Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səyyar briqadalar Qusarın kəndlərində əhalinin kütləvi tibbi müayinəsini davam etdirir

10 Aprel 2018
 

Yüksəkixtisaslı həkimlərdən ibarət səyyar briqadalar Qusar rayonunun kəndlərində əhalinin kütləvi tibbi müayinəsini davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müayinələr aprelin 10-da 1200 nəfərdən çox əhalinin yaşadığı Kuzunqışlaq kəndində həyata keçirilib. Yaşayış məntəqəsinin sakinləri elektrokardioqramma, UZİ, laborator müayinələr və digər tibbi xidmətlərdən pulsuz yararlanmaq imkanı qazanıblar.

Kəndlərdə müayinələri həyata keçirmək üçün 4 həkim briqadası ayrılıb. Bu vaxta kimi Qusar rayonunun 36 kəndində yoxlamalar başa çatıb. Mayın 12-dək rayonun daha 37 kəndində tibbi müayinələr həyata keçiriləcək.

Səyyar həkim briqadasının üzvü Marusa Orucova bildirib ki, xəstəlik aşkar edilmiş şəxslər yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunur. Tibbi müayinələrin keçirilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, beləliklə də əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına xidmət edir.

Müayinələrdən keçən Beykəs və Cavid Bəyovlar AZƏRTAC-a müsahibələrində yaradılmış şəraitdən, həkimlərin qayğıkeş münasibətindən razılıqlarını bildiriblər.

Qusar rayonu üzrə fevralın 12-dən etibarən 37 min 505 sakin kütləvi tibbi müayinələrə cəlb edilib. Onlardan 306 nəfər stasionar, 4 min 696 nəfər isə ambulator müalicəyə cəlb olunub. Tibbi yoxlanışda iştirak edənlərdən 58 nəfəri müalicəsini davam etdirmək üçün paytaxtda yerləşən ixtisaslaşdırılmış səhiyyə ocaqlarına göndərilib.