Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yevlaxda yaz-tarla işləri geniş vüsət alıb

15 Aprel 2018
 

Yevlax rayonunda yaz-tarla işlərinin qızğın çağıdır. Yayda, payızda bol məhsul götürmək üçün bütün qüvvələr səfərbərliyə alınıb. Kəndli fermerlər və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 4259,5 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 6 hektarı qarğıdalı, 2,5 hektarı darı, 100 hektarı günəbaxan, 6 hektarı çuğundur, 96,5 hektarı kartof, 117,5 hektarı tərəvəz, 25 hektarı bostan bitkiləri, 3906 hektarı təzə yoncadır.

Aqrar bölmədə olduqca mühüm əhəmiyyət kəsb edən yaz-tarla işlərində “Aqrolizinq” ASC-nin texnikaları fəal və mütəşəkkil iştirak edir. Cəmiyyətin Yevlax regional nümayəndəliyinin direktoru Sədaqət Ağayevin bildirdiyinə görə nümayəndəlikdə olan 21 ədəd traktor, 3 ədəd pambıqyığan maşın və 25 ədəd taxılyığan kombayn il boyu fermerlərə yüksək səviyyədə xidmət göstərir. 2018-ci ilin pambıq səpininə hazırlıq işləri ilə əlaqədar min hektara yaxın sahədə şum işləri aparılıb. Çiyid səpiləcək sahələrdə mala işləri görülür. Kultivatorlar hazır vəziyyətə gətirilib. Cari ilin birinci rübündə fermer və torpaq mülkiyyətçilərinə min tondan çox mineral gübrə və tələb olunan qədər kimyəvi maddələr güzəştli şərtlərlə verilib.

Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Pambıqçılıqla məşğul olan fermerlər çiyid səpininə hazırlaşır. Artıq pambıq səpini üçün 2038,1 hektar əkin sahəsi hazırlanıb. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir.