Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni təhsil proqramları üzrə onuncu sinif şagirdləri üçün keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır

28 Aprel 2018
Mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanında yalnız hazırda 10-cu sinifdə təhsil alan şagirdlər iştirak edə bilərlər.

Sınaq imtahanına qeydiyyat aprelin 30-u saat 10.00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda üç imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq: birinci blok – riyaziyyat, fizika, kimya; ikinci blok – riyaziyyat, coğrafiya, tarix; üçüncü blok – Azərbaycan (rus) dili, tarix, ədəbiyyat; dördüncü blok – biologiya, kimya, fizika.

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, səkkizi isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan üçü yazılı cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Qeyd edək ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları yeni təhsil proqramları (kurikulumlar) üzrə keçiriləcək. Həmin qəbul imtahanlarının, Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bu sınaq imtahanı modelinə uyğun təşkil olunması nəzərdə tutulur.

Sınaq imtahanlarında qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az saytında “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 manat yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından faydalanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan vaxtı, yeri seçilir. Daha sonra şəxsiyyəti təsdiqləyən sənədin məlumatları, imtahan verəcəyiniz bölmə, imtahan bloku seçilir və “Qeydə al” düyməsi basılır. “Qeydə al” düyməsini basdıqdan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap etmək olar.