanın cəmi 1,3 milyard manat təşkil edən dövlət büdcəsi son 15 ildə 13,5 dəfə artaraq 2018-ci ildə 20 milyard manata çatmış, strateji valyuta ehtiyatlarımız 26,6 dəfə artaraq 44 milyard manata yüksəlmişdir.
Hər bir ölkədə hökumətin fəaliyyətinin səmərəlilik əmsalı xalqın sosial rifah səviyyəsi ilə ölçülür. Mübaliğəsiz deyə bilərik ki, tarixin heç bir mərhələsində Azərbaycan insanının sosial durumu indiki kimi yaxşı olmamışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, onun real həcmi 2,4 dəfə, banklardakı əmanətləri 30 dəfə artmışdır.
Azərbaycan ötən 15 ildə kifayət qədər iddialı görünən sosial layihələri reallaşdırmaqla sosial rifah dövləti olduğunu isbatlamışdır. Bu baxımdan respublikamızın 95 faizdən çox ərazisinin qazlaşdırılması, regionlarda içməli su probleminin həlli, müasir yolların çəkilməsi, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, eləcə də vətəndaşların sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması, əhalinin qaza və suya olan borclarının silinməsi, çadır düşərgələrinin ləğvi, yoxsulluğun, işsizliyin minimuma endirilməsi, sosial evlərin inşası kimi sosial tədbirləri xüsusi qeyd etmək olar.
Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin artdığını göstərir. Ötən dövrdə iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunmuş, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaratmışdır. Prezident İlham Əliyev iclasdakı dərin məzmunlu nitqində demişdir: “2017-ci il sabitləşmə ili olubdur. Qeyri-neft sektorunun inkişafında çox müsbət nəticələr olmuşdur. Ancaq 2018-ci ilə gəldikdə, şübhəsiz qeyd edirdim ki, bu, uğurlu və sürətli inkişaf ili olacaqdır. Birinci rübün yekunları, sosial-iqtisadi göstəriciləri mənim sözlərimi təsdiqləyir. Beləliklə, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir”.
Nazirlər Kabinetinin iclasında açıqlanmış rəqəmlər bir daha göstərir ki, Azərbaycan iqtisadiyyatı üçün böhran mərhələsi artıq geridə qalmışdır. Birinci rübdə ölkəmizdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10 faiz artmışdır və bu da son illər ərzində aparılan sənayeləşmə siyasətinin məntiqi nəticəsidir. 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatları ölkəmizdə aparılan uğurlu neft strategiyasının nəticəsi kimi diqqət çəkir.
Uğurlu nəticələr cənab İlham Əliyevin antiböhran strategiyasının məntiqi göstəricisidir. Bu strategiya Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun şəkildə neftdən asılı olmadan, ixracyönümlü və dayanıqlı inkişafına etibarlı zəmin formalaşdırır. 2014-cü ilin ortalarından etibarən dünya iqtisadiyyatını iflic edən qlobal böhran dalğası qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsi prosesində Azərbaycana tormozlayıcı amil olmamışdır. Böhranın ən pik mərhələsi sayılan 2015-2016-cı illərdə Azərbaycan üçün müəyyən çətinliklər yaransa da, hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər səmərə vermiş, nəticədə bir çox makroiqtisadi parametrlər üzrə inkişafa nail olunmuşdur.
Dövlət başçısının siyasi iradəsi ilə həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, böhranın milli iqtisadiyyata şok təsirlərinin aradan qaldırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir. Bu məqsədlə son 3 ildə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının, habelə ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın və sahibkarların hüquqlarının qorunması məqsədilə Apelyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin genişləndirilməsi; sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması reallaşdırılmışdır.
Son illərin ən ciddi nailiyyətlərindən biri qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcə yüksək olmasıdır. Bu fakt göstərir ki, “Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir” deyən dövlət başçısı İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi siyasət artıq real nəticələrini verməyə başlayır. Başqa sözlə, müstəqil respublikamız dünya iqtisadiyyatında neftin qiymətlərinin geosiyasi maraqlar çərçivəsində müəyyənləşdiyi hazırkı mərhələdə enerji resurslarından asılılığı tamamilə minimuma endirmək məramını açıq ifadə edir.
Cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclasında neft amilindən asılılığın tamamilə azaldılmasını ölkəmiz üçün prioritet məsələlərdən biri olduğunu xüsusi vurğulamışdır: “Bəzi hallarda sual yaranır ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu islahatlar davam etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin. Giriş sözümdə qeyd etdiyim kimi, bu ilin birinci rübündə biz 2,2 milyard dollar əlavə vəsait toplamışıq. Ona görə, bu il də iqtisadi islahatlar davam etdiriləcək. Nəinki iqtisadi və bütün digər sahələrdə islahatlar aparılacaqdır ki, ölkəmiz daha da güclənsin, müasirləşsin və Azərbaycanda dayanıqlı uzunmüddətli inkişaf təmin edilsin”.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır. Son üç ildə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.
Xüsusi vurğulamaq lazımdır ki, 2018-ci ilin 11 aprel seçkiləri ölkədə siyasi liberallaşma və modernləşmə proseslərini daha da sürətləndirməklə, səmərəli, şəffaf və hesabatlığa əsaslanan dövlət idarəçilik sisteminin formalaşmasına yeni imkanlar açmış, hakimiyyət komandasına yeni ruh və müasirlik çalarları gətirmişdir. Cənab İlham Əliyevin səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən həyata keçirdiyi struktur və kadr islahatları sistem islahatlarının yeni mərhələsinə yaxşı imkanlar açmışdır. Hökumət komandasındakı son təyinatlar dövlətimizin rəhbərinin idarəetmə sistemində şəffaflığı, səmərəliliyi, hesabatlığı təmin etmək istəyinin bariz təcəssümüdür.
Xatırlatmaq yerinə düşər ki, 2016-cı ilin 26 sentyabrında keçirilmiş ümumxalq referendumu ilə Azərbaycanda vitse-prezident postlarının təsis olunmasını, 2017-ci ilin fevralında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması ölkəmizin dövlət idarəetmə sistemində mütərəqqi yeniliklərin əsasını qoymuşdur. Azərbaycanın birinci xanımının bu strateji posta ən layiqli namizəd olduğunu cəmiyyətdə mütləq çoxluq etiraf edir və ölkə rəhbərinin təyinatını ölkəmizin hazırkı və gələcək inkişaf perspektivləri baxımından vacib sayır. Təkcə bu səbəbdən ki, istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Milli Məclisin deputatı olaraq Mehriban xanım Əliyeva əvvəlki dövrlərdə də insan amilini daim uca tutmuş, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərin möhkəm əsaslarla intişar tapmasına çalışmışdır.
UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva əzmkar fəaliyyəti ilə həm də Heydər Əliyev irsinin təbliğinə və gələcək nəsillərə çatdırılmasına, ümummilli liderin həyata keçməyən böyük arzularının, ideallarının gerçəkləşməsinə çalışmışdır. Heydər Əliyevin parlaq şəxsiyyətinə, xarakter cizgilərinə, ideallarına yaxından bələd olması Mehriban xanım Əliyevaya ümummilli liderin zəngin ideya-siyasi irsinin yaşadılması və təbliği kimi bir çətin missiyanın öhdəsindən layiqincə gəlməyə imkan verir. Eyni zamanda bu məqam onun Birinci vitse-prezident vəzifəsində də uğurlu idarəçiliyinə təminat yaradır.
Ümumiyyətlə, Heydər Əliyev Fondunun prezidentinin ötən 14 illik fəaliyyətində cəmiyyətin ən həssas sahələrinə yüksək diqqət və həssas münasibət olmuşdur. Həyata keçirilən layihələr Heydər Əliyev Fondunun sosial və humanitar sahədə fəaliyyətinin miqyasının nə qədər geniş olduğunu, bu fəaliyyətin təkcə Azərbaycan sərhədləri çərçivəsində məhdudlaşmadığını göstərir. Bunun nəticəsidir ki, ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparan fond reallaşdırdığı xeyirxah və nəcib layihələrlə ölkəmizdən kənarda da insanların hədsiz inam və etimadını qazanmışdır.
Azərbaycanın Birinci vitse-prezidentinin çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə, habelə mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində səmərəli layihələrin həyata keçirilməsinə, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yönəlmişdir. Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə, ümumən Heydər Əliyev Fondunun işinə yaradıcı münasibəti ulu öndərin adını daşıyan bu təşkilatın fəaliyyətində kifayət qədər geniş spektri əhatə etməsini şərtləndirən ən mühüm amillərdən biridir.
Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə dövlət başçısı kimi həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən birini cəmiyyətin sosial sahəsi təşkil etmişdir. Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas istiqamətini ulu öndərin sosial siyasət kursunun həyata keçirilməsi təşkil edir və bu sahədə reallaşdırdığı uğurlu layihələr bunu əyani şəkildə sübut edir. Fond 14 illik fəaliyyəti ilə ölkəmizdə sosial siyasətin uğurla reallaşdırılmasına layiqli töhfələrini vermişdir.
Bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi, habelə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə reallaşdırılan islahatların nəticəsi olaraq əldə olunan böyük nailiyyətlər paytaxtın Nərimanov rayonunda da özünü qabarıq göstərir. Son illər müasir tikinti-inşaat meyarları əsasında, yüksək estetik zövqlə həyata keçirilən, vətəndaşlarda yüksək razılıq doğuran genişmiqyaslı abadlıq-quruculuq tədbirləri Nərimanov rayonunun simasını əsaslı dərəcədə dəyişmişdir. Mühüm inşaat layihələrinin uğurla gerçəkləşdirilməsi nəticəsində rayonun küçə və meydanları, prospektləri, parkları, istirahət məkanları, yolları abadlaşmış, əksər yaşayış və inzibati binalarının fasadları müasir görkəm almışdır.
Möhtərəm Prezidentin birbaşa təşəbbüsü və himayəsi sayəsində son dövr ərzində Nərimanov rayonunda mühüm obyektlərin tikintisinin təməli qoyulmuş və inşası uğurla başa çatdırılmışdır. Cənab İlham Əliyevin birbaşa təşəbbüsü ilə təməli qoyulan, şəxsi nəzarəti altında inşa edilən bu obyektlər Nərimanov rayonunun simasını daha da müasirləşdirmiş və gözəlləşdirmiş, əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsində mühüm rol oynamışdır. Dövlət başçısı Nərimanov rayonuna və sakinlərimizə son 15 il ərzində çoxsaylı səhiyyə və təhsil müəssisələri, yol ötürücüləri və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, istehsalat müəssisələri, yeni inzibati binalar bəxş etmişdir. Heydər Əliyev Mərkəzinin unikal memarlıq üslubundakı inzibati binası bütövlükdə müstəqillik tariximizin ən möhtəşəm tikililərindən biridir.
Bəli, ulu öndərin dövlətçilik ideyalarını fəaliyyətində daim rəhbər tutan möhtərəm Prezident İlham Əliyev qısa zamanda Azərbaycanın möhtəşəm nailiyyətlərə imza atmasını, dünyada sayılıb-seçilən, habelə öz sözü, müstəqil mövqeyi olan modern dövlətə çevrilməsini təmin etmişdir. Azərbaycan ölkə rəhbərliyinin yüksək və idarəçilik keyfiyyətləri sayəsində ildən-ilə inkişaf edir, qarşıdakı strateji hədəflərə doğru inamla irəliləyir.
11 aprel seçkilərinin ən parlaq nəticəsi də bundan ibarətdir ki, yürüdülən siyasətin uğurlarını gündəlik həyatında hiss edən hər bir Azərbaycan insanı sabahına böyük inamla, ruh yüksəkliyi ilə baxır.
Bu isə Heydər Əliyev irsinin möhtəşəm təntənəsi, böyük zəfəridir...

 

Abdin FƏRZƏLİYEV,
YAP Siyasi Şurasının üzvü