Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni Azərbaycan Partiyası seçkilərə qeyri-obyektiv qiymət verilməsini qətiyyətlə pisləyir

14 Aprel 2018
 

Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının ilkin hesabatı ilə əlaqədar açıqlama yayıb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir: “2018-ci il aprel ayının 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilib. Prezidentliyə 8 namizədin iştirakı ilə keçirilən seçkilərin müxtəlif mərhələsi və səsvermənin gedişi 60 minə yaxın yerli və 804 beynəlxalq müşahidəçi tərəfindən izlənilib. 59 ölkəni, 61 beynəlxalq təşkilatı əhatə edən beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yüksək qiymətləndirdiyi seçkilər haqqında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının kəskin fərqlənən ilkin hesabatla çıxış etməsi təəccüb doğurur. İlkin yaranan təəssürat bundan ibarətdir ki, sanki yuxarıda qeyd olunan təşkilatlar Azərbaycandakı seçki deyil, hansısa başqa bir seçki barədə hesabat hazırlayıblar. Hesabatın qeyri-obyektivliyinə, qərəzli olmasına, faktlara, reallığa məhəl qoyulmamasına heç nə ilə haqq qazandırmaq mümkün deyil. Belə bir vəziyyət hesabatda əks olunan əsassız, qüsurlu və birbaşa qərəzli iddialarla əlaqədar hər hansı diskussiyaya yer qoymur.

Seçkilərdə 86,03 faiz səs çoxluğu ilə qalib gəlmiş fəaliyyətdə olan Prezident İlham Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyası olaraq biz ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabatı qeyri-obyektiv və qərəzli hesab edirik, azad, şəffaf və düzgün şəraitdə keçirilən seçkilərə bu cür qiymət verilməsini qətiyyətlə pisləyirik.

Hər bir seçkinin demokratikliyi, obyektiv və şəffaf olması onun əhalinin siyasi iradəsini ifadə etməsi dərəcəsi ilə ölçülür. Digər tərəfdən, seçkilərə ən həssas və doğru qiyməti onun əsas iştirakçıları – namizədlər verə bilər. Seçki prosesinə qoşulan və qalib gələ bilməyən namizədlərin hər biri qalib gələn namizədi təbrik etməklə seçki prosesinin obyektivliyini etiraf edib. Xalqın və seçkilərə qoşulan namizədlərin obyektivliyini və şəffaflığını yekdil şəkildə etiraf etdiyi seçkilərin guya hansısa pozuntularla müşayiət olunduğunu iddia etmək qeyri-ciddiliyin və açıq qərəzliliyin aydın təzahüründən başqa bir şey deyil.

Yeni Azərbaycan Partiyası ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyasının elan etdiyi ilkin hesabatda əksini tapmış qeyri-obyektiv və qərəzli iddiaları, o cümlədən Yeni Azərbaycan Partiyasının təşkil etdiyi təşviqat kampaniyalarında administrativ resurslardan istifadə olunması, insanların zorla mitinqlərə gətirilməsi barədə həqiqətlə heç bir əlaqəsi olmayan müddəaları qətiyyətlə rədd edir və missiyanın yekun hesabatda açıq-aşkar qeyri-obyektivliyi və faktlara etinasızlığı aradan qaldıracağına, Azərbaycan seçicilərinin iradəsinə hörmətlə yanaşacağına ümidvar olduğunu bəyan edir”.