Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kamal Abdullanın “Yarımçıq əlyazma”sı tələbələrin müzakirəsində

03 May 2018
Bakı Mühəndislik Universitetində akademik Kamal Abdullanın tələbələrlə görüşü keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı müzakirə olunub. Yazıçının romanlarının dil-üslub və poetik imkanları, ideya və struktur estetikası haqqında məlumat verilib. Kamal Abdulla “Yarımçıq əlyazma”nın yazılma prosesi və romana olan reaksiyalar barədə ətraflı söhbət açıb.

Söhbət əsnasında auditoriyanın maraq dairəsinə uyğun olaraq “Gizli Dədə-Qorqud”, “Yarımçıq əlyazma” və “Kitabi-Dədə Qorqud” poetikasına giriş” əsərlərinin arasındakı əlaqə də müzakirə edilib. Tələbələr “Yarımçıq əlyazma” romanı haqqında müxtəlif səpkili məruzə ilə çıxış ediblər və yazıçıya suallar veriblər.

Universitetin professor-müəllim heyəti, tərbiyə işləri üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadə, pedaqoji fakültənin dekanı, dosent İslam Hüseynov, professor Akif Hüseynli və baş müəllim Ülvi Babasoy da müzakirədə iştirak ediblər. Roman haqqında mühazirə oxuyan Akif Hüseynli Kamal Abdulla yaradıcılığında intellektual nəsrin poetik imkanlarının genişliyini vurğulayıb.

Sonda Kamal Abdulla auditoriyadan razı qaldığını, bu tip müzakirələrin əhəmiyyətli olduğunu bildirib, iştirakçılara və universitet rəhbərliyinə təşəkkür edib.