Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Futbol üzrə Azərbaycan kuboku: “Keşlə” və “Neftçi” ilk oyunda qələbə qazanıblar

12 Aprel 2018
 

Aprelin 12-də futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk oyunda “Keşlə” komandası “İnter Arena”da “Səbail” klubunu qəbul edib. Matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. “Keşlə”nin heyətində Sezar Meza Kolli matçın əsas vaxtına əlavə edilən hissənin 2-ci dəqiqəsində komandasına qələbə qazandıran topu rəqib qapısından keçirib – 1:0.

Digər oyunda isə gözlənilməz nəticə qeydə alınıb. “Qəbələ” komandası doğma meydanda “Neftçi” klubuna 1:2 hesabı ilə məğlub olub. “Neftçi” komandası 29-cu dəqiqədə Lukas Qomezin qolu ilə hesabı açıb. İlk hissənin sonunda - 44-cü dəqiqə Namiq Ələsgərov hesab arasındakı fərqi artırıb – 0:2.

Qəbələlilər yalnız oyunun əsas vaxtına əlavə edilmiş hissənin 1-ci dəqiqəsində Stiven Monrozun qolu ilə hesab arasındakı fərqi azaltmağa nail ola biliblər.

Beləliklə, “Keşlə” və “Neftçi” futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsində qələbə qazanmaqla cavab qarşılaşmaları üçün sərfəli nəticə əldə ediblər.